Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-313/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti maraqlı şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti maraqlı şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə qanunsuz bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmək müqaviləsi üzrə bildiriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “ŞİRVAN - AZ LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəliyi ilə fərdi əmək müqaviləsi bağlamamışdır. Dəfələrlə MMC-yə müraciət etsə də, o ünvanda belə bir MMC-nin olmadığı üçün müraciəti geri qayıtmışdır. Buna görə də məcburən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 müraciət etdi. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 15 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə daxil olmuş müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar ünvanınıza (AZ1073, ünvan 3 xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq müraciətinizin ətraflı araşdırılması, müəssisə tərəfindən Sizə təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışını təqdim etməyiniz və izahatınızın alınması məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuş, lakin iştirak etməmisiniz. Eyni zamanda “ŞİRVAN-AZ LTD" MMC-nin ünvanına (AZ1031, Bakı şəhəri, Nizami rayonu, X3, ev 40) tərəfimizdən 3-17-5/2-39735/2024 nömrəli xx.xx.2024cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətinizin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Sizinlə “ŞİRVAN-AZ LTD" MMC-nin işəgötürəni arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, Cavabdeh MMC tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 avqust 2024-cü il tarixli, MŞB/3/2024-00558 nömrəli arayışından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.
10. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanan ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə heç bir məlumatı olmadan adına əmək müqaviləsi bağlanıb. Adına bağlanan qanunsuz əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.
11. Çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də “anbardar” vəzifəsinə işə götürülmüşdür və əmək haqqı 400 manat təşkil edir.
12. Taxes.gov.az-dan çıxarılmış çıxarışdan görünür ki, "xxxx" MMC-nin vergi ödəyicisi kimi statusu aktivdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı "xxxx" MMC-də anbardar vəzifəsinə işə götürülmüşdür və elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Lakin iddiaçının əmək müqaviləsindən xəbəri olmamış və İddiaçı "xxxx" MMC-də işləməmiş, aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarı:
Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən bağlanmış xx.xx.2020-ci tarixli əmək müqaviləsi İddiaçı iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanmışdır. İddiaçı "xxxx" MMC-də müqavilədə qeyd olunan “anbardar” vəzifəsində işləmədiyindən və əmək müqaviləsi Mülki Məcəllənin və Əmək Məcəlləsinin tələblərinə zidd bağlandığından etibarsız hesab olunmalıdır.
19. Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işə götürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini onların iradə ifadəsinə uyğun olaraq əks etdirməlidir. Etibarsız hesab olunması tələb olunan müqavilə isə birtərəfli qaydada yalnız işə götürən tərəfindən bağlanmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi vacibdir.
20. Göründüyü kimi xx.xx.2020-ci il tarixli əmək müqaviləsi, müqavilənin hər iki subyektinin, yəni işə götürən və işçinin iştirakı olmadan bağlanmışdır. Beləliklə, əmək müqaviləsi qanunvericiliyin tələbi pozulmaqla bağlandığından etibarsız əqddir. Həmçinin etibarsız əqdlər bağlandığı andan etibarsızdır. "xxxx" MMC tərəfindən bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən etibarsız hesab olunmalıdır.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri:
23. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
24. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bağlanmış 15 dekabr 2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bağlanmış 15 dekabr 2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova