Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3023/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh Nizami rayonu 201 saylı tam orta məktəbə qarşı “əmək mübahisəsi zəminində verilmiş əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh Nizami rayonu 201 saylı tam orta məktəbinə qarşı “əmək mübahisəsi zəminində verilmiş əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 201 saylı tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli intizam tənbehi barəsindəki əmrinin ləğv edilməsi və bu qərarı növbədən kənar pedaqoji şurada elan etməklə ondan üzr istəməsi və X1 inzibati məsuliyyətə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
5. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından görünür ki, hazırda iddiaçının iddia tələbi onun barəsində verilmiş intizam tənbehi əmrinin ləğv edilməklə növbədənkənar pedaqoji şurada elan edilməsi, ondan üzr istənilməsi və cavabdehin inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir. Yəni, iddia tələbinin bir hissəsi əmək mübasibətlərindən irəli gələn mübahisələrə aid olsa da, bir hissəsi qeyri-əmlak xarakterli mübahisələrə daxildir.
6. Məhkəmə qeyd edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunsa da, qanunvericiliyə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, həmçinin zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş (100 manat) məbləğdə dövlət rüsumu ödənilməlidir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir.
8. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı Cavabdeh tərəfindən hədələndiyini və şantaj edildiyini, onun təsir və təzyiqləri altında şər-böhtan dolu məlumatlardan ibarət ərizələr yazaraq müxtəlif ünvanlara göndərdiyini bildirərək cavabdehin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir.
9. İddiaçının iddia tələbinin qeyd edilən hissəsi mülki mühakimə icraatı qaydasında baxılmalı olan mübahisə deyil. Belə ki, iddiaçı cavabdeh tərəfindən hədələnməsinə və şantaj edilməsinə dair hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
10. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsinə dair mülki prosessual qanunvericiliyin tələbinə riayət edilmədiyi üçün İddiaçı cavabdeh Nizami rayonu 201 saylı tam orta məktəbinə qarşı “əmək mübahisəsi zəminində verilmiş əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh Nizami rayonu 201 saylı tam orta məktəbinə qarşı “əmək mübahisəsi zəminində verilmiş əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva