Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2939/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Bakıya, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor vəzifəsinə dəvət edilmişdir. Lakin Bakı şəhərində AМЕА tərəfindən mənzillə təmin edilməmələri səbəbindən, o və ailəsi kirayədə yaşamağa məcbur qalmışlar. Dəfələrlə AMEA-nın rəhbərliyinə bu barədə müraciətləri olmuşdur. Lakin onun və ailəsinin mənzil problemi hələ də çözülməmiş qalır. Ona görə də o, qohumlarının da maddi dəstəyi ilə 05 mart 2020-ci il tarixində cavabdeh "xxxx" MMC-nin direktoru X1 ilə Bakı şəhərində yerləşən ofisində müqavilə bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında tikiləcək yüksək mərtəbəli binanın 1-ci bloku 10-cu mərtəbəsində tikiləcək 44 saylı 3 otaqlı ümumi sahəsi 140,9 kvadrat metr olacaq mənzilin cavabdeh tərəfindən ona satılmasıa razılaşmışlar. O, həmin tikiləcək mənzilə görə razılaşdığı və aralarında bağlanmış müqavilədə öz əksini tapan 112 720 (bir yüz on iki min yeddi yüz iyirmi) manat pulu tamamilə cavabdehin hesabına ödəmişdir. Lakin ev hazır olsa da, o, haqqına çatan mənzilə köçə bilmir. Ailəsi ilə birlikdə kirayədə qalmağa və yüksək məbləğdə kirayə haqqı ödəməyə məcburdur. Hesab edir ki, cavabdeh vicdansızlıqla hüquqdan sui-istifadə edərək, aralarında bağlanmış müqavilədə əksini tapmış öz öhdəliyini yerinə yetirməkdən yayınır. Əlavə olaraq bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin İş № e- 2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixində başqa bir şəxs ilə həmin mənzilin verilməsi haqqında məlumat olduğunu nəzərə alaraq X3 göstərişi ilə həmin mənzillər yoxlanılmış və onlara aid olan mənzilin heçkimə verilməməsi məlum olmuşdur, ancaq məhkəmənin göstərişinə əməl edilməmiş və ev onlara təhvil verilməmişdir. Cavabdehin üzərinə onun müqavilə əsasında razılaşdığı mənzillə təmin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında yerləşən mənzilin "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, bütün sübutları məhkəməyə təqdim etmişdir. Müqaviləyə əsasən dəyərini tam ödədiyi mənzilin ona təhvil verilməsini istəyir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 044003 saylı müqaviləsindən görünür ki, "xxxx" MMC sayılan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzili İddiaçı verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 112720 manat təşkil edir, 100% miqdarında tam ödənilir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə MMC arasında imzalanmış 044003 nömrəli xx.xx.2020-ci il tarixli satış müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzil üçün müştərinin heç bir borcu yoxdur, mənzilin dəyəri tam ödənilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, icraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 044003 saylı müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzili İddiaçı vermiş, tərəflər bununla bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 112720 manat təşkil edir, həmin məbləğ həmin tarixdə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı adıçəkilən mənzilin tam şəkildə dəyərini ödəmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəliklərinə əməl edilməyərək mənzil iddiaçıya təhvil verilməmiş, habelə mənzilin hansı səbəbdən iddiaçıya təhvil verilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən mübahisə predmeti olan mənzilin təhvil verilməməsi üçün əsaslar yoxdur, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 044003 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzil "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 044003 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzil "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2939/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2939/2024
04.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver