Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-305/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb edilməklə “qeyri-yaşayış sahəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb edilməklə “qeyri-yaşayış sahəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti 126 ünvanındakı yaşayış evi koorperativ tipli yaşayış sahəsidir. Onlar 1983-cü il tarixdən həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Həmin dövrdə qüvvədə olan Mənzil Qanunvericiliyinin normalarına görə kooperativ yaşayış sahəsi payçının ailə üzvülərinin sayı və ehtiyacı nəzərə alınmaqla verilirdi ki, bu da qanunvericiliyə uyğun olaraq koorperativ üzvünün və ailə üzvlərinin mənzil üzrə müəyyən olunmuş paydan və ümumi istifadə üçün tutulmuş sahələrdən istifadə qaydalarını müəyyən edirdi. Bundan başqa, qanunauyğun olaraq binanın sakini ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin və ümumi istifadədə olan sahələrin saxlanması və təmirinə görə xərclərdə iştirak etməyə borclu olması və bu borcunu paylara mütənasib hissədən artıq olaraq həyata keçirməsi, həmçinin mübahisə predmeti olan sahənin əsaslı və cari təmir xərclərini həyata keçirməsi iddiaçıya subyektiv hüquq yaradır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın 4-cü giirşində yerləşməklə həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaqdır. Bu hal məhkəmə qaydasında da təsdiq edilmiş, işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi mübahisə edilən və cavabdehin şəxsi istifadəsində olan qeyri-yaşayış sahəsi sahə mülkiyyətçilərinin ümumi birgə əmlakıdır və binanın tərkib hissəsi olaraq ümumi istifadədə olmalıdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə münasibətdə etirazlar ünvanlayaraq Ramazanovların eyni məsələ üzrə ona qarşı qaldırdıqları 4-cü iddia tələbi olduğundan və həm Nizami Rayon, həm də Apellyasiya məhkəməsində Bakı şəhəri Q.Qarayev pr. 126 saylı binanın 4-cü girişində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ olmadığı üçün iddia qaldırmaq hüququ olmadığından iddiaları rədd olunduğundan hazırda da heç bir yeni sübut, dəlil, şahid, yenilik təqdim etmədiklərindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Etirazlar onunla əsaslandırılmışdır ki, məhkəmənin tanışlıq iclasında onlara məlum olmayan heç bir üzürlü səbəbi olmadan iddiaçının Ramazanov Elxan iştirak etmiş, iddiaçı heç bir ünsiyyət bacarığı, danışıq qabiliyyəti, özünü aparmaq etikası olmadığı üçün onu Ramazanov E. əvəz etmiş, o, orada onu istifadəsində olan qeyri-yaşayış sahəsinin qapısını qırmaqla hədələmişdir. Hansı ki, R.Elxan əvvəl sözügedən yerin qapısının kilidini 2 dəfə bilərəkdən sındırıb və həmin kilidləri o, sübut kimi saxlamışdır. Yenidən R.Elxanın bu hərəkətini xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında yenidən dilə gətirməyinin səbəbi onun bu qanunsuz hərəkəti törədərkən onun hüquq mühafizə orqanlarına şikayət etməməyidir. Həmçinin, onun dediklərinin heç biri həqiqəti əks etdirmirdi və paradoks təşkil edirdi. Birinci etiraf etdi ki, sözügedən yer bina təhvil verilən gündən onun mərhum yoldaşı tərəfindən istifadəyə götürülmüşdür, ama sonra həmin yerin qonşuları Cəlilova Asyanın olduğunu demişdir. C.Asya hakim Babək Qasımovun sədrliyi ilə keçən məhkəmə iclaslarında R.Elxana qarşı şahidlik etmiş və bunun üstündə R.Cəmilənin C.Asyanı zəng edərək həm Asyanı, həm də onu olmaz söyüşlərlə təhqir etməsi barədə aktı da məhkəməyə təqdim etmişdir. Orada R.Cəmilənin zəng etdiyi tarix və saat dəqiq şəkildə göstərilib. Bundan əvvəlki Ramazanov Elxanın iddiaçı olduğu məhkəmədə İddiaçı hər məhkəmə iclasında iştirak edirdi və məhkəmədən sonra məhkəmə həyətində onlar tərəfindən o və şahidlər təhqirlərə və hücumlara məruz qalırdılar. Elxan keçən tanışlıq iclasında xx.xx.2019cu ildə Ramazova Cəmilə tərəfindən eyni məzmunda ona qarşı irəli sürdükləri məhkəmə tələbiylə bağlı keçirən məhkəmə iclasının baş tutmama səbəbini guya məhkəmənin vaxtını səhv saldıqları üçün bildirsə də, düzün demədi ki, R.Cəmiləylə özünün söyüşləri, qaba hərəkətləri, fiziki hücumları, məhkəmə həyətində yaşanan insident nəticəsində vaxtında gəlinən məhkəmə iclası baxılmamış saxlanıldı. E.Ramazanov demişdir ki, guya məhkəmənin qərarında yazılmışdır ki, iddianın rədd edilmə səbəbi iddianı R.Cəmilənin yox, R.Elxanın qaldırmasıdır, İddiaçı mülkiyyətçi olduğu üçün iddianı o qaldırmalı idi. Halbuki, tələbin rədd edilmə səbəbi 2(007)-372/2020 nömrəli xx.xx.2020 tarixli qətnamədə qeyriyaşayış sahəsinin nə onun, nə də cavabdehin xüsusi mülkiyyətində olmaması və nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı hər hansı tələb hüququnun olmaması olmuşdur. Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımov keçən prosesdə ədalətli şəkildə məsələyə yanaşaraq həm yerində baxış keçirmiş, həm şahid qismində qonşuları dinləmişdir. Onun bu ədalətli qərarına Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinov da ədalətlə yanaşaraq həmin qeyri-yaşayış sahəsiylə bağlı hissəsini olduğu kimi saxlamışdır. İddiaçı tərəf istifadəsində olan qeyri-yaşayış sahəsindən guya o, icazə vermir ki, bunlar əşyalarını götürsün deyir, halbuki binanın sədrinin iştirakıyla qapını açmışdır ki, qalan 1-2 əşyasını da götürsün. Cəmilə dedi ki, onu götürmür, oğlu ilə içəri hücüm etdilər ki, yenə gətirib əşya yığacaqdır. Orada olan Ramazanov Elxanın özünün adlandırdığı əşyalar əslində onun deyil, anası tərəfindən qardaşı Ramazanov Cəfər üçün qoyulub. O, qardaşı ilə bu barədə danışmış və o, Azərbaycanda yaşamadığından yanvar ayında gəlib hamısını götürəcək, ona görə o, həmin əşyaları orada bugünədək qardaşının xətrinə saxlamışdır. Belə ki, R.Elxanın qardaşı R.Cəfərlə onların çox yaxşı münasibəti var. Onların yaşadıqları bina 10 blokludur və hər blokdakı qeyri-yaşayış sahələri tək insanların istifadəsindədir. Ümumi istifadə yeri dedikdə lift, liftin qarşısı, blokun girişi, gediş-gəliş yerləri, pilləkənlər, avadanlıqlar və qurğular olan otaqlar, şaxtalar, dəhlizlər, çardaqlar, həyətyanı sahələr nəzərdə tutulur. Ora heç kimə mane olmayan, heç bir avadanlıq və qurğu yerləşməyən tam maneəsiz və boş ayrı bir sahədir. Bina təhvil verilən gündən bugünədək 40 ildir ki, tək onun istifadəsindədir. Bu 40 ildə bir qonşunun nə narazılığı, nə də heç bir tələbi olmamışdır. İddiaçının yoldaşı R.Elxanın ailəsi 1986-cı ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qaraev prospekti 126, 52 saylı mənzilə köçmüş və həmin müddət ərzində bina sakini kimi tanınmışdırlar. Qısa müddətdən sonra R.Elxan valideynlərinin iradəsinə zidd hərəkətlərinə görə evdən qovulmuş və R.Cəmilə ilə özbaşlarına evlənmişdır. Həmin mənzilə R.Cəmilə ilə 2001-ci ildə qayıtmışlar. İddiaçı məhkəməni aldadaraq 1983-cü ildən həmin mənzildə qeydiyyatda olduğunu iddia etmişdir ki, iddia etdiyi kimi nəinki 1983-cü ildə o həmin mənzildə qeydiyyatda olmamış, həmin illərdə heç R.Elxanla evlənməmiş və həmin mənzildə yaşamamışdır. İddiaçı və yoldaşı evə qayıtdıqdan sonra az müddət ərzində ailəsi tərəfindən qeyri-adekvat insanlar kimi tanıdılmışdırlar. Əvvələr onun R.Elxanın mərhum valideynləri və bacısı ilə, hal-hazıradək qardaşı ilə çox yaxşı qonşuluq münasibətləri olmuşdur. Əvəllər onunla iddiaçı arasında da çox yaxşı qonşuluq münasibətləri olmuşdur. Belə ki, idiaçı ondan borc vəsaiti istəmiş, pul vəsaitini ondan almış və 5 ilə yaxın tam təmənnasız şəkildə saxladıqdan sonra natamam halda qaytarmaqla hal-hazırda ona 1000 manat borclu qalmışdır. Ona zəruri olduğu üçün borc vəsaitini 5 ildən sonra 2019-cu ilin mart ayında istədikdə o hər dəfə qaytaracağı vaxtı uzadaraq iyun ayında bankdan kredit götürdüyünü və ona görə faizə girdiyini, buna görə 5 il təmənnasız şəkildə borcu saxladığı halda çox sağ ol əvəzinə qəzəbləndiyini bildirdi və onu incitmək üçün məhkəməyə vermişdir. Binanın sədri və qonşuları Bəxtiyar müəllim R.Elxana məhkəmədən sonra bu əməlindən əl çəkməyi məsləhət bilsələr də o öz növbəsində mübahisəli yerin ona lazım olmadığını, onunla prinsip apardığı üçün həmin yeri əlindən çıxaracağını bildirmişdir. Eyni zamanda yaşadıqları binanın artıq istismar müddəti bitib, R.Elxanın dediyi uşaq arabası otağı köhnə SSSR-nin böyük şəhərlərində 24 mərtəbəli binalarda ştatlı işçiylə istifadəyə verilə bilərdi ki, belə qayda Azərbaycanda heç bir vaxt tətbiq olunmamışdır. Azərbaycanda bu layihədə olan binalar 9 mərtəbədən ibarət olub və uşaq arabası otaqlarının heç bir analoqu, heç bir nümunəsi Azərbaycanda yoxdur. Hər zaman belə sahələr Azərbaycanda tək insanların istifadəsində ancaq anbar kimi istifadə olunub. Həm də R.Elxan qohumunun evinə mağazasının xalçalarını yerləşdirib və o da təzəlikcə həmin xalçaları artıq aparmasını tələb edib, R.Elxan da onun istifadəsində olan həmin sahəni öz xalça anbarına çevirmək niyyətindədir. Keçən məhkəmə qətnaməsində də göstərildiyi kimi onun iki ədəd 20 litrlik qazanı Ramazanovlar tərəfindən oğurlanıb. Bu günə kimi nə o qazanları, nədə hal-hazırda evində olan ofis kreslosunu xəbər göndərməyinə baxmayaraq geri qaytarmırlar. İndi qalan əşyalarını da oğurlamalıdırlar? İddiaçı qonşulara deyib ki, R.Elxan və oğlu əsəbləşiblər və o yerə gələcək ki, onları bıçaqlayacaqlar. Qonşularda onun ana, qadın olduğunu, belə bir halı özünün sakitləşdirməli olmasını demişlər. Belə çıxır ki, onları bıçaqlamaq istəyən adamlarla o, oranı bir yerdə işlətməlidir ki, gəlib orada onlara fiziki xəsartət yetirsinlər. Son dəfə R.Cəmilə həmin sahədə ora daxil olarkən üstünə hücum etdi, və onun hücumundan polis çağıraraq birtəhər canını qurtarmışdır. Onların münasibətləri artıq o həddədir ki, iddiaçı tərəfin onlara fiziki xəsarət yetirməyəcəyinə heç kim zəmanət verə bilməz. Öz doğmalarına düşmən olan adamlar heç kimə qarşı normal münasibət bəsləyə bilməzlər. R.Elxanın anası və bacısı dəfələrlə onların əlindən qaçıb onun evinə sığınmışlar. Ramazanov E. məhkəmə iclasında bildirdiyinə görə guya "insanlıq" edib məhkəmədə ərizə yazaraq ona aid şkafın götürülməsindən imtina edib. Halbuki, onun adlandırdığı "insanlıq" onun şkafını götürməyinə qarşı evinin qapısını gecəgündüz izlədiyi kameranın sökülməyi ilə bağlı polisdə yazdığı ərizə olmuşdur. Nizami Rayon məhkəməsində daha əvvəl eyni iddia tələbiylə bağlı hakim Babək Qasımovun sədrliyi ilə keçən məhkəmə iclasında qərar oxunarkən R.Elxan özünün müharibə veteranı olduğunu və qərar verilərkən bunu nəzərə almağını hakimdən xahiş etdi. Eyni fikri xx.xx.2022-ci il tarixindəki məhkəmə iclasında da dilə gətirdi, müharibə veteranı adından sui-istifadə edərək müharibə veteranıdır deyə isdədiyi qanunsuzluğu həyata keçirə bilər. Hansı ki, R.Elxan veteran adını ön cəbhədə əlinə silah alaraq düşmənlə üz-üzə vuruşmadan, arxa cəbhədə ictimai vəzifədə çalışaraq əldə edib. Həmin dövrdə Gədəbəydə ailəsiylə birgə ev kirayələyərək yaşayıb və səhər işinə, axşamsa normal insanlar kimi evinə, ailəsinin yanına gəlib. xx.xx.2022-ci il tarixindəki məhkəmə iclasında R.Elxan məhkəməyə qeyri-ciddi yanaşaraq, hörmətsizlik edərək öz nitqini bitirdikdən sonra məhkəmə otaqını tərk etmək istədi, qarşı tərəfin nə deyəcəyinin onu maraqlandırmadığını söylədi. Sual yaranır ki, əgər onun nə deyəcəyi onu maraqlandırmırdırsa, onu niyə məhkəməyə vermişdir ki? Belə məhkəmə iddiaçısı olur? Eyni zamanda iddiaçı iddia tələbində Azərbaycan Respublikasının onu qəsdən incitmək istədiklərini, bu adamların bina təhvil veriləndən onun istifadəsində olan kiçik bir sahəni də onun əlindən çıxartmağa çalışırlar. O, 1996-cı ildə 41 yaşından ailə başçısını itirmiş və övladlarnı halal zəhməti ilə və namusu ilə böyütmüşdür. R.Cəmilə kimi asan yolla pul qazanmaq üçün əlinə mikrafon alıb kafe və yeməkxanalarda mügənnilik etməmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin 40 illik mühəndisidir, mərhum yoldaşı da neftçi olmuş və Neft Daşlarında müdir müavini vəzifəsində çalışmışdır. İddiaçı R.Cəmilə və yoldaşı R.Elxan İncəsənət Universitetinin aktyorluq fakültəsinin məzunudurlar, iddiaçının yoldaşı 8-ci km bazarında xalça alverçisidir. O özü hal-hazırda təqaüddədir. Ramazanovlar ailəsinin malik olduqları mülk və malın heç biri özləri tərəfindən qazanılmayıb, hamısı fırıldaqla mənimsənib. R.Elxan ailəsi tərəfindən öz qardaşına vəsiyyət olunan bütün əmlakı mənimsəyib və faktiki olaraq qardaşına o əmlakdan heç nə verməyib. Hətta ondan əvvəlki Kamil Balakişiyev 11, blok 41, mənzil 69-da yaşayan Sofia adlı üzbəüz qonşularının 4 otaqlı mənzilini mənimsəmişlər. Onun mənzili iki otaqdan, iddiaçının isə mənzil sahəsi üç otaqdan ibarətdir və orada 3 nəfər yaşayır, evindən beş dəqiqəlik məsafədə onun iki böyük anbarı və mağazaları vardır və 2013-cü ildə vəfat edən bacısı R.Gülzarın Yasamal rayonunda yerləşən mənzilini qardaşından gizli mənimsəyərək həmin evi satıb Kürdəxanıda da 5 otaqlı evi almışdır. Həmçinin 2019-cu ilin fevral ayında özünün dediyinə görə o, veteran olduğu üçün dövlətdən yeni ev almışdır. Onun qeyd edilən qeyri-yaşayış sahəsinə ehtiyacı yoxdur. Hüquqi cəhətdən iddia tələbinə yanaşdıqda iddiaçı öz iddiasını geniş formatda maddələrlə əsaslandırmış, lakin hər hansı normativ hüquqi maddənin ümumiyətlə iddia tələbinə tətbiq edilməməli idi. Həmçinin, iddiaçının ona qarşı qaldırdığı iddia əsassız olduğundan öz hüquqi qüvvəsini itirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında barışıq olmamışdır. Onun yaşadığı mənzilinə çıxarışları var. Sovet dövründə həmin sözügedən qeyri-yaşayış sahəsi uşaq arabalarının qoyulması üçün nəzərdə tutulmuşdur. 2012-ci ildə o, cavabdehə oranı təmir etməsi üçün icazə verməsini və hər ikisinin də oradan istifadə etməsini demiş və o, oranı təmir etdirmişdir. Oradakı dəmir qapını isə Dilşad qoymuşdur, amma onlar oranı 2019-cu ilə qədər birlikdə istifadə etmişlər. Mübahisəli qeyri-yaşayış sahəsində onun və rəhmətli anasının əşyaları vardır, hansı ki, o, onları da götürmək istəyir. Onun qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdeh maneə yaradaraq oranın açarını dəyişmişdir və onun oradan istifadə etməsinə imkan vermir. Buna səbəb isə guya o, Dilşada oğru demişdir. O, sonra Dilşada ona oğru demədiyini, açarı verməsini demiş, o da buna baxacağını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazların məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, aralarında barışıq yoxdur, iddiaçıdan başqa bütün qonşular oradan istifadə edə bilər. O, iddiaçının oradan istifadə etməsinə icazə vermir. Ora onun yoldaşının olmuşdur. Onun yaşadığı mənzilinə çıxarışı var. İddiaçı ona oranı təmir etmələrini və buna görə də pul verməsini demiş, o da 1000 manat təmir pulunu vermiş, Elxan da təmir etmişdir. Oranın açarı ondadır, qarşı tərəf vicdansızdır və onun düşmənidir. Onların qarşı tərəflə, Elxanın qardaşı ilə əvvəllər yaxşı münasibətləri olmuşdur. Elxanın qardaşı Rusiyadadır, zəng edib hələ də onun kefini soruşur. Həmin sahədə olan Elxanın anasının əşyalarını isə o, Elxana yox, qardaşına təhvil verəcəkdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ünvan 3 ünvanında 4-cü blokda yerləşən 52 saylı mənzildə ailə üzvləri ilə yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh isə, həmin binanın 51 saylı mənzilində yaşayır. Binanın 4-cü blokun girişində qeyri-yaşayış sahəsi vardır. Tərəflər arasında həmin qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə mövcud olmuş və İddiaçı Elxan Ramazanov, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin Cavabdeh alınıb ona verilməsi və həmin binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-372/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5336/2020 saylı qətnaməsi ilə X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin “binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi” barədə iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələri arasındakı pilləkən meydançasında yerləşdirilmiş dəmir şkafın Cavabdeh tərəfindən götürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən binaya yerli baxış keçirilərkən həmçinin müəyyən olunmudur ki, mübahisəli qeyri-yaşayış sahəsinin içərisində hər iki tərəfə məxsus əşyalar var. Göründüyü kimi yaşayış binasının bütün mənzillərə xidmət edən ümumi otaqları, pilləkən meydançaları və digər hissələri hər bir mənzil sahibinin ümumi mülkiyyəti olduğu üçün, onlardan hər hansı biri binaya qanunsuz müdaxilənin qarşısının alınması üçün iddia qaldırmaq hüququna malikdir. Hazırkı işdə mübahisəli qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun girişində yerləşməklə, həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaq olması işin mübahisəsiz halıdır. Bu fakt, həm tərəflərin izahatları, həm də şahidlərin (həmin binanın sakinləri) ifadələri ilə təsdiqlənir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçı Elxan Ramazanovun “sözügedən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin Cavabdeh alınıb ona verilməsi” tələbinə dair haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Eyni zamanda, məhkəmə tərəfindən yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahənin açarının tək istifadəçi kimi bina sakinlərinin birindən alınıb, digərinə verilməsi ilə bağlı qərar qəbul edilməsi digər mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılması kimi ədalətsiz bir nəticə doğurardı ki, bu da hüquqi baxımdan yol verilməzdir. Eyni zamanda qətnamə ilə müəyyən edilmişdir ki, yaşayış binasının bütün mənzillərə xidmət edən ümumi otaqları, pilləkən meydançaları və digər hissələri hər bir mənzil sahibinin ümumi mülkiyyəti olduğu üçün, onlardan hər hansı biri binaya qanunsuz müdaxilənin qarşısının alınması üçün iddia qaldırmaq hüququna malikdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Hansı ki, Cavabdeh da məhkəmə iclasında öz izahatında iddiaçıdan başqa bütün qonşuların mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edə biləcəyini və iddiaçının oradan istifadə etməsinə icazə vermədiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-372/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5336/2020 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaq olması faktı işin mübahisəsiz halı olmuş və yaşayış binasının bütün mənzillərə xidmət edən ümumi otaqları, pilləkən meydançaları və digər hissələri hər bir mənzil sahibinin ümumi mülkiyyəti olduğu üçün, onlardan hər hansı biri binaya qanunsuz müdaxilənin qarşısının alınması üçün iddia qaldırmaq hüququna malik olduğu müəyyən edilmişdir. Hər iki məhkəmə qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Bütün bu hallar isə göstərir ki, iddiaçının hazırda mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddia qaldırmaq hüququ olduğundan və bu hal qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunduğundan cavabdehin etirazı əsassızdır və mülki iş üzrə icraata xitam verilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçının qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ və mübahisəli qeyri-yaşayış sahəsinin həmin ünvanda yaşayan mənzil sahiblərinin ümumi mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hazırda iddiaçıya cavabdeh tərəfindən də həmin qeyriyaşayış sahəsindən istifadəyə maneələr yaradıldığı etiraf edildiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən İddiaçı yaradılmış maneələr aradan qaldırılsın. İddiaçıtərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-305/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-305/2023
18.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver