Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-290/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Əliyeva Fənarə Habil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə onun qardaşıdır. Qardaşı 20 il bundan əvvəl Rusiya Federasiyasına köçüb və orada özünə ailə quraraq yaşayır. Həmin mənzil isə onun nənəsi X2 olub, nənəsi rəhmətə gedəndən sonra o, vərəsəliyi qəbul etmişdir. Artıq qardaşı 20 ildən artıqdır ki, həmin mənzildə yaşamır. Cavabdehin onun mülkiyyətində olan mənzilə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Buna görə də, iddianı təmin edib, Cavabdeh ünvan 1 ünvanından istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18 fevral 2022-ci il tarixli məhkəmə iclasında videogörüntülü zəng vasitəsilə əlaqə saxlanılmış Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçının qardaşıdır. Qardaşının ailəsi ilə birlikdə rahat yaşaması üçün o, uzun illərdir ki, sözügedən mənzildən çıxaraq Rusiya Federasiyasına getmişdir. Hazırda da ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayır. İddia tələbini qəbul edir, iddiaçıya məxsus ünvandan istifadə hüququnun itirilməsinə və qeydiyyatdan çıxarılmasına razıdır. Bu barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2005-ci il tarixli, 54 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzilində yaşayan İddiaçı ilə həmin mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Qeyd olunan sərəncamdan görünür ki, Cavabdeh Xurmət oğlu İddiaçı ailə üzvü kimi (qardaşı) qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 21 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri 34 saylı MKİS-nin 11 oktyabr 2020-ci il tarixli 760 nömrəli Forma 2 arayışından görünür ki, Cavabdeh xx xxxxxx 1975-ci il tarixdən qardaşı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzilində qeydiyyatdadır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzilində qeydiyyatdadır. - Bakı şəhəri 34 saylı MKİS tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh uzun müddətdir ki, on ildən çoxdur ki, göstərilən ünvanda yaşamır. Qonşularla söhbət aparılmış, onlar da bunu təsdiq etmişlər ki, həmin şəxs Sankt-Peterburq şəhərində yaşayır. Aktın düzgünlüyü 34 saylı MKİS-nin rəisi və mühasibi tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 30 noyabr 2021-ci il tarixli, 33/4157 nömrəli məktubundan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 10.08.2012-ci il tarixdə Rusiya istiqamətində “Çıxış” qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ 21 may 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq bu hüquq barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh iddiaçının qardaşıdır özünə yeni yaşayış yeri seçərək ailəsi ilə birlikdə hazırda Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində yaşayırlar, lakin cavabdehin iddiaçıya məxsus formal qeydiyyatı qalmışdır, cavabdeh qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddianı etiraf edir və mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin 12 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-290/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-290/2022
23.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver