Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-28/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X4 X6” MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “istifadə edilməmiş məzuniyyətə görə pulun və son haqq-hesabın ödənilməsi”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclası katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X4 X6” MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyətə görə pulun və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. İddiaçı cavabdeh “X4 X6” MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyətə görə pulun və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 01 iyun 2015-ci il ildən 22 noyabr 2022-ci il ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, eləcədə son haqq-hesabın cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə (sonuncu) məhkəməyə müraicət edərək, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövr arasında istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin, son haq-hesab olaraq 3500 manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Əlavə olaraq iddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, auditor xidməti üçün tələb olunan 500 AZN xidmət haqqının ödənilməsinə dair öhdəliyin cavabdeh “X4 X6” MMC-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 iyun 2015-ci il tarixindən cavabdeh təşkilat olan “X5 X6” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi əsasında işləyib və 2022-ci ilin 22 noyabr tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən müəssisə ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilib. Cavabdeh təşkilatda 2015-ci ildən işləsə də, onlar əmək haqqının nağdsız qaydada kart vasitəsilə ödənilməsinə Vergi Xidməti tərəfindən cərimələyəndən sonra, yəni 2017- dən keçib. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2ci hissəsinə əsəsən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəblərindən və əsaslarından asılı olmayaraq istifadə olunmamış əmək məzuniyyətinə görə mənə pul əvəzi ödəməli idi. Lakin cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və bütövlükdə son haqq-hesab hesablanaraq ona ödənilməyib. Bu hal cavabdehə xidmət göstərən bankın verdiyi hesabdan çıxarışla da təsdiq edilir. Belə ki, o, 01 iyun 2015-ci il ildən 22 noyabr 2022-ci il tarixədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməyib və işəgötürən onunla son haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətimə görə pul əvəzi hesablamayıb və ödəməyib. Bunu həmin dövrlər üzrə "xxxx" ASC-dən verilmiş hesabdan çıxarışla təsdiq edilir. Qeyd olunmalıdır ki, tələbi istifadə etmədiyi məzuniyyət günlərinə görə işəgötürən tərəfindən ona müvafiq pul kompensasiyasının ödənilməməsi ilə bağlıdır. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi cavabdeh tərəfindən son haqq-hesab verilərkən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilməyib. Onu da qeyd etmək istəyir ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmayıb.
5. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci ildə iddia müddətini tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, fərdi əmək müqabisələri üzrə iddia müddəti 1 ildir. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilməsini nəzərər alaraq son 1 il ərzində hesablanmış məbləğ həddində iddia tələbi təmin edilə bilər. Hesab edirlər ki, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməli və xx.xx.2021-ci il tarixindın xx.xx.2022-ci il tarixinədək olan müddətə hesablanmış “istifadə edilməmiş məzuniyyətə görə pulun və son haqq-hesabın ödənilməsi hissəsində təmin edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlı 296-cı maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən 2(007)-28/2025 saylı iş üzrə 23.09.21-ci ildən əvvəlki dövr üzrə iddia müddətini tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh müəssisədə işlədiyi müddətdə hər ay 450-500 manat əmək haqqı alırdı. Amma sənədlərdə minimum əmək haqqı göstərilib. Ona əmək haqqı əlbəəl ödənilirdi, əmək haqqı kartı isə cavabdehdə idi. Məhkəmədən mütəxəssis rəyinin nəzərə alınmasını xahiş edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçıya işlədiyi müddət üçün son haqq-hesab ödənilib və mütəxəssisdən son bir il üçün hesablanma aparılması ilə bağlı sual yaranmışdı. İddiaçı işlədiyi son bir il üçün pul tələb edə bilərdi. Əvvəlki illər üzrə iddiaçı ilə hesablaşma aparılıb, iddiaçı ödənilən ödənişlərlə bağlı hesabdan çıxarışlar təqdim edilib. İddiaçıya 2022-ci ilin sentyabr ayında işlədiyi günlərə və həmin ilin iş ili üçün işlədiyi müddət üçün hesablanmış məzuniyyət haqqı ödənilib. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək haqqı katından çıxarışdan görünür ki, iddiaçı son haqq-hesab ödənilib. Mütəxəssis son bir il üçün 264,75 manat hesablayıb və onların ödədiyi məbləğlə mütəxəssis ödədiyi məbləğ arasında fərq yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
8. xx.xx.2025-ci ildə cavabdehin nümayəndəsinin vəsatətinə əsasən dindirilmiş mütəxəssis X1 bildirmişdir ki, rəyi müdafiə edir və əlavə olaraq bildirir ki, cavabdeh tələb olunan pulun hesablanması üçün sənəd təqdim edə bilmirsə, hesab edirlər ki, hesablanma aparılmayıb. Ona görə də, hesablamanı minimum əmək haqqına uyğun aparıb. İddiaçının istifadə etmədiyi iş illərinə görə son haqq-hesabının məbləği 1431,69 manatdır. Əmək Məcəlləsinə görə işçi istifadə etmədiyi iş illərinə görə istər 3 il, istərsə də 5 il işləsə belə kompensasiya ala bilər.
İş materialları:
9. ИТ-İ № ******* saylı nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı “X4 X6” MMC-də xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.
10. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00235 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak edib, lakin aralarında razılıq əldə olunmayıb. 50 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
11. Məhkəməyə "xxxx" ASC tərəfindən tərtib edilmiş çıxarışlar təqdim olunmuşdur.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, onun "X5 Trading" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "X5 Trading" MMC-nin ünvanına **********0 saylı xx.xx.2022-ci il tarixli (SS816538995AZ) məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yaşamır” qeyd edilərək məktub geri qaytarılmışdır. Bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkalıq sahəsində aparılan yoxlamalar xx.xx.2023-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququn vardır.
13. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı "X5 Trading" MMC-də xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 170 manat təşkil etmişdir (sistemə daxil edilmə tarixi xx.xx.2017).
14. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı "X5 Trading" MMC-də xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 265 manat təşkil etmişdir (sistemə daxil edilmə tarixi xx.xx.2019).
15. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı "X5 Trading" MMC-də xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 350 manat təşkil etmişdir (sistemə daxil edilmə tarixi xx.xx.2021).
16. "X5 Trading" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 5 saylı və xx.xx.2024-cü il tarixli 16 saylı arayışlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "X5 Trading" MMC firmasında sürücü vəzifəsindən öz xahişi ilə işdən azad edilib. Sentyabr ayında 19 gün işlədiyi üçün hesablanmış əmək haqqı 252,56 AZN (əmək haqqı 350 AZN), 7 gün istifadə edilməmiş məzuniyyət haqqı olduğu üçün 80,59 AZN son haqq-hesab hesablanıb, cəmi 333,15 AZN ödənilib.
17. Məhkəmənin qərardadına əsasən Auditorlar Palatasının üzvü olan "xxxx" MMC tərəfindən aparılmış yoxlamaların nəticələrinə dair xx.xx.2025-ci il tarixli 06 nömrəli məlumatdan görünür ki, İddiaçı işdən azad edilərkən aşağıdakı sənədlər tərtib olunmalı idi: İşdən çıxma ərizəsi; Məzuniyyət əmrləri; İş vaxtının uçotu tabeli; İşdən azad edilmə əmri (işdən çıxma səbəbi və istifadə etmədiyi məzuniyyət günlərinin sayı göstərilməklə). Yuxarıda göstərilən sənədlər və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edilmiş rüblük hesabatlar (3-cü rüb 2021, 4-cü rüb 2021, 1-ci rüb 2022, 2-ci rüb 2022, 3-cü rüb 2022 üçün) məhkəmə işinə əlavə edilmədiyindən İddiaçı məzuniyyət hüququndan (əmək məzuniyyəti) istifadə edib-etmədiyini müəyyən etmək mümkün deyil. Bu sənədlərin mövcud olmadığı və ya işəgötürən “X5 X6” MMC tərəfindən məhkəməyə təqdim etmədiyi təqdirdə İddiaçı “X5 X6” MMC tərəfindən MMC-də işlədiyi müddət ərzində (xx.xx.2017xx.xx.2022-ci il tarixləri üzrə) yerinə yetirdiyi əmək funksiyalarına görə ona aşağıdakı kimi son haqq-hesab hesablanmalı və ödənilməli idi: 1 il üçün məzuniyyət hüquqi günlərin sayı -21 gün (qulluqçu kateqoriyasına aid olmadığı üçün); 1 ay üçün məzuniyyət hüquqi günlərin sayı -1,75 gün (21/12); orta günlük məzuniyyət - 0,06 gün (1,75/30,4); xx.xx.2017 - xx.xx.2022-ci il tarixləri aralığı üçün məzuniyyət günlərinin sayı - 113 gün (5 il, 4 ay, 7 gün); 01 sentyabr 2021-ci il tarixindən 31 avqust 2022-ci il tarixinədək hesablanmış cəmi əmək haqqı- 4155,42 manat; bu dövr üçün orta aylıq əmək haqqı - 346,29 manat (4155,42 manat /12 ay); məzuniyət günü üçün əmək haqqı - 11,39 manat (346,29 manat / 30,4); İstifadə edilməyən məzuniyyət məbləği - 1287,07 manat (11,39 manat * 113 gün); xx.xx.2022-xx.xx.2022-ci il dövrü üçün hesablanmış əmək haqqı 333,15 manat (350/20,08*19). Cəmi hesablanmalı olan son haqq-hesab - 1620,22 manat (1287,07+333,15). Bu məbləğdən tutulmalar aşağıdakı kimidir: Sosial ayırma 3% - 148,02 manat; İşsizlikdən sigorta 0,5 % - 8,10 manat; İcbari tibbi sigorta 2% - 32,40 manat Cəmi tutulma - 188,53 manat. Cəmi ödənilməyən son haqq-hesab məbləği - 1431,69 manat (1620,22-188,53). Nəticədə onu bildirilər ki, İddiaçı Məzahinı oğlunun əmək məzuniyyəti hüququndan istifadə etdiyini təsdiq edən əlavə təsdiqedici sənədlər (tabel, əmr, DSMF hesabatı) cavabdeh “X5 X6” MMC tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, Məhkəmə, İddiaçı 1431,69 (min dörd yüz otuz bir manat, 69 qəpik) manat son haqq-hesab məbləğinin cavabdeh tərəfindən ödənilməsini tələb edə bilər.
İşin faktiki halları:
18. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “X4 X6” MMC-də xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. “X5 X6” MMC ilə İddiaçı arasında Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2017-ci il tarixli xxxxxxx000300 №-li bildirişə əsasən işçinin aylıq əmək haqqısı 170 manat, xx.xx.2018-ci il tarixli xxxxxxx000301 №-li bildirişə əsasən işçinin aylıq əmək haqqısı 170 manat, xx.xx.2019-cui il tarixli xxxxxxx000302 №-li bildirişə əsasən işçinin aylıq əmək haqqısı 265 manat, xx.xx.2021-ci il tarixli xxxxxxx000304 №-li bildirişə əsasən işçinin aylıq əmək haqqısı 350 manat təsdiq edilmişdir. Hazırda İddiaçı “X4 X6” MMC-dən istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin, son haq-hesab olaraq 3500 manat pulun ödənilməsini xahiş edir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsininn 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172-ci maddəsinin:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə, proses iştiraçılarının izahatlarını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Tərəflər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onlar arasında razılıq əldə edilməmiş və bu barədə arayış tərtib edilmişdir.
23. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir və əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Hazırda cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmiş və iddiaçının ancaq işlədiyi son bir il üçün son haqqhesab tələb edə biləcəyini qeyd etmişdir.
24. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
25. Bununla belə, həmin məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
26. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı tələblə bağlı iddia müddəti tətbiq edilə bilməz və belə ki, iddiaçıya hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
27. İş materiallarından görünür ki, məhkəmə tərərfindən iş üzrə məhkəmə mühasibatlıq- ekspertizası təyin edilmiş, həmçinin müvafiq hesablanmaların aparılması haqqında qəraradad qəbul edilmiş, lakin dəfələrlə cavabdeh şirkətə yazılı və şifahi formada müraciət edilməsinə baxmayaraq, ekspert vəsatəti ilə tələb olunan sənədlərin hamısı məhkəməyə yaxud ekspertiza mərkəzinə təqdim edilməmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
29. Hazırda cavabdeh məhkəməyə iddiaçıya məxsus əmək haqqı kartından hesabdan çıxarışlar təqdim edərək, iddiaçı son haqq-hesab ödənildiyini qeyd etmişdir, iddiaçı isə əmək haqqı kartının ümumiyyətlə ona verilmədiyini və cavabdeh tərəfindən əmək haqlarını əlbəəl aldığını bildirmişdir. Məhkəmə tərəfindən iddiaçı məxsus olan əmək haqqı kartının kimə və nə vaxt təhvil verilməsi, həmçinin əmək haqqı kartından edilən nağdlaşdırma əməliyyatları barədə videogörüntülər və s. tələb edilib, videogörüntülərin saxlanılma müddəti bitdiyi üçün məhkəməyə təqdim edilməsi mümkün olmamış, təhviltəslim aktlarından isə görünür ki, iddiaçıya məxsus olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kart cavabdehin nümayəndəsi Rəhimə Eynullayeva tərəfindən təhvil alınıb. Cavabdeh xx.xx.2022-ci il tarixdə açılan kartın iddiaçıya təhvil verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, həmçinin iddiaçı cəmiyyətdə işdən azad edildikdən sonra onun adına xx.xx.2022-ci ildə kart hesabın açılması və həmin kartın cavabdehə təqdim edilməsi halı qeyri-müəyyən hal hesab edilmişdir.
30. Məhkəmə tərəfindən iş materialların olan sübutlar əsasında iddiaçıya ödənilməli olan son haqq-hesabın məbləğinin müəyyən edilməsi məqsədi ilə müvafiq hesablanmaların aparılması Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilmiş və Auditorlar Palatasının üzvü olan "xxxx" MMC tərəfindən aparılmış yoxlamaların nəticələrinə dair xx.xx.2025-ci il tarixli 06 nömrəli məlumatla müəyyən edilir ki, İddiaçı işdən azad edilərkən tərtib olunmalı sənədlər məhkəmə işinə əlavə edilmədiyindən iddiaçının məzuniyyət hüququndan (əmək məzuniyyəti) istifadə edib-etmədiyini müəyyən etmək mümkün deyil. Bu sənədlərin mövcud olmadığı və ya işəgötürən “X5 X6” MMC tərəfindən məhkəməyə təqdim etmədiyi təqdirdə İddiaçı “X5 X6” MMC tərəfindən MMC-də işlədiyi müddət ərzində (xx.xx.2017-xx.xx.2022-ci il tarixləri üzrə) yerinə yetirdiyi əmək funksiyalarına görə ona 1431,69 manat son haqq-hesab hesablanmalı və ödənilməli idi. Nəticədə onu bildirilər ki, İddiaçı Məzahir oğlunun əmək məzuniyyəti hüququndan istifadə etdiyini təsdiq edən əlavə təsdiqedici sənədlər (tabel, əmr, DSMF hesabatı) cavabdeh “X5 X6” MMC tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə, İddiaçı 1431,69 (min dörd yüz otuz bir manat, 69 qəpik) manat son haqq-hesab məbləğinin cavabdeh tərəfindən ödənilməsini tələb edə bilər.
31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Məhkəmə iş materiallarında olan və məhkəməyə təqdim edilmiş sübutları, cavabdeh tərəfindən məhz iddiaçıya son haqq-hesab ödənilməsinə dair zəruri sübutlar təqdim edilməməsini, cavabdeh tərəfindən məhkəmə tətqiqinə sübutların natamam təqdim edilməsini və Auditorlar Palatasının üzvü olan "xxxx" MMC tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “X4 X6” MMC-dən 1431,69 manat ödənilməmiş son haqq-hesab tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
33. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
34. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddianın təmin olunan hissəsi üzrə 34,31 manat dövlət rüsumu ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
36. Bundan əlavə, məhkəməyə mütəxəssis tərəfindən təqdim edilmiş məlumata və “Audit xidmətləri göstərilməsi barədə” müqavilə nümunəsindən görünür ki, aparılmış hesablanmaların dəyəri 500 manat təşkil edir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən aparılmış müvafiq hesablanmaların dəyəri olan 500 manat manat haqqın 295,5 manatı iddiaçıya, 204,5 manatı cavabdehə aid edilməli və onlardan tutularaq BERC AUDİT” MMC-nin hesabına ödənilməlidir. Nəticə:
38. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X4 X6” MMC-dən 1431,69 manat ödənilməmiş son haqq-hesab tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu dövlət büdcəsinə aid edilməli, iş üzrə keçirilmiş müvafiq hesablanmaların dəyəri olan 500 manat məbləğində pulun 295,5 manatı İddiaçı və 204,5 manatı cavabdeh “X4 X6” MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: ********** Bank rekvizitləri: Adı: Access Bank QSC, 20 Yanvar filialı VÖEN: ********** Bank kodu: 507309 H/H: AZİ 1ACAB******************** M/H: AZ 10NABZ******************** SWİFT: ACABAZ22) ödənilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X4 X6” MMC-dən 1431,69 manat ödənilməmiş son haqq-hesab tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. İş üzrə keçirilmiş müvafiq hesablanmaların dəyəri olan 500 manat məbləğində pulun 295,5 manatı İddiaçı və 204,5 manatı cavabdeh “X4 X6” MMC-dən tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: ********** Bank rekvizitləri: Adı: Access Bank QSC, 20 Yanvar filialı VÖEN: ********** Bank kodu: 507309 H/H: AZİ 1ACAB******************** M/H: AZ 10NABZ******************** SWİFT: ACABAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva