Məhkəmə qərarları › İş №2(007)-3070/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3070/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3070/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X2 Cavabdeh1 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh1 “yeni tikilidə mənzil verilməklə və yeni mənzil verilənədək aylıq kirayə haqqı ödənilməklə söküləcək mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh1 qarşı “yeni tikilidə mənzil verilməklə və yeni mənzil verilənədək aylıq kirayə haqqı ödənilməklə söküləcək mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1/3 pay hissə ilə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən köhnə binasında 58,60 kv.m sahəsi olan üçotaqlı 24 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının həmin ərazidə yeni inşa etdiyi binada birgə mülkiyyətçilərə söküləcək mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehin söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTKnın istifadəsinə verilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış 0,0529 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi 1 ünvanda 36 yaşayış sahəsi olan dördmərtəbəli bina yerləşir. Həmin yaşayış binası ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, müasir yaşayış tələblərinə cavab vermir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,0529 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da Cavabdeh1 ilə razılıq əldə etmək mümkün olmayıb. İddiaçı Cavabdeh1, mənzilin digər birgə mülkiyyətçiləri X6 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Ordubadi 1 ünvanda yerləşən çıxarış üzrə hər birinə 1/3 pay hissə ilə məxsus olan ümumi sahəsi 58,60 kv.m təşkil edən üçotaqlı 24 saylı mənzilinin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faizdən də artıq, yəni 86,32 kv.m sahəsi olan yeni üçotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Digər payçılar Cavabdeh2 və Cavabdeh3 iddiaçının təklifi ilə razılaşsalar da, cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilin əvəzinə sahəsi 52 kv.m-dən ibarət üç ədəd birotaqlı təmirsiz mənzillər, 110 000 mant pul və 20 kv.m qeyri-yaşayış sahəsi tələb edir. Bu hərəkətləri ilə cavabdeh əsassız varlanmaq məqsədi ilə İddiaçı MTK-dan əlavə mənzillər və sahələr əldə etmək üçün bilərəkdən tikinti və söküntü işlərinə maneələr yaradır. Bu səbəbdən də söküntü tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 208 saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın sədri N.B.Kərimov Mülki-prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə 30 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 1/3 pay hissə ilə digər mülkiyyətçiləri Cavabdeh2 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən köhnə yaşayış binasındakı 58,60 kv.m sahəsi olan üçotaqlı 24 saylı mənzilin sökülməsi, söküləcək mənzilin əvəzinə iddiaçının həmin ərazidə yeni inşa etdiyi binada cavabdehlərə onların söküləcək mənzilinin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehlərə hər ay 450 manat kirayə haqqı ödənilməklə onların söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MTK-nın sədri N.B.Kərimov iddia tələbinin dəqiqləşdirilməsi barədə 01 dekabr 2023-cü il tarixli ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasındakı 58,60 kv.m sahəsi olan üçotaqlı 24 saylı mənzilinin sökülməsi, söküləcək mənzilin əvəzinə iddiaçının həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 3 saylı binanın E bloku (1-ci girişi) 5-ci mərtəbəsindəki 86,32 kv.m. sahəsi olan üçotaqlı 24 saylı mənzil tikilmiş və təmirli vəziyyətdə təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehlərə hər ay 450 manat kirayə haqqı ödənilməklə onların söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı MTK-nın sədri N.B.Kərimov iddia tələbinin dəqiqləşdirilməsi barədə 07 dekabr 2023-cü il tarixli ərizə təqdim edərək, Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasının nəzərə alınmasını, iddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 2/3 pay hissəsi ilə ona məxsus olan mənzilin əvəzləşdirilməsilə bağlı imzalanmış 07 dekabr 2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini, birgə paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasındakı 58,60 kv.m sahəsi olan üçotaqlı 24 saylı mənzilin sökülməsi, söküləcək mənzildə Cavabdeh1 1/3 payının 19,5 kv.m.-in əvəzinə iddiaçının həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku (1 girişi) 5-ci mərtəbəsindəki sahəsi 36,51 kv.metrdən ibarət birotaqlı 32 saylı mənzil ona tikilmiş və təmirli vəziyyətdə təhvil verilməklə və yeni mənzil təhvil verilənədək ona hər ay 350 manat kirayə haqqı ödənilməklə onun söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın 30 oktyabr 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə Cavabdeh3 və Cavabdeh2 cavabdehlər qismində işə cəlb edilmişdir. Məhkəmə baxışı zamanı "xxxx" MTK-nın 07 dekabr 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə Cavabdeh3 cavabdehlər sırasından çıxarılmış, Cavabdeh2 ilə 07 dekabr 2023-cü il tarixdə Barışıq Sazişi imzalanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(007)- 3070/2023 saylı qərardadı ilə İddiaçı MTK ilə Cavabdeh2 arasında imzalanmış Barışıq Sazişi təsdiq edilmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib, sonuncu mübahisə predmeti olan mənzilin 2/3 və 1/3 pay hissə ilə iki şəxs arasında bölündüyünün müəyyən edildiyini, Cavabdeh2 ilə onun pay hissəsinə uyğun olaraq barışıq əldə etdiklərini, Cavabdeh3 mülkiyyətçi olmadığı üçün cavabdeh sırasından çıxardıqlarını bildirdi. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 ilə İddiaçı MTK arasında imzalanmış Barışıq sazişinin təsdiq olunması barədə qərardadın və Cavabdeh1 münasibətdə, birgə paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasındakı 58,60 kv.m sahəsi olan üçotaqlı 24 saylı mənzilin sökülməsi, söküləcək mənzildə Cavabdeh1 1/3 payının 19,5 kv.m.-in əvəzinə iddiaçının həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku (1 girişi) 5-ci mərtəbəsindəki sahəsi 36,51 kv.metrdən ibarət birotaqlı 32 saylı mənzil ona tikilmiş və təmirli vəziyyətdə təhvil verilməklə və yeni mənzil təhvil verilənədək ona hər ay 350 manat kirayə haqqı ödənilməklə onun söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında İddiaçı MTK ilə aralarında barışıq əldə edildiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını qəbul etmədiyini, hüquqlarının pozulduğunu, bu halda danışıqlara getməyəcəyini və mənzilin sahəsinin 95 kv.m olduğunu bildirdi. İddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli, 2(007)- 1072/2008 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, M.S.Ordubadi küçəsi, 1 nömrəli evin 24-cü mənzili Cavabdeh3 1/3 pay, Cavabdeh2 1/3 pay və Cavabdeh1 oğluna 1/3 pay olmaqla özəlləşdirilməsi qət edilmişdir. - İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında yaranmış məhkəmə mübahisəsinə son qoymuş və iddia predmetinin tərəflərə aid hissəsində mübahisəni barışıqla həll etmək məqsədi ilə saziş imzalamışlar. - 21 yanvar 2023-cü il, 08 iyun 2023-cü il, 21 iyul 2023-cü il, 17 avqust 2023-cü il, 22 avqust 2023-cü il, 09 sentyabr 2023-cü il, 13 sentyabr 2023-cü il, 16 sentyabr 2023-cü il, 22 sentyabr 2023-cü il, 30 sentyabr 2023-cü il, 06 oktyabr 2023-cü il, 07 oktyabr 2023-cü il, 10 oktyabr 2023-cü il, 11 oktyabr 2023-cü il, 13 oktyabr 2023-cü il, 20 oktyabr 2023-cü il, 06 noyabr 2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, İddiaçı MTK Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən binanın sakinləri ilə həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə etmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 18 iyul 2022-ci il tarixli, 33210 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, A.Manafov, K.Balakişiyev, M.S.Ordubadi küçələrinin kəsişmələrində sifarişçi İddiaçı MTK tərəfindən inşa ediləcək yaşayış binalarının, Baş plan üzrə 2 və 4 saylı binaların layihəsinə rəy verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vanında Bakı Səhər Memarlıq və Şəhərsalma Bas İdarəsinin 12 dekabr 2022-ci il tarixli, Tİ 120/22 saylı icazəsinin surətindən görünür ki, İddiaçınə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakisiyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2440-cı məhəllə ünvanında yaşayış binalarının tikintisinə icazə verilmişdir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2440-cı məhəllədə yerləşən torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-ya verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, "Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarının surətindən görünür ki, "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, "Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmiş, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələri: mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi; görülmüş işlər barədə ayda 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi; Qərar qüvvəyə mindiyi gündən 7 (yeddi) iş günü qeyd edilən tikintiyə icazə icraatına başlanılmış (layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş) tikinti layihələri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsi barədə qərar qəbul edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 1/3 (hüquq sahibinin identifikatoru **********), Cavabdeh3 1/1 (hüquq sahibinin identifikatoru **********) və Cavabdeh2 1/3 (hüquq sahibinin identifikatoru **********) hər birinin 1/3 hissədə payları vardır. Mənzilin ümumi sahəsi 58.60 kv.m təşkil edir. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 19 avqust 2021-ci il tarixli, 208 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 03 fevral 2021-ci il tarixli, 56 saylı müraciətini, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11- 13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021- 03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nun texniki rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Orbita" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi, həmçinin ərazidə yerləşən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus nasos stansiyasının və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator qurğusunun yenidən qurulması və ətrafının abadlaşdırılması şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilmişdir. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. - 26 sentyabr 2023-cü il tarixli, 22250 nömrəli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı evin 24 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Orbita" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi, həmçinin ərazidə yerləşən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus nasos stansiyasının və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator qurğusunun yenidən qurulması və ətrafının abadlaşdırılması şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 19 avqust 2021-ci il tarixli, 208 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Cavabdeh1 ilə razılığa gələ bilməmişlər. Hazırda iddiaçı, cavabdeh tərəfindən birgə paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 24 saylı 58.60 kv.m sahəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək iddiaçı tərəfindən cavabdehin 1/3 payının 19,5 kv.m.-in əvəzinə iddiaçının həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku (1 girişi) 5-ci mərtəbəsindəki sahəsi 36,51 kv.metrdən ibarət birotaqlı 32 saylı mənzil tam təmirli yeni mənzilin verilməsi, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 24 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, hər ay üçün 350 manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdehə onun Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilinin sökülərək Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi yeni yaşayış binasında, əlavə sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 350 manat kirayə haqqı ödənilməklə, cavabdehin 24 saylı mənzilindən çıxarılmasını bildirməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X5 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X10 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 tərəfindən Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzili sökülməli, həmin mənzilin əvəzinə Cavabdeh1 İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsinin əvəzinə 36.51 kv.m sahəli və əlavə olaraq tam təmirli mənzil verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh1 hər ay ümumilikdə 350 (üç yüz əlli) manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasındakı 58.60 kv.m sahəsi olan üçotaqlı 24 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzil sökülsün, həmin mənzildə Cavabdeh1 1/3 payının 19.5 kv.m-in əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku (1-ci girişi) 5-ci mərtəbəsindəki sahəsi 36.51 kv.metrdən ibarət bir otaqlı 32 saylı mənzil ona tikilmiş və təmirli vəziyyətdə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh1 hər ay 350 (üç yüz əlli) manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzildən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar