Məhkəmə qərarları › İş №2(007)-299/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-299/2022

04.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-299/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X2rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X2rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini onunla əsaslandırdı ki, 10.09.2020-ci il tarixində ərizə yazaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzi” Avtobazasının Təsərrüfat Xidmətinə sürücü vəzifəsinə işə qəbul olunmaq istədiyini bildirmiş və Mərkəzin rəhbərinin razılıq dərkanarı ilə 10.09.2020-ci il 646K nömrəli əmri ilə işə qəbul olunmuşdur.O,zaman “Respublika Gigeniya və Epidemologiya Mərkəzlə“ onun arasında Əmək müqaviləsi imzalanıb. Lakin həmin vaxtı işə götürən ona nə əmrin sürətini, nə də müqavilənin sürətini təqdim etməmişdir.O bu barədə kadrlarla iş şöbəsinin rəhbərinə bildirmis,həmin şəxs ona cavab vermişdir ki, “müqavilə və əmrin sürəti sənin nəyinə lazımdır, əsas odur ki, sən işə qəbul olunmusan bəsdir.” O, deyilənləri qəbul edərək razılaşmışdır.Lakin üstündən 12 gün keçəndən sonra “Mərkəzin” rəhbəri onu otağına çağırtdırmış və stolun üstünə yazılı ərizəni qoyaraq imza etməyi bildirmişdir. O, imtina etdikdə, demişdir ki, onda “səni Əmək Məcəlləsinin 70.”Ç” bəndi ilə işdən çıxaracam və o zaman səni heç bir müəssisə işə qəbul etməyəcək” O, müəssisənin rəhbərliyi ilə konflikt yaratmamaq üçün təklif olunan ərizəni imza etmişdir. O, heç bilməmişdir nə ərizəsi olub. Onun adından yazılmış ərizənin kim tərəfindən yazıldığını blmir. Ona görə məcbur olub ərizəni oxumadan imza etmişdir. Həmin ərizənin hansı tarixə yazıldığına da əhəmiyyət verməmişdir. O zaman “Mərkəzin” iki əməkdaşı Şahin Məmmədov və Fidan Həsənova bildirdi ki,5 iş günü müddətində güya etik qaydalara uyğun olmayan hərəkətlər etmiş və müəssisədaxili qaydaları pozmuşdur və bu işinə görə xəbərdarlıq edilmişdir, həmin ərizə də üzürxaqlıq ərizəsidir. Hazırda ona deyirlər ki, “Mərkəzin ” rəhbərliyi ona imzalatdırdığı ərizə 17.09.2020-ci il tarixində yazılıb və ərizənin məzmununda qeyd edilib ki, “yazıb sizdən xahiş edirəm ki, sürücülük maaşı (250) iki yüz əlli manat olduğuna görə və bu pulla ailəmin xərclərini, xəstə oğlumla qızımın müalicələrini təmin edə bilmədiyimə görə məni öz xahişimlə sürücü vəzifəsindən azad edəsiniz”.O, göstərilən ərizəni yazmamışdır və imzalamamışdır, kimin tərəfindən yazılıb imzalandığını bilmir. Bir neçə gündən sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Gigeniya və Epidemologiya Mərkəzinin ” ƏHR N:713-K saylı 22.09.2020 -ci il tarixli əmri ilə işdən azad edilib. Sonradan ona məlum olub ki, işdən azad olunmağının səbəbi onun evinin yanına quraşdırılan 132 nömrəli KTM elektrik Transformatorunun ailə üzvlərinə şüanın dərəcəsinin və səs küyün müəyyən edilməsi üçün ölçülməsini xahiş etməsidir. “Mərkəzin ” rəhbərliyi Şahin adlı şəxsi şüanın ölçülməsi üçün göndərmişdilər. Həmin şəxs onun iştirakı olmadan evin içində ölçü işlərini aparıb, halbuki, o ölçü işlərini evin çölündə Stansiya ilə evimin arasında aparmalı idi. Onu da geyd edir ki, bu GEM-i tərəfindən keçirdiyi ikinci onun iştrakı olmadan saxta ekspertiza idi. Birincini Qaradağ rayon GEM-i onun ərizəsi əsasında onsuz keçirilib. Lakin Şahin ölçü işlərini düz aparmadığına görə bu barədə Şahinə öz iradını bildirmişdir və bunun üstündə Şahin “Mərkəzin” rəhbəri Sara Həsənovaya onun barəsində yalan məlumat verib və onun işə qəbul olunmağı barədə Avtomobil Nəqliyyat Xidmətinin rəhbərini şantaj edib və bundan sonra “Mərkəzin” rəhbəri X1 Xidmətini müdir yanına çağırtdırıb və onu işə qəbul etdiyi üçün ərizəni yazıb işdən çıxmaartmağı tələb edib. O zaman Xidmətin rəisi onu yanına çağırtdırıb və əvvəlcədən yazılan ərizəni stolun üstünə qoyaraq imza etməyi tələb edib, sonra onu 103 TYstansiyasına işə qəbul olmağa kömək köstərəcəyinə söz verib, əks təqdirdə onu “statya” ilə işdən kənarlaşdıracağını bildirib. İşdən azad olunmasına baxmayaraq, onun işlədiyi iş yeri hər hansı formada ixtisar edilməmişdir. Deməli müəssisə onu formal mülahizəyə əsasən işdən azad edib və onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi məqsədli xarakter daşıyır. İşdən azad olunmağı ilə əlaqədar əmrin surətini tələb etmişdir,lakin əmrin surətini ona təqdim etməyiblər ki, həmin əmrdən şikayət versin. Ona görə də ilk olaraq iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.Lakin Bakı şəhəri Nizami rayon Məhkəməsinin Qərardadı ilə iddia ərizəsi geri qaytarılıb və bildirilib ki, hazırda güvvədə olan “Mediasiya haqqında Qanuna” görə işin məhkəmədən əvvəl barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət göndərilməlidir. Ona görə 05.10.2021-ci il tarixli məktubla cavabdehə məsələnin barışıq yolu ilə həll edilməsi üçün dəvət göndərilib. Lakin cavabdeh təşkilat məsələnin həll edilməsi üçün dəvətə cavab verməyib.01.10.2021ci il tarixində “İlkin Mediasiya” sessiyasında iştirakı dəvət olunmuşdur, lakin cavabdeh dəvətə cavab verməyib. Belə olan təqdirdə mübahisənin Məhkəmədə araşdırılması zərurəti yaranıb. “Mərkəz” onu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad edib. Qeyd olunan hallar onu göstərir ki, onun işdən azad edilməsi qanunsuzdur və “Mərkəzin” rəhbərliyinin ona qarşı qərəzli olmasına dəlalət edir. O,işdən azad olunduqdan sonra onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə ediblər.Qeyd olunanlara əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzi-nin 10.09.2020-ci il 646K nömrəli əmrinin ləğv olunması,xəstə övladlarını,himayəsində ruhi xəstə olan bacısını nəzərə alaraq işə bərpa olunması və əsassız işdən azad olunduğu 22.09.2020-ci il tarixdən bu vaxta qədər ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil da eyni məzmunlu izahat verdi,əlavə olaraq bildirdi ki, qarşı tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edib, lakin onu nəzərə almayıb ki, vətəndaşa işdən çıxma əmri verilmədiyindən o, bu günə qədər məhkəməyə müraciət edə bilməyib. Bunun şahidi elə vəkil kimi onun özüdür.Ondan əlavə mediasiyaya müraciət olubdur. İddiaçının təqdim etdiyi disk məhkəmədə dinlənilərsə iddia tələbinin haqlı olması müəyyən olunacaq.Mərkəzin əməkdaşı dili ilə deyir ki, “get hüquqşünasına denən biz ona sənəd zad verməyəcəyik, məhkəmə tələb edər verərik”. Uzun süründürməçilikdən sonra məcbur olub əmək kitabçasının surətini iddia ərizəsinə əlavə edib, məhkəmədə iddia qaldırmışlar.Bir vəkil olaraq bu qurumdan əmri ala bilmədiyi halda, yazıq vətəndaş onu necə alıb məhkəmədə iddia qaldırsın. Bundan əlavə pandemiya dövründə məhkəmələrdə işlərin baxılması müvəqqəti olaraq dayandırılmışdır, həm məhkəməyə iddia verə bilmirdilər həm də, iddiaçının pandemiya dövründə evdən çıxıb-qayıtması üçün icazəsi olmadığından cəmi gündə bir dəfə “sms” icazə alaraq himayəsində olan xəstə övladlarını ya xəstəxanaya aparıb ya da ki, evin tələbatını ödəmək üçün mağazalara gedib. Bu səbəblərdən iddianı qaldırmağı indiki vaxta qəlib çatıb. Qeyd olunanları nəzərə alıb,iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia ərizəsinin məzmununda işin taktiki hallarını əsassız olaraq təhrif edərək göstərirb ki, guya, o, işdən azad edilməsi barədə ərizə yazmağa vadar edilib və ona 103 TY stansiyasında işə qəbul olunmasına köməklik göstəriləcəyinə söz verilib. İddia ərizəsinin məzmununda işin faktiki hallarının təhrif edildiyini məhkəmənin nəzərinə çatdıraraq qeyd edir ki, iddiaçı onunla bağlanan əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib və sözügedən ərizəyə əsasən onunla bağlanan əmək müqaviləsinə 22.09.2020-ci il tarixində 713-K nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin a) bəndinə əsasən xitam verilib. İddiaçı yuxarıda sözügedən ərizəsində öz iradəsini könüllü ifadə edib, Mərkəzin bu və ya digər məsul əməkdaşları tərəfindən iddiaçıya onun könüllü iradə ifadəsinə zidd olan hər hansı bir hala yol verilməyib. Qeyd etdiyi xüsusatlarla yanaşı onu bildirməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə işçi hüququnun pozulduğu və ya hüququnun pozulduğunu bilməli olduğu vaxtdan 1 (bir) ay ərzində işə bərpa tələbinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Hazırkı işin mübahisəsiz halıdır ki, İddiaçı tərəfindən yuxarıda sözügedən müddət ötürülməklə Məhkəməyə müraciət olunub. Hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə verildiyindən hazırkı iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki,Bakı Apelyasiya Məhkəməsinin müvafiq müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli qərarında göstərilir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək münasibətlərinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulub.Daha sonra Konstitusiya Məhkəməsi sözügedən qərarında əmək münasibətlərinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 375-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsaslanaraq qeyd edib ki,məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülən müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilən sübutları araşdırıb qiymətləndirməlidir. Sözügedən Konstitusiya məhkəməsinin qərarında da göstərilib ki, “Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulur. Həmçinin qeyd olunan Qərarda göstərilib ki, “fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi əmək hüquq münasibətlərindən irəli gələn mübahisəyə baxılarkən də iddia müddətinin tətbiqinin iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi ilə şərtləndirib və belə bir ərizənin verilməsini işçinin şəxsi təşəbbüsündən irəli gəlməli olduğunu göstərib. Yuxanda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iddiaya iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 10.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” RHŞ avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə qəbul edilmiş,22.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən(öz xahişi ilə)onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 rəhbəri Sara Həsənovaya ünvanlanmış 17.09.2020-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, “Yazıb sizdən xahiş edirəm ki, sürücülük maaşı (250) iki yüz əlli manat olduğuna görə və bu pulla ailəmin xərclərini,xəstə oğlumla qızımın müalicəsini təmin edə bilmədiyimə görə məni öz xoşumla sürücülük vəzifəsindən azad edəsiniz” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, həmin ərizədə “İddiaçıyazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 rəhbəri Sara Həsənovaya ünvanlanmış 17.09.2020-ci il tarixli ərizənin mətni İddiaçı tərəfindən imzalanmamışdır” İddiaçı tərəfindən “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 rəhbəri Sara Həsənovaya ünvanlanmış 18.08.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki,iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 713K nömrəli 22.09.2020-ci il tarixli əmrin qanunsuz olduğunu bildirərək ləğv olunmasını xahiş etmiş,əks təqdirdə işin məhkəmə araşdırılması ilə əlaqədar həmin əmrin surətinin ona verilməsini tələb etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş audio-disk tərəflərin iştirakı ilə dinlənilmişdir.Həmin diskdə İddiaçıla cavabdeh müəssisənin kadrlar şöbəsinin rəisi Ülkər Məmmədova arasında olan daloq öz əksini tapmışdır.İddiaçı vəzifəli şəxsdən onun işdən çıxarılması barədə əmrin surətini tələb edir.Həmin şəxs cavabında bildirir ki,əmrin surətini ona verə bilməz.Ancaq məhkəmə sorğu verərsə məhkəməyə göndərilə bilər. Həmin disk dinlənildikdən sonra verilən suala cavab olaraq cavabdehin məhkəmədə iştirak edən nümayəndəsi Nümayəndə bu günədək əmrin surətinin İddiaçı verilmədiyini bildirmiş və demişdir ki, “əmri poçt vasitəsi ilə göndərməmişlər ona görə ki, düşünmüşlər ki, sənəd itə bilər” Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Sadalanan maddi hüquq normalarının məzmunundan da görünür ki,işçi yalnız öz iradəsinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər. Əgər əmək müqaviləsinə xitam verilməsi barədə ərizə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə yazılmışdırsa və ya imzalatdırılmışsa həmin ərizə onunla bağlanmış müqaviləyə xitam verilməsi üçün əsas ola bilməz. İş materiallarında olan çoxsaylı ərizə və şikayətlərdən görünür ki,İddiaçı evinin yanında quraşdırılmış transformatorun onun və ailə üzvlərinin yaşaması üçün təhlükə yaratması ilə bağlı müxtəlif instansiyalara müraciət etmişdir.İddiaçı işdən çıxarılmasını məhz bu ərizə və şikayətlərlə əlaqədar olduğunu bildirir.İşəgötürənin əmrində bu hal öz əksini tapmasa da,ərizənin mətninin iddiaçı tərəfindən yazılmaması barədə xətşünaslıq ekspertizasının rəyinin olması,işə qəbulla işdən çıxarılma müddətinin cəmi 12 gün olması,məhkəmə araşdırması bitdiyi tarixədək mübahisələndirilən əmrin iddiaçıya rəsmi qaydada(şəxsən və ya poçt vasitəsi ilə) təqdim edilməməsi və onun verilməsindən imtina olunması,eləcə də İddiaçı himayəsində xəstə övladları olmaqla maddi durumunun çox pis olması ilə əlaqədar başqa iş tapmadan işdən çıxma barədə ərizə verməsinin inandırıcı olmaması ona dəlalət edir ki, 17.09.2020-ci il tarixli ərizə İddiaçı tərəfindən imzalansa da onun iradə ifadəsini əks etdirmir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsinə qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.Belə ki,yuxarıda qeyd olunduğu kimi əmr bu günə qədər iddiaçıya rəsmi qaydada(şəxsən və ya poçt vasitəsi ilə) təqdim edilməmişdir.Bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin kobud şəkildə pozulması deməkdir,bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan bir aylıq müddət hazırkı mübahisəyə şamil oluna bilməz.Məhkəmə həm də onu nəzərə alır ki,2020- 2021-ci illərdə pandemiya ilə əlaqədar uzun müddət məhkəmələr işləməmiş,vətəndaşların evdən çıxması ilə əlaqədar bir sıra məhdudiyyətlər olmuşdur. Bundan başqa,mediasiya sessiyasında iştirak da müəyyən vaxt aparmışdır. Göründüyü kimi, iddianın əsaslı olmasına dəlalət edən çoxsaylı sübutlar vardır. Ona görə də iddia təmin olunmalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzinin 22.09.2020-ci il 646K nömrəli əmri ləğv olunmalı, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 RHŞ avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə işə bərpa olunmalı,məcburi işburaxmaya görə ona əmr verilən 22.09.2020-ci il tarixdən qətnamə çıxarılan 04 aprel 2022-ci il tarixinədək əmək haqqı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 138 manat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzinin 22.09.2020-ci il N:713-K nömrəli əmri ləğv olunsun. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X4 RHŞ avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə işə bərpa olunsun. İddiaçı məcburi işburaxmaya görə əmr verilən 22.09.2020-ci il tarixdən qətnamə çıxarılan 04 aprel 2022-ci il tarixinədək əmək haqqı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 138 manat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar