Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-305/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o Bakı şəhəri, Nizamı rayonu, R.Rüstəmov küçəsində yerləşən 26 nömrəli yaşayış evinin yaşayış sahəsi 29,81 kv.m. olan 2 otaqlı, 14 nömrəli mənzilində yaşayır. Həmin ünvanda olan mənzilini 2008-ci ildə özəlləşdirmiş və Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair onun adına 04.04.2008-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarış verilməklə xüsusi mülkiyyət kimi reyestrdə qeydiyyatdan keçmişdir. Cavabdeh olan oğlu Cavabdeh 2003-cü ildən başlayaraq Naxçıvan MR-da hərbi qulluqda xidmət edib, daha sonra 2007-ci ildən isə ünvan 1 ünvanda yeni tikilən “Akkordun” binası sayılan binadan mənzil almışdır. O, ailəsi ilə birlikdə hal-hazırda da həmin mənzildə yaşayır. Onun mənzilində cavabdehə aid heç bir əşya qalmamışdır. Dəfələrlə cavabdehdən mənzili olan ünvandan qeydiyyatdan çıxmasını, yaşadığı ərazi üzrə qeydiyyata düşməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. O, övladlığa da layiq deyil, onu övladlıqdan da çıxarmaq istəyir. Cavabdehin onun mənzilində qeydiyyatda qalması nəticəsində mənzildən istifadə hüququ pozulur, ona görə əlavə olaraq kommunal xidmət xərclərini ödəməyə məcbur olur. Mənzilə dair bütün kommunal xərclərini həmişə o ödəmişdir. Hazırda cavabdehə görə əlavə xərc çəkmək istərmir. Eləcə də, mülkiyyətçi kimi də hüquqlarım kobud şəkildə pozulur, yəni cavabdehin razılığı olmadan mənzili barədə sərəncam verə bilmir. Qeyd olunan faktlar qohum və qonşuları tərəfindən də təsdiq edilə bilər. Ona görə də ünvan 2 ünvanda yerləşən 14 nömrəli mənzilin mülkiyyətçisi kimi hüquqlarının tam bərpa olunması və cavabdehin ailə üzvləri ilə birlikdə mənzilindən istifadə hüququna xitam verilməsi barədə hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməyə məcburdur.Qeyd olunanlara əsasən cavabdeh-Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 26 nömrəli yaşayış evinin 2 otaqlı, 14 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 26 nömrəli yaşayış evinin 2 otaqlı, 14 nömrəli mənzilindən istifadə hüququ vardır. Kompensasiya verməklə istifadə hüququna xitam verilə bilər. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan AR DİN ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsi 26 saylı evin 14 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı ******* saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsi 26 saylı evin 14 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 04.04.2008-ci il tarixdə daşınmaz əmlkın dövlət reyestrində 676 nömrəli reyestr kitabının 63810 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 28.04.2019-cu il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsi 21A saylı evin 33 nömrəli mənzilini 28.04.2022-ci il tarixinədək 300 manata Cavabdeh kirayəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən ”fiziki şəxsin adətən yaşadığı yer onun yaşadığı yer sayılır”. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən “əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı doğma oğludur. Belə olan halda yuxarıda qeyd olunan maddi-hüquq normalarının tələblərinə görə iddiaçı cavabdehin mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya verməklə xitam verilməsini tələb edə bilər. Lakin iddiaçı bu cür tələb irəli sürməmişdir. Ona görə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlaraı qiymətləndirərək hesab edir ki, iddiaçı öz tələblərinin istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-305/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-305/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver