Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3071/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinə "ev təhsili müəllimi" vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçıya dəymiş mənəvi ziyan əvəzi olaraq 10000 (on min) manat, həmçinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat, ümumilikde, 10410 manat (on min dörd yüz on manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 aprel 2012-ci il tarixində X8 ilə ailə həyatı qurmuş, onun həmin nikahdan 2 (iki) qız övladı vardır. İddiaçı 2025-ci ilin fevral ayından üçüncü övladı üçün hamilədir. İddiaçının anası X5 uzun sürən onkoloji xəstəlik nəticəsində 05 iyun 2025-ci il tarixində vəfat etmişdir. İddiaçı 2008-2012-ci illər ərzində Azərbaycan Dillər Universitetində xarici dil - ingilis dili müəllimi olaraq əyani təhsil almış və həmin universiteti bitirmişdir. İddiaçı xx.xx.2012-ci il tarixindən Suraxanı rayonu, 7 nömrəli xüsusi internat məktəbinə "tərbiyəçi" təyin edilmiş, lakin xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə 7 nömrəli xüsusi internat məktəbi ləğv edildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. xx.xx.2014-cü il tarixində Təhsil Nazirliyinin 990 nömrəli əmrinə əsasən Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinə (bundan sonra "cavabdeh", "işəgötürən" və ya "müəssisə" adlandırılacaq) "ev təhsili müəllimi" vəzifəsinə qəbul edilmişdir. İddiaçı cavabdeh müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar üçün onların evində onlara baza səviyyədə təhsil və təlim-tərbiyə tədris etmişdir. Məsələn, yazma, oxuma, davranış qaydaları və s. İddiaçı 20 iyun 2025-ci il tarixində təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikasiya imtahanında iştirak etmiş, mümkün 50 baldan 15 bal yığaraq imtahandan kəsilmişdir. Cavabdeh Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixindən ləğv edilmişdir. Hesab edir ki, aşağıdakılara əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğvi edilməli və iddiaçı işinə bərpa edilməlidir. Əmrin ləğv edilməsi üçün əsas ondan ibarətdir ki, iddiaçı 2025-ci ilin fevral ayından üçüncü övladı üçün hamilədir (qoşma: iddiaçının hamiləliyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir) və hamilə qadınlar sertifikasiyaya cəlb edilmədikləri halda iddiaçı hamilə olduğu halda cavabdeh tərəfindən qanunsuz olaraq sertifikasiyaya cəlb edilmiş və sertifikasiyanın nəticəsi əsas gətirilərək iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, məhkəmə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2ci maddəsinin 2-ci bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci bəndinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç", 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair 17 fevral 2016-cı il tarixli qərardadı ilə aşağıdakı hüquqi mövqe ortaya qoyulmuşdur: "On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə sosial yönümlü dövlətdir. Göstərilənlərə əsasən, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı var. Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir". Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından da açıq-aşkar göründüyü kimi, dövlət hamilə qadınları hamiləlik müddəti və uşaq doğulduqdan sonra 3 (üç) yaşına çatanadək olan müddət ərzində sertifikasiyadan azad etmişdir. Bunun səbəbləri müxtəlifdir. Əvvəla, hamiləlik dövründə qadınların hormonları dəyişdiyindən ümumilikdə fizioloji və psixoloji vəziyyətləri sabit olmadığından, o cümlədən, 3 (üç) yaşına qədər uşağa qulluq etmək fizioloji və psixoloji baxımdan olduqca ağır və gərgin əmək tələb etdiyindən qanunvericilik ədaləti və bərabərliyi təmin etmək üçün bu kateqoriyadan olan qadın işçilərə maksimum dərəcədə güzəşt və imtiyazlar təmin edir. Bu güzəşt və imtiyazlardan biri də hamilə qadınların təhsilverənlərin sertifikasiyalaşdırılmasına cəlb edilməməsidir. Digər bir səbəb isə ondan ibarətdir ki, qanunvericilik bu tip qadağalarla hamilə və 3 yaşına qədər uşağı olan qadın işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsini, ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsini hədəfləyir. Belə olduğu təqdirdə cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tələbləri gözlənilməmiş və iddiaçının qanunsuz olaraq işdən çıxarılmasına səbəb olmuşdur. Ona görə də cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğvi edilməli və iddiaçı işinə bərpa edilməlidir. Hazırki tələb əmrin ləğvi və işə bərpa tələbindən törəmə tələbdir. Əsas tələb təmin olunacağı təqdirdə törəmə tələbin də təmin edilməsi üçün öz-özlüyündə hüquqi zəmin yaranır. Buna görə də cavabdehin əmri qanunsuz və əsassız olduğu üçün ləğv ediləcəyinə və iddiaçı öz işinə (vəzifəsinə) bərpa olunacağına görə iddiaçının özündən asılı olmayan səbəblərə görə, daha doğrusu, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məcburi olaraq iş buraxdığı dövrə görə əldə etməli olduğu əmək haqqı ödənişləri ona geri ödənilməlidir. Bu tələbin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Digər iddia tələbi isə ondan ibarətdir ki, iddiaçının qanunsuz və əsassız olaraq, xüsusilə də üçüncü övladı üçün hamilə olduğu və anasının yeni rəhmətə getdiyi müddətdə əvvəlcə qanunsuz olaraq sertifikasiyalaşdırmaya cəlb edilməsi, daha sonra isə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilərək işdən uzaqlaşdırılması iddiaçıya fiziki iztirablar və mənəvi sarsıntılar yaşadaraq ona mənəvi ziyan vurmuşdur. Ali Məhkəmənin də mövqeyi budur ki, hamilə vəziyyətdə olan - üçüncü övladını gözləyən qadının iş yerini itirməsi onsuz da həssas olan qadın psixologiyasına ağır zərbələr vurması mübahisə mövzusu ola bilməz. İddiaçı müstəqil olaraq yaşadığı mənəvi ziyanın kompensasiyası qismində ona ödənilməli vəsaitin məbləğini 10000 manat (on min manat) olaraq qiymətləndirməkdədir. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə xx.xx.2025-ci il tarixində mediasiya təklifi ilə müraciət etmiş və xx.xx.2025-ci il tarixində Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Buna görə də xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış tərtib edilmişdir. Arayış iddiaçıya xx.xx.2025-ci il tarixində mediator tərəfindən şəxsən təqdim edilmişdir. İş üzrə iddiaçı tərəfindən 60 manat məbləğində ilkin mediasiya sessiyasında iştirak haqqı ödənilmişdir. Hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin xitam əmri və əmək kitabçası iddiaçıya xx.xx.2025-ci il tarixində şəxsən təqdim edilmişdir. İddiaçı əmri alan kimi dərhal peşəkar hüquqi yardım almaq üçün vəkil olaraq onunla əlaqə saxlamış, sübutlar toplanmış və xx.xx.2025-ci il tarixində mediasiya icraatı başladılaraq 1 aylıq müddətin axımı dayandırılmışdır. İddia müddətinin axımı ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayışın iddiaçıya təqdim edildiyi tarix olan xx.xx.2025-ci ildən etibarən bərpa olunmuş və iddiaçı həmin tarixdə də Bakı Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Ona görə də hazırki mübahisədə iddiaçı tərəfindən dövlət büdcəsinə hər hansı dövlət rüsumu ödənilməmişdir. Hazırki tələb iddiaçının əmək fəaliyyəti ilə bağlı yarandığından işə ümumi (rayon-şəhər) məhkəmələrində baxılmalı, cavabdeh təşkilatın hüquqi ünvanı isə Bakı Şəhəri Nizami Rayonunda yerləşdiyindən işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Hazırki iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmış və məhkəməyə təqdim edilmişdir. Buna görə iddiaçı ilə vəkil Nümayəndə arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmış və 350 manat ödəniş edilmişdir. Hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Etirazlar:
4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinə qarşı (Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi, mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-3071/2025 nömrəli mülki iş vardır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, müəllimlik fəaliyyəti ilə məşğuldur və onunla bağlanmış əmək müqaviləsinə Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinin 30 iyun 2025-ci il tarixli OU240070065\e nömrəli əmri ilə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab etmiş və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bildirir ki, 20 iyun 2025–ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinin inglis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanından 15 bal toplamış və bununla da keçid balını (30 bal) toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırılmada iştirak etməyən və ya sertifikatlaşdırılmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırılmada iştirak etmək hüququna malikdirlər.Təkrar sertifikatlaşdırılmada iştirak etməyən şəxslər sertifikatlaşdırılmadan keçməmiş hesab olunurlar. İmtahan gününə qədər İddiaçı tərəfindən hamilə olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən Sertifikatlaşdırılmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Yəni iddiaçı imtahanın keçiriləcəyi tarix barədə əvvəldən xəbərdar olmuş, lakin bu barədə məlumatı və həkim arayışını iş yerinə təqdim etməmişdir. Yəni iddiaçı qəsdən hamilə olduğunu gizlətmiş və imtahanda iştirak etmişdir. Əlavə olaraq bildirir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67- 2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. Bundan əlavə qeyd etmək istiyərdi ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69\3-2-29F/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyinin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi təmin edilsin. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin göstərişi əsasında Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin direktorunun əmri əsasında xitam verilib. Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin inglis dili müəllimi İddiaçı işəgötürəni Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbidir və onunla bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin direktorunun əmri ilə xitam verilib. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi ziyan tələbi tamamilə əsassızdır. İddiaçı Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinə qarşı (Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi ziyan” tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə oalraq bildirdi ki, iddiaçının ixtisası ingilis dili müəlliməsidir lakin evdə təhsil keçib. Əmək kitabçasında evdə təhsil müəllimi, işə götürmə əmrində müəllim, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə ingilis dili ixtisaslı evdə təhsil müəllimi kimi yazılıb. Sertifikatlaşdırmada isə 40 sual ingilis dilindən, 20 sual da metodikadan olub. İxtisasdan faktiki dərs keçməyib. 11 ildir ki, ancaq primitiv baza səviyyəsində sağlamlıq imkanları məhdud uşaqlara dərs keçib. Bundan başqa sertifikasiya xx.xx.2025-ci ildə keçirilib. Həmin vaxt iddiaçı təxminən 18 həftəlik hamilə olub. Hamilə olduğunu dəfələrlə direktora bildirmişdir. Əmək Məcəlləsinə əsasən hamilə qadınların sertifikatlaşdırılması keçirilmir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) nümayəndəsi X6 bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı hamilə olduğunu bilirdisə imtahana girməzdi və bu gün belə problem olmazdı. İddiaçı ingilis dili müəlliməsidir, evdə təhsil keçirdi. 2024-2025-ci tədris ilində İddiaçıRəhim qızı üç uşağa dərs keçib. Onların məktəbində coğrafiya, tarix, azərbaycan dili və ingilis dili fənni tədris edilmir.
7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, iddiaçı müəllim işləyib və sertifkasiyada iştirak edib. Keçid balı 30-dur, o, isə 15 bal yığıb. Bununla da şəxs işdən azad olunub. Əmri direktor verib. Hamilə olduğu ilə bağlı məlumat verib imtahanda iştirak etməməli idi. Lakin sertifikasiyadan keçən müəllimlərin maaşı çox olduğu üçün iddiaçı bilərəkdən hamilə olduğunu gizlədib. Attestasiyanı agentlik həyata keçirir. Əmək haqqını isə onlar verirlər.
8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
9. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 50 manat mediasiya xərci ödəmişdir.
11. 126853 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Təhsil Nazirliyinin 990 nömrəli əmrinə əsasən Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbində "ev təhsili müəllimi" vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə ingilis dili ixtisaslı ev təhsil müəllimi ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
12. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, 20 iyul 2025-ci il tarixdə cavabdehə təklif göndərilmişdir.
13. Hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı hüquqi yardım üçün 350 manat ödəniş etmişdir.
14. Cavabdeh xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrindən görünür ki, 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin ingilis dili ixtisaslı evdə təhsil müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilsin. 2. İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılsın. Əsas: 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri.
15. “X4” tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli müayinə sənədindən görünür ki, İddiaçı 8 həftə 4 günlük hamilədir.
16. “X1” tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 25 həftəlik hamiləlik təsdiq olunmuşdur.
17. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı debet kartına xx.xx.2025xx.xx.2025-ci tarixdə 2907,23 manat mədaxil edilmişdir.
18. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 25 iyun 2025-ci il tarixli əmrindən görünür ki, məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.
19. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 22 oktyabr 2024-cü il tarixli, KQ-15 nömrəli qərarından görünür ki, Cavabdeh adı Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinə dəyişdirilmişdir.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Təhsil Nazirliyinin 990 nömrəli əmrinə əsasən Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbində "ev təhsili müəllimi" vəzifəsinə qəbul edilmişdir. İddiaçı hamilə olduğu dövrdə sertifikatlaşdırmaya cəlb olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmri ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin ingilis dili ixtisaslı evdə təhsil müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehin 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinə "ev təhsili müəllimi" vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçıya dəymiş mənəvi ziyan əvəzi olaraq 10000 (on min) manat, həmçinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat, ümumilikde, 10410 manat (on min dörd yüz on manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
67-2-ci maddəsinin 2-ci bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 74-cü maddənin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 79-cu maddəsinin 1-ci bəndinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 132-ci maddəsinə əsasən, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294-cü maddənin 4-cü hissəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294-cü maddənin 5-ci hissəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın:
1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç", 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair 17 fevral 2016cı il tarixli qərardadı:
"On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə sosial yönümlü dövlətdir. Göstərilənlərə əsasən, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı var. Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir"
24. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
26. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və 20 iyul 2025-ci il tarixdə Cavabdehnə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) təklif göndərilmişdir. 05 avqust 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.
30. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir.
31. Məhkəmə iddia tələbinin cavabdehin “əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
32. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrdə ilk öncə təhsil müəssisəsinin adı düzgün şəkildə qeyd edilməmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 22 oktyabr 2024-cü il tarixli, KQ-15 nömrəli qərarından görünür ki, Cavabdeh adı Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbinə dəyişdirilmişdir. Buna baxmayaraq sözügedən əmrdə Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi yazılmalı olsa da Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəb qeyd edilmişdir.
33. Bundan əlavə işçinin əmək kitabçasında onun ixtisası "ev təhsili müəllimi" qeyd edilmişdir. Lakin Cavabdeh xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrində Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin ingilis dili ixtisaslı evdə təhsil müəllimi qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) nümayəndəsi bildirmişdir ki, iddiaçı sağlamlıq imkanları məhdud uşaqlara evdə təhsil tədris edirdi. Onların məktəbində coğrafiya, tarix, azərbaycan dili və ingilis dili fənni tədris edilmir. Göründüyü kimi iddiaçı tədris etdiyi fəndən yox ixtisası üzrə sertifikatlaşdırmaya cəlb olunmuşdur. Halbuki, Cavabdehndə (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 2014-cü ildən ixtisası üzrə fənni tədris etmir.
34. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddia ərizəsinə etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən Sertifikatlaşdırılmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərildiyini qeyd etsə də, həmin bildirişi nə cavabdeh, nə də sertifikatlaşdırmanı həyata keçirən orqan məhkəməyə təqdim etməmişdir.
35. Qeyd olunanlardan başqa iddia tələbinin qanuni əsasını iddiaçının hamilə olması təşkil edir. Bu məhkəməyə təqdim edilmiş müayinə sənədləri ilə də sübut olunur. Qanunvericiliyin tələbinə əsasən hamilə qadınların sertifikatlaşdırılması keçirilmir. Hamilə qadınların bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinə əsasən, hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər.
36. Beləliklə, xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmr qanunun tələblərinə zidd olduğundan ləğv edilməlidir.
37. Məhkəmə iddia tələbinin “İddiaçı Bakı Şəhər Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbinə "ev təhsili müəllimi" vəzifəsi üzrə işinə bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
38. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmr ləğv edildiyindən İddiaçı əvvəlki vəzifəsinə ("ev təhsili müəllimi") bərpa olunmalıdır.
39. Məhkəmə iddia tələbinin “əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
40. Belə ki, xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmr qanunsuz və əsassız olduğundan cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.
41. Odur ki, xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
42. Məhkəmə iddia tələbinin “iddiaçıya dəymiş mənəvi ziyan əvəzi olaraq 10000 manat tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.
43. Məhkəmə iddia tələbinin “ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 manat” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etdiyindən iddia tələbi bu hissədə təmin edilməlidir.
Məhkəmə baxışının hədləri:
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticə:
46. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğv edilməli, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməli, Cavabdehndən (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 60 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
47. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
48. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 30 iyun 2025-ci il tarixli, OU**********/e nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. Cavabdehndən (Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbi) 60 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova