Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-299/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi İddiaçı, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum bibisi xx.xx.2023-cü ildə rəhmətə getmiş X1 adına olmuş ona vəsiyyətnamə ilə vəsiyyət edilmiş ünvan 2 miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun bibisi X3 xx.xx.2023-cü ildə rəhmətə getmişdir. Bibisi 03 avqust 2018-ci ildə həmişə ona baxdığı üçün, onun maddi xərclərini çəkdiyi üçün, həmçinin bibisinin ailəsi, uşağı olmadığı üçün ünvan 2-ni ona vəsiyyət etmişdir. Bildirir ki, bibisi öləndən sonra onun heç kimi qalmamışdır. Bildirir ki, bibisi rəhmətə gedəndən sonra əmlakı vəsiyyət üzrə vəsiyyət edilmiş şəxs kimi o notariat kontoruna 6 ay ərzində müraciət edib vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməni almamışdır. 6 ay keçəndən sonra o, vərəsəlik şəhadətnaməsini almaq üçün 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Orda ona bildirmişlər ki, o, MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüşdür. Ona MM-nin 1248-ci maddəsinə əsasən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Miras mənzilin açarı ondadır. Evdə o yaşayır. Yəni bibisinin yasını da o yola verib mirası o indi idarə etmişdir. Bu faktı onun məhkəməyə dəvət edəcəyi şahidlər Goranboy rayon Tapqaraqoyunlu kənd sakini Şahid2 və Naftalan şəhər sakini Həsənov X4 Azər Qiyas oğlu təsdiq edəcəkdir.
İş materialları :
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2136 nömrəli məktubdan görünür ki, Mülki Məcəllənin 1246 və 1248-cı maddələrinə əsasən qanunvericilikcə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxılmış və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilməmişdir. Bu səbəbdən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
4. Naftalan şəhər İcra Hakimiyyəti Naftalan şəhər 01 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 182 nömrəli arayışından görünür ki, vətəndaş İddiaçı mərhum bibisi X3 vəfat edənə qədər (xx.xx.2023-cü ilə qədər) ünvan 2-də yaşamışdır. Öləndən sonra onun heç bir ailə üzvü qalmamışdır. Mərhum ölən günədək tək yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. O, cümlədən bacı, qardaşları vəfat etmişdir. xx.xx.2018-ci il tarixli, Naftalan şəhər Notariat Kontorundan verilmiş vəsiyyətnaməyə əsasən vərəsə kimi qardaşı oğlu İddiaçı mənzilə faktiki sahiblik edir.
5. Naftalan şəhər İcra Hakimiyyəti Naftalan şəhər 01 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 183 nömrəli arayışından görünür ki, vətəndaş İddiaçı mərhum bibisi X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat edənə qədər ünvan 2-də yaşamış və qeydiyyatda olmuşdur. Mərhumun vəfatından sonra onun qardaşı oğlu hal-hazırda ünvan 1 ünvanında yaşayan İddiaçı evə faktiki sahiblik edir və ev istismar xərcini ödəyir. xx.xx.2018-ci il tarixdə Naftalan şəhər Notariat Kontorundan verilmiş vəsiyyətnaməyə əsasən mərhum evi İddiaçı vəsiyyət etmişdir.
6. AZ-İİ seriyalı, 289776 nömrəli Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 24 nömrə ilə qeyd edilmişdir.
7. xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, xx.xx.1931-ci il təvəllüdlü X3 ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilini, ev əşyalarını, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, məh 2568, m.53 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir.
8. Azərbaycan Respublikası xx.xx.1997-ci il tarixli, 720 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Naftalan şəhər, Ş.Qurbanov küçəsində yerləşən bir otaqlı 17.4 kv.m ibarət olan bina-01, mənzil-32 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Goranboy rayonu T.Ş.-nin 02 nömrəli xx.xx.1997-ci il tarixli qərarı əsasında vətəndaş X1 adına qeydə alınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11- 9029 nömrəli məktubundan görünür ki, N.Nağıyevanın xx.xx.1959-cu ildə Goranboy rayonunun Tap Qaraqoyunlu İcra Nümayəndəliyində X6 ilə bağğlanmış nikahın pozulması xx.xx.1988-ci ildə Goranboy rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən N.Nağıyevanın doğumu və övladları haqqında hər hansı məlumat aşkar edilməmişdir. Eyni zamanda qeyd olunur ki, “Elektron Notariat” İnformasiya sistemində saxlanılan məlumatlara əsasən X1 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir.
9. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, bibisi boşandıqdan sonra onun ailəsinin himayəsində olmuşdur. Onun uşağı olmamı və bütün ehtiyaclarını o qarşılamışdır.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə mürciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçi ilə eyni kənddə doğulmuşdur. Hazırda Bakı şəhərində yaşayır, lakin Naftalana tez-tez gedib gəlir. Mərhumun müalicəsi ilə, ehtiyacları ilə ərizəçi məşğul olmuşdur. Ərizəçinin yoldaşı gedib mərhumun yanında gedib qalırdı. Hətta bir dəfə ərizəçinin həyat yoldaşını o mərhumun evinə aparmışam. Mərhumun ərizəçidən başqa qohumları yox idi. Mərhum vəfat etdikdən sonra həmin evə baxan ərizəçi olmuş, hazırda orada yaşayan yoxdur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o Tapqarqoyunlu kəndidə doğulmuşdur və 2001-ci il tarixindən Bakıda yaşayır. Ərizəçi ilə eyni məktəbdə oxumuşdur, dostdurlar, həmçinin uzaq qohumluqları da var. Mərhumu tanıyır. Mərhumun qardaşı, yəni ərizəçinin atası onlara orta məktəbdə dərs demişdir. Tutu bibisinin başqa qohumlarının adları yadımda deyil, o tək yaşamışdır. Mərhumun yas mərasiminin, dəfn xərclərini ərizəçi çəkmişdir.
İşin faktiki halı :
15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, hazırki mülki iş üzrə mübahisəli olan ünvan 2 X2 mülkiyyət hüququ ilə məxsus olmuşdur.
16. Həmin mənzil onun tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı vəsiyyət edilmişdir.
17. X3 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.
18. X3 xx.xx.1959-cu il il tarixdə nikah bağlamıv və həmin nikah xx.xx.1988-ci ildə pozulmuşdur.
19. X1 uşağı yoxdur.
20. ünvan 2 İddiaçı tərəfindən faktiki qəbul edilmişdir.
21. İddiaçı oğıu vərəsəlik şəhadətnaməsi üçün 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etsə də, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
22. Ərizəçi İddiaçı tərəfindən qəbul edilməsinin məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
25. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndi:
Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: • vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; • mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; • mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; • mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; • miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Məhkəmənin mövqeyi :
27. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək, ərizəçinin izahatını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
28. İşin faktiki hallarına əsasən ərizəçi İddiaçı xx.xx.2018-ci il tarixli vəsiyyətnamə əsasında X3 tərəfindən ünvan 2 vəsiyyət edilmiş və X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
29. Ərizəçi İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddət ötürülməklə notariat ofisinə müraciət edildiyindən notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
31. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt-mirasın faktiki qəbulu faktı hüquqi əhəmiyyətli olmaqla, ərizəçinin Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 01, 32 saylı mənzilə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün zəruridir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 10-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.
33. Məhkəmə ilk növbdə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
34. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
35. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
36. İşin faktiki hallarından görünür ki, X3 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır.
37. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur.
38. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti xx.xx.2023cü ildə X1 ölümü ilə yarandığından, hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qüvvədə olan Mülki Məcəllənin həmin dövr üçün qüvvədə olmuş normaları tətbiq edilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
40. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
41. Mirasın qəbul edilməsi dedikdə- vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.
42. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
43. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
44. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).
45. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
46. Mülki qanunvericiliyin miras açılan vaxt qüvvədə olan normalarına əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidr.
47. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
48. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
49. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəlləsi 1255m).
50. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi İddiaçı bibisi X1 ölümündən sonra ünvan 2 miras əmlak olaraq qalmışdır. X1 adına vərəsəlik işi açılmamışdır. Miras qalmış mənzil isə ərizəçi İddiaçı faktiki qəbul edilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, X1 ərizəçidən başqa vərəsəi yoxdur. Ərizəçi isə X1 ölümündən sonra miras əmlak olan mənzili faktiki qəbul edilmişdir.
51. Belə ki, məhkəmə iclasında tədqqi edilmiş iş materialları, o cümlədən şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, X3 ərizəçinin himayəsində olmuş olmuş, onun müalicə və dəfn xərclərini ərizəçi qarşılamış, mübahisə predmeti olan mənzil ilə bağlı kommunal xərclər ərizəçi tərəfindən ödənilmişdir.
52. Məhkəmə qeyd edir ki, miras əmlak iddiaçı tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir.
53. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.
54. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.
55. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur
56. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Ərizəçinin vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 01 ünvanında yerləşən 32 nömrəli mənzilə mülkiyyət hüququnu həyata keçirməsi mirasın qəbulu faktın müəyyən edilməsindən birbaşa asılıdır.
57. Belə olan halda məhkəmə ərizəçinin mərhum bibisi X1 adına olmuş və ona vəsiyyətnamə ilə vəsiyyət edilmiş Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 01 ünvanında yerləşən 32 nömrəli mənzili miras əmlak olaraq faktiki qəbul etməsi və ona faktiki idarəçiliyi həyata keçirməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən ərizəçinin həmin mənzilin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair tələbini əsaslı hesab edir.
Məhkəmə Xərcləri :
58. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Nəticə :
59. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı tərəfindən miras əmlak olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 01 ünvanında yerləşən 32 nömrəli mənzilin faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
Ərizə təmin edilsin. İddiaçı tərəfindən miras əmlak olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 01 ünvanında yerləşən 32 nömrəli mənzilin faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva