Məhkəmə qərarları › İş №2(007)-3003/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3003/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3003/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- “Fides” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar olaraq VÖEN əsasında rəsmi qaydada fəaliyyət göstərir. Günlərin birində ünvan 1 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda işləyən Cavabdeh ona bildirmişdir ki, adını xatırlamadığı rəqib salonların birindən ona iş təklifi gəlib və o, təkliflə razılaşıb həmin salonla bərabər işləyə bilər. Lakin əgər 18 000 manat verərsə, onun salonunda qalıb işləyəcəyini bildirmiş, bununla da onun daha çox qazanc əldə etməyinə, həmin 18 000 manatın ən azı iki qatını yaxın 3 ayda qaytaracağına əmin etmişdir. O, Aqilin peşəkar saç ustası olduğunu bilirdi və təklifi ona ağlabatan gəlirdi. Həm də ki artıq uzun müddət idi ki, onu tanıyırdı. Bundan başqa sahibkar olaraq da onu yeni işlər, qazanc-əldə etmək, fəaliyyətini genişləndirmək, peşəkar xidmət təklif etmək maraqlandırır deyə Aqilin təklifi ilə razılaşmışdır. 2020-ci ilin may ayının ilk günlərində "xxxx"a yaxınlaşaraq 15 000 manat kredit götürmüş, özündə olan 3 000 manatı da əlavə edib, bütövlükdə 18 000 manatı Aqilə “Face Studio” salonunun Xalqlar filialının qarşısında vermişdir. Bundan sonra Aqil iki ay müddət işləyib, daha sonra işdən ayrılmışdır. Bir müddət sonra Cavabdeh yalan danışaraq onu aldatdığını və etibardan sui-istifadə etdiyini başa düşərək bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Əbülfət Rzayevə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd etmək istəyir ki, Cavabdeh onun pulunu qaytarmaqdan bilərəkdən yayınır. "xxxx"dan Aqilə vermək üçün götürdüyü 15 000 manat kreditin üzərinə də əlavə 3717 manat faiz məbləği gəlmişdir və ümumilikdə Aqil onu 21717 manat ziyana salmışdır. Hesab edir ki, Cavabdeh ona 21717 manat məbləğində ziyan vurduğuna görə, kifayət qədər sübutlara söykənərək cavabdehin mənimsədiyi 21717 manat məbləğində pul məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Buna görə də, Cavabdeh 21717 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi təqdim edilərkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddia tələbi tam əsassız və iftiradır. Belə ki, o, iddiaçıdan aldığı 18.000 (on səkkiz min) manat pulun xeyli hissəsini ödəmişdir, lakin iddiaçı ona ödədiyi 4.000 (dörd min) manatı nədənsə hesablamır və ondan daha artıq məbləğ tələb edərək əsassız varlanmaq niyyətindədir. İddiaçı barəsində dəfələrlə polisə şikayət etmiş, çağırıldığında da, vəziyyəti olduğu kimi bildirmişdir və aldığı 18.000 (on səkkiz min) manat puldan 4.000 (dörd min) manatı qaytardığını bildirmişdir. Polis bölməsinin qərarında, izahatı əks edilmişdir. O, pulu qaytarmaqdan boyun qaçırmır və ona verilmiş məbləğdən ödədiyi 4.000 (dörd min) manatın çıxılmasını tələb edir, düşünür ki, iddia əsassızdır və təmin edilməməlidir. "xxxx"a 19UB/20 saylı (hesaba) kredit müqaviləsi üçün sorğu verilsə məlum olacaq ki, iddiaçının adına 9 ay 520 manatdan ödəniş etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 27 iyul 2021-ci il tarixdə İddiaçı məhkəməyə müraciət edərək, 28 iyul 2021-ci il tarixə, saat 14:10-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, bununla bağlı yazılı izahatının həmin iclasda verəcəyi izahat kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan yazılı izahatında bildirmişdir ki, proses iştirakçısı olaraq prosesual hüquq və vəzifələri ona aydındır, hakimə, katibə, məhkəmə tərkibinə etirazı yoxdur. Cavabdeh onu aldadaraq pul əldə etməsi barədə Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir, şikayəti üzrə toplanmış materiala Xətai RPİ-nin 34-cü polis şöbəsinin təhqiqatçısı X4 18 may 2021-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. O, bu məsələnin cinayət əməli kimi qiymətləndirilməsini istərdi, lakin çox əfsuslar olsun ki, polis orqanı bu əməli cinayət əməli olaraq qiymətləndirməmişdir. Lakin məsələyə münasibət bildirərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. O, iddia ərizəsində də bildirmişdir ki, cavabdeh ona edilən iş təklifləri ilə bağlı ona məlumat vermişdir və bildirmişdir ki, əgər 18000 (on səkkiz min) manat pul versə, ona məxsus təsərrüfat subyektində işə davam edəcəyini və ən az iki qatını üç ayda ona qazandıracağını bildirmişdir. O, belə təkliflə niyə də razılaşmasın, çünki həm 3 aydan sonra verəcəyi pulun iki qat çoxunu qazanmış olacaqdı, həm də onunla çalışan saç ustasını itirməyəcəkdi. Nəticə tam fərqli olmuş, təəssüf ki, Cavabdeh onu aldatmışdır. Cavabdeh polisə verdiyi izahatında bildirmişdir ki, ona edilən iş təklifləri ilə bağlı məlumatı ona bildirdikdə onun iş yerini dəyişməməsi və onunla çalışmaqda davam etməsi üçün guya ona sırf bunun üçün 18000 (on səkkiz min) manat tərəfindən verilmişdir. Hətta cavabdeh də izahatında bildirmişdir ki, o, 15000 (on beş min) manatı bankdan götürərək üzərinə 3000 (üç min) manatı nağd şəkildə öz cibindən əlavə etmişdir. İlk olaraq onu qeyd edir ki, bankdan 15000 (on beş min) manat borc pul götürməyindən aydın olur ki, o, həmin qədər pula sahib olan şəxs deyil. 0 qədər pula sahib olan heç kim üzərinə faizlərin də gələcəyi borc götürmək istəməz. Bu zaman belə bir məsələ ortaya çıxır ki, 15000 (on beş min) manat məbləğinə sahib olmayan və yalnız qeyd olunanlardan da göründüyü kimi əlavə edə biləcək 3000 (üç min) manatı olan şəxs qaytarılmayacağını bilə-bilə faizli kredit borcunu niyə götürmüş olsun? Cəmi 3000 (üç min) manatı olan şəxs heç vaxt əlində olan pulu itirmək, hələ əlavə pul da ödəmək istəyində ola bilməz, əksinə güvənəcəyi işə pul verib daha çox qazanmaq istəyər. Qeyd etdiklərindən də aydın olur k, həqiqətən Cavabdeh ondan 18000 (on səkkiz min) manat məbləğində pul götürmüşdür. Bunun da nəticəsində faizlər və sair xərclər toplanmaqla əlavə olaraq 3717 (üç min yeddi yüz on yeddi) manat məbləğdə ziyan dəymişdir. Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı X1 18 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdehin izahatı, yəni ondan pulu aldığını təsdiq edən ifadələr öz əksini tapmışdır, zərurət yarandığı təqdirdə həmin materialı tələb edib, məhkəmə işinin gedişində analiz etmək mümkündür. Yekun olaraq, iddia tələbini tam həcmdə müdafiə etdiyimi bildirir və buna müvafiq olaraq Cavabdeh 21 717 (iyirmi bir min yeddi yüz on yeddi) manat məbləğin və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat rüsumun əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul qəbulməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini və iddiaçının məhkəməyə təqdim etdiyi yazılı izahatını müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, cavabdehin etirazını mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" KB ASC ilə borcalan İddiaçı arasında bağlanmış 19UB/20 saylı kredit müqaviləsinə 3 saylı əlavədən görünür ki, borcalana 05 may 2020-ci il tarixdə verilmiş kreditin məbləği 15.000 manat təşkil edir, kredit müddəti 36 ay, aylıq faiz 1,25, aylıq annuitet 520 manat müəyyən edilmişdir; -Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, toplanmış materiallara əsasən Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. -Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o, 2016-cı il tarixdən İddiaçı tanıyır, onun “Face studio” gözəlik salonunda işləmiş və yaxşı işlədiyinə görə Rüfətlə münasibətləri yaxşı olmuşdur. 2020-ci ildə ailə qurduğundan ailə qayğıları, xərcləri artmış və torpaq sahəsi alaraq ev tikmək istəmişdir. Həmin vaxtlar başqa salonlardan işləmək üçün təkliflər gəlmiş və ona pul lazım olduğundan bu barədə Rüfətə başqa salonlarda yüksək məbləğdə iş təklif olunduğunu bildirmişdir. Rüfət başqa salona getməməsi üçün ona 18000 manat pul təklif etmişdir. O, ehtiyacı olduğundan Rüfətlə razılaşaraq başqa salona getməkdən imtina edərək Rüfətlə işləmək qərarına gəlmişdir. Rüfət 2020-ci ilin may ayında "xxxx" ASC-dən 15000 manat kredit götürmüş və həmin kredit üzrə 3 il müddətinə, hər ay 520 manat ödəniş onun tərəfindən ödənilməli olmuşdur. Beləliklə, Rüfət 2020-ci ilin may ayında ünvan 2 ünvanında yerləşən “Face studio”nun qarşısında ona bankdan götürdüyü 15000 manat və əlavə olaraq özündən də 3000 manat pulu, ümumilikdə 18000 manat pulu ona vermişdir. Həmin puldan 13.500 manata torpaq sahəsi almış, qalan 4.500 manatını isə xərcləmişdir. Əlavə olaraq, İddiaçı, 2020-ci ilin dekabr ayına kimi 4000 manat pul ödəmiş, lakin sonradan ödəyə bilməmişdir. - 16 iyun 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2020-ci ilin may ayında Cavabdeh 18.000 manat məbləğində borc vermişdir. Cavabdeh borcunu qaytaracağını öhdəsinə götürsə də, iddiaçının etdiyi müraciətlərə baxmayaraq borcunu qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə, iddiaçı 2020-ci ilin may ayında cavabdehə 18000 manat məbləğində borc vermiş, cavabdeh borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, öz öhdəliklərinə əməl etmədiyindən iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, öhdəliyinə əməl etməmişdir. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borcu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Bu zaman məhkəmə, cavabdehin ibtidai araşdırma zamanı verdiyi izahatında iddiaçıdan 18000 manat məbləğində borc alması barədə izahatını, qanunvericiliyin tələbi baxımından, cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinə münasibətdə isə qeyd edir ki, iddiaçı cavabdehdən məhz 21717 manat məbləğində pulun tutulması ilə bağlı qənaətə ona görə gəlmişdir ki, o, cavabdehə verdiyi pulun 15000 manat hissəsini "xxxx" KB ASC-dən kreditə götürmüş, həmin pulun üzərinə qalan 3000 manat hissəni özü əlavə etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün bankdan götürülmüş 15.000 manat borcun üzərinə 3717 manat faiz gəlmişdir (15.000+3000+3717=21717). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan 18000 manat borc alması, həmin borcun 15.000 manat hissəsinin bankdan götürülmüş vəsait hesabına, qalan 3000 manat hissənin isə iddiaçının öz vəsaiti hesabına verilməsi işin mübahisəsiz halıdır, tərəflərin hər ikisi də bunu təsdiq edirlər, bununla belə, iş materiallarından da göründüyü kimi, tərəflər arasında bankdan götürülmüş kreditin faizlərini cavabdehin ödəyəcəyi barədə razılaşma olmamış, cavabdeh bununla bağlı öz üzərinə hər hansısa öhdəlik götürməmişdir, tərəflər aralarında bağlanmış şifahi müqavilənin şərtinə uyğun olaraq borcun faizsiz verilməsini şərtləşdirmişlər. Göründüyü kimi, iddiaçı iradə ifadəsini əks etdirərkən borc verilən gündən ödəniləcək günədək hər hansı məbləğdə əlavə pul vəsaitinin ödənilməli olması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdehin etirazında iddiaçının ona verdiyi borcun 4000 manat hissəsini ödəməsi ilə bağlı göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı verilmiş borc məbləğindən cavabdehin hər hansı ödəniş etmədiyini qeyd etmiş, həmin hissədə sübut etmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq, bunun əksini təsdiq edə biləcək dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin etirazında göstərdiklərinin əsası yoxdur. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar