Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3086/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi və s.) X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi X4, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanda 40 kv.m olan yaşayış sahəsinin boşaldılaraq "xxxx" MTK-nə təhvil verilməsi, yaşayış sahəsinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 həmin ərazidə, yeni tikiləcək 8 saylı binanın 13-cü mərtəbəsində xarici sahəsi 84,7 kv.m, daxili sahəsi 72,1 kv.m olan 1 ədəd 2 otaqlı 2B-82 nömrəli təmirli mənzil verilməsi, əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 600 manat kirayə haqq Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərcinin təmin edilməsi, Cavabdeh2 məxsus ünvan 2 ünvanda 61,2 kv.m elan yaşayış sahəsini boşaldılaraq "xxxx"xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 həmin ərazidə, yeni tikiləcək 8 saylı binanın 6-cı mərtəbəsində xarici sahəsi 91 kv.m. daxili sahəsi 78.8 kv.m olan 1 ədəd 3 otaqlı 3A-30 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsinin verilməsi, əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərcinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamı ilə İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 1/14 saylı müraciəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri haqqında’’ Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquqruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6.02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. “KURSUS-NİZAMİ" Mənzil Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühim işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da, tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlərin istifadəsində olan yaşayış sahəsinin mülkiyyətçiləri danışıqların aparılması və razılığın əldə olunması üçün razılığa gəlmirər. Cavabdehlərin bu hərəkətlərinin MTK-nin işlərini gecikdirməkdən başqa heç bir hüquqi tərəfi yoxdur və onların bu gecikdirmələrinə görə MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Cavabdeh1 ünvan 1 ünvanda 40 kv.m olan yaşayış sahəsi vardır. "KURSUS- NİZAMİ” MTK onun 40 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 8 saylı yeni yaşayış binasında 13-cü mərtəbəsində xarici sahəsi 84.7 kv.m, daxili sahəsi 72,1 kv.m olan 1 ədəd 2 otaqlı 2B-82 nömrəli təmirli mənzili Cavabdeh1 təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 600 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilicək. Mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərci təmin ediləcək. Digər Cavabdeh2 ünvan 2 ünvanda 61,2 kv.m olan yaşayış sahəsi vardır. Onun əvəzinə “KURSUS- NİZAMİ" MTK onun 61,2 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 8 saylı yeni yaşayış binasında 6-cı mərtəbəsində xarici sahəsi 91 kv.m, daxili sahəsi 78.8 kv.m olan 1 ədəd 3 otaqlı 3A-30 nömrəli təmirli mənzil və həmin binada ümumi sahəsi 18 kv.m olan bir ədəd qaraj sahəsi Cavabdeh2 təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günəcək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilicək. Mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərci təmin ediləcək. “Fortis-Bayıl" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu münasibətləri tənzimləyən qərarı Qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur. Həmin qərarda daha sonra qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılğın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi ən yüksək məhkəmə instansiyası hesab edilən Azərbaycan Respublikasının Konstitusiyası bu cür mübahisələrdə hüquqdan sui-istifadə hallarına yol verilməməsi, bir və ya bir-neçə şəxsin mənafeyinin çoxluğun mənafeyindən üstün tutulmasının aradan qaldırılması üçün konseptual mövqe müəyyən etmiş, eyni zamanda yeni normativ-hüquqi aktların qəbul olunmasının zəruriliyini əlaqədar dövlət orqanlarının nəzərinə çatdırmışdır. Lakin, bəzi hallarda aşağı məhkəmə instansiyalarında bu cür mübahisələrə baxılarkən hakimlər Azərbaycan Respublikasının Konsttusiya Məhkəməsinin qeyd edilən qərarında müəyyən edilən tövsiyələrə etinasız yanaşırlar mülkiyyət toxunulmazlığı prinsipini əsas tutaraq fərdlərin mənafeyinin toplumun mənafeyindən daha üstün tutan qərarlar qəbul edirlər. Bu da haqlı olaraq uzun illər davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bir və ya birneçə şəxsin mənzil toxunulmazlığının qarşısı alınsa da, çoxluğun daha abad, müasir geniş mənzillərdə yaşamaq arzusu nəzərə alınmır. Hazırkı mübahisə üzrə cavabdehlərədə sahib olduqları əmlakın əvəzinə daha geniş, abad əmlaklar təklif olunmuşdur. Lakin onlar hüquqdan sui-istifadə edərək razılığa gəlməkdən imtina edirlər. Cavabdehin etirazı: Cavabdeh1 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 38-də yerləşən, şəxsi mülkiyyətində olan 25 saylı mənzildə o, ailə üzvüləri ilə birlikdə uzun illərdi yaşayır. Mənzildə hər cür şərait yaratmışlar. Mənzili metronun yaxınlığındadır. İddia ərizəsindən göründüyü kimi, daşınmaz əmlakların mülkiyyətçilərinin qanunvericiliyin tələbləri nəzərə alınmaq şərti ilə, çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün iddiaçı "KURSUS- NZAMİ" mənzil tikinti kooperativinə icarə əsasında torpağ sahəsi istifadəyə verilmişdir. Binada hal-hazırda heç bir söküntü işləri aparılmamışdır. Bütün sakinlər yaşayırlar. Ona təkif olunan ölçüdə yeni mənzil verilməsinə etiraz etməmişdir. İddiaçı tərəfdən, yaşadığı ərazidə yeni tikilmiş, təmirli 2 (iki otaqlı) təklif olunan ölçüdə hazır mənzilin verilməsini xahiş etmişdir. Ona bununla bağlı məlumat verəcəklərini bildirmişlər. Son anda nədənsə danışıqlardan yayınmışlar. Onun həyat yoldaşı xəstədir. Özü əməliyyat olunmuşdur. İllərlə müxtəlif ünvanlarda kirayə mənzillərdə yaşamağa onların sağlamlığı imkan vermir. Bundan əlavə ona 24 (iyirmi dörd) ay ərzində mənzilinin tikilib təhvil verilməsinə dair heç bir zəmanət yoxdur. Əlavə olaraq iddiaçı tərəfindən mənzilinin ölçüləri hətta düzgün göstərilməmişdir. Hal-hazırda yaşadığı ərazidən iddiaçı tərəfindən təklif olunan ölçüdə yeni tikilidən tam təmirli hazır (dərhal) 2 (iki) otaqlı mənzil verildikdən sonra, yaşadığı mənzilin boşaldılmasına dair qərar qəbul edilməsini xahiş edir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 38-də yerləşən, şəxsi mülkiyyətində olan 25 saylı mənzildə o ailə üzvüləri ilə birlikdə uzun illərdi yaşayır. Məhkəmənin icraatında olan 2(007)-3086/2025 saylı iş materiallarından və iddia ərizəsindən göründüyü kimi iddiaçı nəinki ona, hətta məhkəməyə də müqavilə təqdim etməmişdir. Bundan əlavə işə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tikintiyə dair sənədi (Forma 2), tikinti ilə bağlı torpağa dair icarə müqaviləsini və təhvil-təslim aktını, tikintiyə icazəyə dair sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının hansı müddətə mənzili tikib təhvil verəcəyi və öhdəlik pozularsa, hansı məsuliyyət daşıyacağı, tikintidə hansı materiallardan istifadə edəcəyi, icarəyə götürülmüş torpağ sahəsində tikiləcək binada yaşayacağ sakinlərinin torpağ üzərində mülkiyyət və sərəncam hüququnun olmaması, həmçinin tikinti ilə bağlı zəmanətin olmaması qeyri-müəyyənlikdən xəbər verir. MTK-nin icarə müddəti bitdikdə və ya icarə müqaviləsi pozulduqda, torpağla bağlı hüquqi status dəyişə bilər. Bu, binanın ümumi statusuna təsir edə bilər. Bundan əlavə təqdim etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi ilə bağlı inernet vergi idarəsinin sənədindən göründüyü kimi iddiaçı vergi qanunvericiliyinin pozulması və pozulmalara görə dəfələrlə müxtəlif illərdə haqqında məsuliyyət tədbirləri görülməsi təsdiq olunur. "Ulusal Az" saytında dərc edilmiş, təqdim etdiyi "xxxx" MTK-nın Bakı şəhər İcra hakimiyyətinin sərəncamı əsasında söküldüyü Nizami rayonu, K.Balakişiyev küçəsinindəki 41 və 43 nömrəli binaların sakinləri ilə məhkəmə çəkişməsi davam edir yazısından göründüyü kimi iddiaçıdan narazılıq var. Tikiləcək binaya dair sənədin (Forma-2), tikinti ilə bağlı torpağa dair icarə müqaviləsinin və təhvil-təslim aktının, tikintiyə icazəyə dair sənədin, veriləcək mənzillə bağlı müqavilənin, eyni zamanda balans haqqında məlumatın iddiaçıdan tələb edib işə əlavə edilməsini xahiş edir. Yaşadığı ərazidə İddiaçı tərəfindən təklif olunan ölçüdə yeni hazır tikilidən tam təmirli 2 (iki) otaqlı mənzilin onun ailəyə verilməsinə, daha sonra mənzilin boşaldılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onlara 72 kv.m sahəsi olan ev, bir də qaraj verirlər. Təsdiq olunmuş layihə FHN-nin X1 Baş İdarəsində təsdiq olunur. Layihənin imzasız və ölçülər olmayan variantı işin içində var. Ali Məhkəmənin mövqeyi odur ki, verilən evin ölçüləri, hərşeyi dəqiq göstərilməlidir. Sübut edə bilmirlər ki, təsdiq olunmuş layihədə onlara verəcəkləri ev var. Onların evinin sahəsi 60 kv.m deyil, 70 kv.m-dir. Onlara sahənin üzərinə 10% əlavə gəlib 78 kv.m ev və qaraj verirlər. Onun mülkiyyətində heç qaraj yoxdur. Kirayə haqqı ilə bağlı razılıq etməmişlər, göstərilən qiymət azdır. Məhkəmə də kirayə haqqını müəyyən etmədi. Qarşı tərəf də sübut təqdim etmədi. Digər cavabdehin evi çıxarışda 40 kv.m-dir, amma o dedikləri kimi 48 kv.m olmağına inanır. Onlara əlavə 50% sahə verməklə 72 kv.m sahəsi olan ev verirlər. Amma onlara 10% artıq verirlər. Eyni iddiada tərəflər arasında ayrı seçkilik edirlər. Evi 4 otaqlıdır, sənəddə 3 otaq yazılıb, amma onlar 4 otaqlı etmişlər. Balkonu mətbəx etmişlər. İstifadədə 4 otaq olmasına baxmayaraq onlara 3 otaq təklif edirlər. Onun vəziyyətini pisləşdirirlər. Tələbdə olmasa da, deyirlər ki, bina 3 ilə hazır olacaq, amma 5 il də ola bilər. Binanı nə qədər gec versələr artıq faiz verməlidirlər. Onlar ev tikir deyə evlərindən didərgin düşüb kirayədə qalırlar. Layihə böyükdür əmindir ki, 3 il yox 4-5 ilə ancaq hazır olacaq. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 izahatında göstərdi ki, 9 ildir ki, o çöldə qalmışdır. Bacısının da onun kimi qalmağını istəmir. Bütün şirkətlər müqaviləni 24 ay müddətinə bağlayır, bunlar isə 36 aya bağlayırlar. Kim qarantiya verir ki, 36 aya mənzili təhvil verəcəklər? Təhvil verməsələr, kim məsuliyyət daşıyacaq? Bakı şəhər İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti zəmanət versin ki, evsiz qalmayacaqlar. Bir binanı 24 aya tikirsə, 16 binanı 36 aya necə tikəcək? Onlar hazır binada ev istəmişlər. Studio mənzil yazırlar, bu nə deməkdir? Onlarda evin sahəsi 40 kv.m deyil, onlarda sahə 48 kv.m-dir. Onlara əlavə artırma yoxdur. 600 manat kirayə haqqı yazırlar, 2-3 ilə elə qiymət olmur, kirayə haqqı qalxır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 izahatında göstərdi ki, onlar iddia tələbini qəbul etmir və hazır ev istəyirlər. Onlara təklif olunan ölçüdə ev veriləndən sonra çıxarılmalarını tələb edirlər. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materialları: Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu. 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “KURSUS-NİZAMİ" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı, 103260 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4n mənzil Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə, tam pay hüququ ilə ********** nömrə ilə qeydə alınmışdır və onun xüsusi mülkiyyətidir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
6. Bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X3 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X6 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir.
İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu. 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “KURSUS-NİZAMİ" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Həmin ünvanda, ünvan 4n mənzil Cavabdeh2, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 adına tam pay hüququ ilə qeydə alınmışdır və onların xüsusi mülkiyyətidir. İddiaçı həmin sərəncama əsasən binanın bəzi mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdehlər ilə razılığa gələ bilməmişdir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, cavabdehlərin istifadəsində olan mənzillərin yerləşdiyi ünvan 5 ünvanında yerləşən yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı Cavabdeh1 ünvan 1 ünvanda 40 kv.m olan yaşayış sahəsinin əvəzinə, orada inşa ediləcək 8 saylı yeni yaşayış binasında 13-cü mərtəbəsində xarici sahəsi 84.7 kv.m, daxili sahəsi 72,1 kv.m olan 1 ədəd 2 otaqlı 2B-82 nömrəli təmirli mənzili Cavabdeh1 təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 600 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsini, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərci təmin edilməsini nəzərdə tutmuşdur. Digər Cavabdeh2 ünvan 2 ünvanda 61,2 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 8 saylı yeni yaşayış binasında 6-cı mərtəbəsində xarici sahəsi 91 kv.m, daxili sahəsi 78.8 kv.m olan 1 ədəd 3 otaqlı 3A-30 nömrəli təmirli mənzil və həmin binada ümumi sahəsi 18 kv.m olan bir ədəd qaraj sahəsi Cavabdeh2 təklif edir. Əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günəcək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsini, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərcinin təmin edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mənzillərini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehlərə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehlərin ünvan 5 ünvanda yerləşən mənzilə olan hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh həmin ünvanda yerləşən mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Bundan başqa məhkəmə qeyd edir ki, sökülməsi nəzərdə tutulan yaşayış binalarının digər sakinləri MTK-nın onlara məxsus mənzilləri ilə bağlı onlara edilən oxşar təkliflərlə öz mənzillərinin sökülməsinə və yeni tikiləcək yaşayış binasında onlara mənzil verilməsinə razılıqlarını bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda göstərilən hallar və qanunvericilik normaları nəzərə alınmaqla ağlabatan və əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiçı isə tələb etmədiyindən, onun tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilməli, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 40 kv.m sahəsi olan 25 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 25 saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə yeni tikiləcək 8 saylı binanın 13cü mərtəbəsində xarici sahəsi 84.7 kv.m, daxili sahəsi 72.1 kv.m olan 1 ədəd 2 otaqlı 2B- 82 nömrəli təmirli mənzil Cavabdeh1 mülkiyyətinə verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh1 hər ay 600 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 25 saylı mənzildən 400 manat daşıma xərci ödənilməklə çıxarılmalı, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 61.2 kv.m sahəsi olan 43 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 43 saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə yeni tikiləcək 8 saylı binanın 6-cı mərtəbəsində xarici sahəsi 91 kv.m, daxili sahəsi 78.8 kv.m olan 1 ədəd 3 otaqlı 3A-30 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsi Cavabdeh2 mülkiyyətinə verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh2 hər ay 750 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 43 saylı mənzildən 400 manat daşıma xərci ödənilməklə çıxarılmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 40 kv.m sahəsi olan 25 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 25 saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə yeni tikiləcək 8 saylı binanın 13cü mərtəbəsində xarici sahəsi 84.7 kv.m, daxili sahəsi 72.1 kv.m olan 1 ədəd 2 otaqlı 2B- 82 nömrəli təmirli mənzil Cavabdeh1 mülkiyyətinə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh1 hər ay 600 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 25 saylı mənzildən 400 manat daşıma xərci ödənilməklə çıxarılsın. Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 61.2 kv.m sahəsi olan 43 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 43 saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə yeni tikiləcək 8 saylı binanın 6-cı mərtəbəsində xarici sahəsi 91 kv.m, daxili sahəsi 78.8 kv.m olan 1 ədəd 3 otaqlı 3A-30 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsi Cavabdeh2 mülkiyyətinə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh2 hər ay 750 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 38 ünvanda yerləşən 43 saylı mənzildən 400 manat daşıma xərci ödənilməklə çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov