Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2982/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" MTK tərəfindən ona vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə, həmçinin müqavilə şərtlərinə müvafiq olaraq mənzilinin tez bir zamanda bərpa olunaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin ünvanını müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. İddia ərizəsində cavabdehin VÖEN-i qeyd edilməmişdir.
6. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan (MPM 35.1m) və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən (MPM 40.1m), işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması qətnaməni ləğv edilməsi üçün əsas olduğundan (MPM 384.0.4m) iddia ərizəsində cavabdehin ünvanını eyniləşdirməyə imkan verən məlumatların dəqiq qeyd edilməsi zəruridir.
7. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilməli olmasına baxmayaraq, hazırki iddia tələbi aydın deyildir.
8. İddia ərizəsinin əsaslandırılmasından görünür ki, iddiaçı həm mənəvi, həm maddi, həm səhhətinə vurulmuş ziyanın, həm də kirayə haqqının ödənilməsini istəyir. Belə ki, iddia ərizəsində iddiaçı “bu qədər müddət ərzində ona mənəvi, maddi, həm də səhhətinə vurulumuş ziyanının ödənilməsini və kirayə haqqının vaxtında verilməsini istədiyini” qeyd etmişdir.
9. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, əsaslandırmada qeyd edilən hansı hala görə pul məbləğinin tutulmasını xahiş etdiyi aydın deyil.
10. Belə ki, iddia ərizəsinə görə iddiaçı ona bir neçə hal üzrə (maddi, mənəvi, səhhəti və kirayə haqqı) ziyan dəydiyini qeyd etmişdir.
11. İddia tələbi kifayət qədər aydın olmadığına görə məhkəmə üçün iddiaçı tərəfindən tələb edilən 10000 manat məbləğində pul vəsaitinin iddia ərizəsində qeyd edilən hansı hal üzrə dəymiş zərərin, kirayə haqqının, səhhətinə dəymiş zərərin və ya mənəvi zərərin əvəzi olması və yaxud qeyd edilən hallar üçün tələb edilən məbləğin cəmi olması aydın deyildir.
12. İddiaçı tərəfindən tələb edilən məbləğ həm kirayə haqqı borcu, həm də onun səhhətinə dəymiş ziyanla bağlıdırsa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində aydın şəkildə kirayə haqqı borcunun və səhhətinə dəymiş ziyanın məbləği göstərilməlidir. Həmçinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməldir.
13. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
14. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:
İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva