Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2932/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi və onun doğum haqqında akt qeydinin bərpa edilməsi, onun doğum tarixinin xx.xx.1984-cü il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X3, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı, kimi yazılması doğum haqqında akt qeydinin bərpa olunaraq onun adına doğum haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
6. Hazırki mülki iş üzrə ərizəçi ərizəni ona məxsus olan doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itməsi, hazırda doğum haqqında şəhadətnaməni başqa cür əldə edə bilməməsi və şəxsiyyətini təsdiq edən sənədi almaq üçün ona doğum haqqında şəhadətnamənin lazım olması ilə əsaslandırmışdır.
7. Məhkəmə qeyd edir ki, akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
8. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
9. Hazırda isə ərizəçi tərəfindən doğum akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin ərizəçi şəxsiyyət vəsiqəsinin olmamasını və doğum haqqında şəhadətnamənin də buna görə lazım olmasını qeyd etmişdir.
10. Belə olan halda məhkəmə ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, doğum akt qeydinin bərpası ilə doğum faktının müəyyən edilməsi bir-birindən ayrı və müstəqil tələblərdir.
11. Hazırki mülki iş üzrə məhkəmə tərəfindən ərizəçinin doğum akt qeydinin əvvələr movcud olduğu müəyyən edilə bilməmişdir. Əgər ərizəçinin doğum akt qeydi əvvəllər movcud olmuşdursa, ilk növbədə müvafiq icra hakimiyyəti orqanına müraciət edilməli, müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edildiyi halda imtinanın səbəblərindən asılı olaraq ya mülki məhkəmə icraatı qaydasında, ya da inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməldir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatı qaydasında akt qeydinin bərpası onların vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən mümkün dolmadığı halda həyata keçirilir.
12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 manat məbləğində dövlət rüsumu (Ödəyici: X2; FİN:34XY0MJ; qəbzin nömrəsi:**********; əməliyyat nömrəsi:**********; tarix:xx.xx.2025, saat:13:00) dövlət büdcəsindən X1 geri qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: X2; FİN:34XY0MJ; qəbzin nömrəsi:**********; əməliyyat nömrəsi:**********; tarix:xx.xx.2025, saat:13:00) dövlət büdcəsindən X1 geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva