Məhkəmə qərarları › İş №2(007)-3046/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3046/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3046/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirmə ərizəsi verərək iddia ərizəsində texniki səhv olaraq anasının adı Dina yazılmışdır. Anasının adının Dina yox Nina kimi oxunmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırdı ki, Nizami rayon Mənzil İdarəsi Kommunal Mənzil Şöbəsi tərəfindən 1967-ci il tarixdə verilmiş orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzil mərhum anası X7 ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir. Daha sonra, Nizami Rayon İcra Hakimiyyətinin 05.09.2013-cü il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin icarədarı olan anası X5 ölümü ilə əlaqədar mənzilin icarə müqaviləsi onun adına dəyişdirilmiş və o, mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. O, 10.10.1980-cı ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan olan övladları yetkinlik yaşına çatmışlar. Cavabdehlə ailə qurduğu vaxtdan münasibətləri normal olmamış, daim aralarında mübahisələr yaranmış və nəticədə o, cavabdehə qarşı 1998-ci ildə "Nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir və cavabdehlə aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, bu barədə ona 28.03.1998-ci il tarixdə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Cavabdehlə rəsmi nikaha daxıl olduqdan sonra, cavabdehin Bakı şəhərində qeydiyyata düşməyə ünvanı olmadığından, təxminən 1985-ci ildə həmin vaxt order əsasında anasına məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmış və hal-hazırkı vaxtadək həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdeh 1998-ci ildən faktiki olaraq mübahisəli mənzildə yaşamamışdır. Onunla boşandıqdan sonra başqa qadınla nikaha daxil olmuş və onların özlərinə məxsus evləri və birgə nikahdan 2005-ci il təvəllüdlü X3 adlı bir qızı anadan olmuşdur. ünvan 1 ünvanında verləşən mənzil ilkin olaraq, Nizami Rayon Mənzil İdarəsi Kommunal Mənzil Şöbəsi tərəfindən verilmiş orderə əsasən mərhum X5, daha sonra isə mənzilin icarədarı anasının ölümü ilə əlaqədar vərəsəlik qaydasında onun adına dəyişdirilmişdir. O, cavabdehlə rəsmi nikaha daxil olouqdan sonra, cavabdeh mübahisəli mənzilə qeydiyyata alınsa da, həmin vaxt mənzil anasına məxsus olmuşdur. Lakin cavabdehlə aralarında nikah pozulduqdan sonra, 29.12.2013-cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reeystrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən cavabdeh X2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, mənzil anasının olub, 11 avqust 2009-cu ildə anası X10 rəhmətə gedib. Mənzil vərəsəliklə ona keçib. Cavabdehlə 1980-ci ildə nikaha daxil olmuşdur. 1998-ci ildə boşanmışdır. Cavabdeh boşanana qədər həmin mənzildə yaşayıb. Sonra gedib yenidən ailə qurub və rayonda yaşayıb. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirdi ki, 1998-ci ildən Dina xanımla ayrıldıqdan sonra həmin mənzildə yaşamır. Polis İdarəsinə getdiyini və həmin mənzildə yaşamadığını, mənzildən qeydiyyatdan çıxmaq istədiyini bildirmiş. Lakin ona məhkəmə qətnaməsi lazım olduğunu bildirmişlər. Bu səbəbdən də iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 75 saylı evin 42 saylı mənzilində Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı 382833 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 11.08.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.09.2009-cu il tarixdə 729 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 164340 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28.03.1998-ci il tarixdə 59 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX -tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 75 saylı evin 42 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatına iddiaçının adına 29.12.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 05.09.2013-cü il tarixli 87 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 75 saylı evin 42 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirlməsi barədə İddiaçı ərizə ilə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 75 saylı evin 42 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilməsi və o, həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 75 saylı evin 42 saylı yaşayış sahəsinə istifadə hüququna xitam verilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 75 saylı evin 42 saylı yaşayış sahəsinə istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar