Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2835/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında “Kia Optima” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 sentyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək 1 (bir) günü 30 (otuz) manat olmaq şərtilə 36 (otuz altı) gün müddətinə icarəyə verilməsinə dair 30 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Avtomobilin icarə haqqına görə 1140,00 (min yüz qırx) manat məbləğində borcun tələb edilməsinə dair cavabdehə 02 fevral 2021-ci il tarixli 023 №-li və 12 aprel 2021 -ci il tarixli 038 №-li pretenziya ilə müraciət edib 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişlər. Ümumi 1140,00 (min yüz qırx) manat məbləğdən 40 (qırx) manat məbləğində cəriməni tələb etmədiklərindən cavabdehin borcu 1100 (min yüz) manat təşkil edir. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Cavabdeh 30 sentyabr 2019-cu il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1-ci bəndinin tələbini pozmuşdur. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Həmin ziyan aşağıdakı kimidir: Nəqliyyat vasitəsinin icarə müqaviləsinə görə cavabdeh tərəfindən ödənilməyən 1100 (min yüz) manat və cavabdehin borcunun ödənilməsi üçün məhkəməyə ödədikləri 30 (otuz) manat məbləğində dövlət rüsumu da ondan tutulmalıdır. Cavabdeh icarə müqaviləsinə görə 1100 (min yüz) manat və dövlət rüsumuna görə 30 (otuz) manat və ümumilikdə 1130 (min yüz otuz) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh icarə müqaviləsinə görə 1140 (min yüz qırx) manat və dövlət rüsumuna görə 30 (otuz) manat və ümumilikdə 1170 (min yüz yetmiş) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığı əsasında məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin, ona əlavə edilmiş yol vərəqəsinin, 370121 saylı invoysun və təhvil-təslim aktının surətlərindən görünür ki, “Kia Optima” markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 sentyabr 2019-cu il tarixdən 05 noyabr 2019cu il tarixədək 1 (bir) günü 30 (otuz) manat olmaq şərtilə 36 (otuz altı) gün müddətinə Cavabdeh icarəyə verilmiş, bu barədə yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. -İddiaçı MMC-nin 02 fevral 2021-ci il və 12 aprel 2021-ci il tarixli bildirişlərindən və həmin bildirişlərə əlavə edilmiş kuryer xidmətləri üçün mədaxil qəbzlərinin kötüyündən görünür ki, icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar ödənişlərin həyata keçirilməməsi nəticəsində 1140 manat məbləğində borcun könüllü qaydada ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir; - 02 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Kia Optima” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 sentyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək 1 (bir) günü 30 (otuz) manat olmaq şərtilə 36 (otuz altı) gün müddətinə icarəyə verilməsinə dair 30 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Avtomobilin icarə haqqına görə 1140,00 manat məbləğində borcun tələb edilməsinə dair cavabdehə 02 fevral 2021-ci il və 12 aprel 2021-ci il tarixli pretenziya ilə müraciət edib 3 gün müddətində İddiaçı MMC-nə gəlib ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin borcun ödənilməsi üzrə müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl olunmamış, iddiaçının xəbərdarlıqlarına, pretenziya məktublarına baxmayaraq müvafiq borc məbləğinin iddiaçıya ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 1-ci hissəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir; 7-ci maddəsinin 5-ci hissəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 8-ci maddəsinin 1-ci hissəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı icarə müqaviləsi üzrə öhdəliklərinə əməl etməmiş, müvafiq xəbərdarlıqlara baxmayaraq hesablanmış icarəyə götürdüyü nəqliyyat vasitəsinin icarə haqqını ödəməmiş, iddiaçıya ümumilikdə 1140 manat borcu yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, icarə müqaviləsi üzrə yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh icarə müqaviləsinə görə 1140 (min yüz qırx) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 1170 (min yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsinə görə 1140 (min yüz qırx) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 1170 (min yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı MMC-nə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2835/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2835/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver