Məhkəmə qərarları › İş №2(007)-3078/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3078/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3078/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 21.07.2007-ci il təvəllüdlü X3, 21.07.2010-cu il təvəllüdlü X1, 15.01.2016-cı il təvəllüdlü X2 (X4) ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh onun ailə üzvü deyildir, onunla hər hansı qohumluq əlaqələri yoxdur. Cavabdeh qeydiyyata düşməyə Bakı şəhərində hər hansı ünvanı olmadığından, azyaşlı uşaqlarının orta məktəbə getmələri ilə əlaqədar şəxsiyyət vəsiqəsi almağa ehtiyacı olduğunu bildirdiyindən, cavabdehin və uşaqlarını onun xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrinə razılıq verməyini xahiş etmiş və o, uşaqların orta təhsil almasına köməklik göstərmək məqsədilə cavabdehin və uşaqlarının evinə qeydiyyata düşmələrinə razılıq vermişdir. Lakin cavabdeh və uşaqları bir gün belə ona məxsus mənzildə yaşamamışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki,Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; Həmin məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xarakterli müraciətlərə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə mülki işin icraatına xitam verilməli, işin icraatına xitam verildiyi üçün eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi ərizəçiyə izah edilməlidir. Hazırkı qərardad iddiaçı tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 261.0.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə icraata, iş məhkəmədə baxılmalı olmadığından, xitam verilsin. İşin icraatına xitam verildiyi üçün eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi İddiaçı izah edilsin. Hazırkı qərardad İddiaçı tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar