Məhkəmə qərarları › İş №2(007)-2825/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2825/2021

14.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2825/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aidiyyət qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Qanunvericiliyə görə idarə hüquqi şəxs olmadığından, hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərdiyindən, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinə qarşı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsi səbəbindən iddia ərizəsini məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişdir, iddiaçının buna əsası iddia ərizəsinə əlavə etdiyi “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat”da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinin hüquqi ünvanının ünvan 3ur, hansı ki, həmin ünvan cavabdehin deyil, “vergi uçotu orqanı” olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi ünvanıdır. Məhkəmə araşdırması zamanı qeyd olunan elektron sistemdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinin hüquqi ünvanının Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsi barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, hesab edirəm ki, qeyd edilən nöqsana görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanı aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar