Məhkəmə qərarları › İş №2(007)-314/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-314/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-314/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2431 (iki min dörd yüz otuz bir) manat məbləğində zərərin əvəzi və 44 (qırx dörd) manat dövlət rüsumunun, cəmi 2475 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin may ayında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri vətəndaşlar (bundan sonra “cavabdehlər”) Cavabdeh2 və Cavabdeh1 kirayəyə vermiş, həmin ilin sentyabr ayından başlayaraq cavabdehlər kirayə haqqı ödənişlərini gecikdirməyə və natamam şəkildə ödəməyə başlamışlar. Qeyd olunan səbəbdən xx.xx.2018-ci il tarixinə onunla cavabdehlər arasında “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca dair Akt imzalanmışdır. Akta əsasən, cavabdehlərin 2500 (iki min beş yüz) manat məbləğində ödənilməmiş borcu qalmış və onlar həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin cavabdehlər öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmişlər. Belə ki, bugünə qədər yalnız bir dəfə, xx.xx.2019-cu il tarixində borcun 400 (dörd yüz) manat hissəsi “e-Manat” ödəniş sistemi vasitəsilə ona ödənilmişdir. Qalan 2100 (iki min yüz) manat məbləğ cavabdehlər tərəfindən ödənilməmişdir. İddiaçı ödənilməmiş məbləğin qaytarılması üçün cavabdehlərlə dəfələrlə əlaqə yaradıb onlardan ödənişin həyata keçirilməsini tələb etsə də, cəhdləri nəticəsiz qalmışdır. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında cavabdehlərlə əlaqə saxlayıb öhdəliklərini yerinə yetirmələrini tələb etmiş, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək borclarını qaytarmaqdan ötrü ondan əlavə möhlət istəmişlər. Cavabdeh2 ilə həmçinin “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar aparılmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında götürdükləri pul öhdəliyini icra etməkdən əsassız olaraq yayınırlar. Bu səbəbdən də o hesab edir ki, cavabdehlər öz öhdəliklərini yerinə yetirməməklə ona vurduqları zərərin əvəzinin ödənilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada mülki məsuliyyətə cəlb olunmalıdırlar. İddiaçı həmçinin qeyd edir ki, o, AR MM-nin müvafiq müddəalarını və ölkədə istehlak qiymətlərində müşahidə olunan inflyasiya həddini nəzərə alaraq cavabdehlər tərəfindən ödənilməli məbləğə 2019, 2020 və 2021-ci illər üzrə azı 5% miqdarında faiz əlavə olunaraq ümumilikdə 2431 manat zərərin əvəzi onlardan tutulmalıdır. Cavabdeh1 məhkəməyə yazılı etirazla müraciət edərək iddia tələbinin təmin edilmədən rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsi qanunsuz və əsassız, olduğu üçün rədd olunmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbələrini pozaraq iddia ərizəsinə iddiasının əsası kimi tələb olunan sənədləri bilərəkdən əlavə etməmişdir. İddiaya əlavə etdiyi Akt daşınmaz əmlakın kirayəyə verilməsi üçün tələb olunan sənəd deyildir. Tərəflərin hüquq və öhdəlikləri müəyyən olmadığı üçün qanunsuz sənəddir. Aktın əsasını müqavilə təşkil edir. Buna görə də məhkəmə tərəfindən sübut mənbəyi kimi qəbul edilə bilməz. Akt sənədinə əsasən belə başa düşmək olar ki, kirayə münasibətlərini tənzimləyən hansısa sənəd olmuş və bu sənəd əsasında ödənişlər olmuşdur. İddiaçı hansı səbəblərdənsə bu sənədləri məhkəməyə təqdim etməmişdir. Kirayə münasibətləri xx.xx.2017-ci il mənzil-kirayə müqaviləsi əsasında onunla deyil, bir tərəfdən kirayə verən İddiaçı, digər tərəfdən kirayəçi qismində hüquqi şəxs olan "xxxx" MMC arasında bağlanmışdır. Hansı ki onun MMC-yə heç bir aidiyyəti yoxdur və oranın işçisi də olmamışdır. Cavabdeh1 və Cavabdeh2 arasında ödəniş haqqında şifahi razılaşma olub. Kirayə verən İddiaçı ilə danışıqlar aparmamışdır (həmçinin ödənişlər barədə). Ödəmələri Cavabdeh2 aparıb və hal-hazırda onun ona xeyli pul borcu var. Müqavilənin bağlandığı andan artıq 4 il 7 ay keçmişdir. Azərbaycan Respublikası MM-nin 373.2 maddəsinə görə müqavilə üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. İddiaçı müəyyən olunmuş iddia müddətini də ötürmüşdür. Həmçnin, o bildirir ki, İddiaçı ilə onun arasında heç bir anlaşma və danışıqlar olmayıb. Bundan başqa həmin ofisdə olduqları dövrdə ondan əlavə bir sıra insanlar da olub. Onlar haqqında heç bir məlumat da verilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o bildirdi ki, 2017ci ilin may ayında ona məxsus ünvan 1 yerləşən 41 və 42 saylı mənzilləri cavabdehlərə ayda 600 manata kirayəyə vermiş, cavabdehlər sentyabr ayında 600 manat əvəzinə 500 manat ödəmiş və həmin ay üzrə 100 manat ödəməmişlər. Bundan sonra oktyabr, noyabr, dekabr ayları tam ödəniş ediblər və yanvar ayında ödəniş etməmişlər. Hansı aylarda ödəniş olmadığı aktda göstərilmişdir. Qalan məbləğin 2500 manatı cavabdehlər xx.xx.2019-cu il tarixədək ödəyəcəklərinə söz vermiş və öhdəlik götürmüşlər. Borc 2500 manat idi, 400 manat ödənilib. O həmçinin avabdehlərə dəfələrlə pulu ödəməri üçün xəbərdarlıq etdiyini qeyd etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul etdiyini, bu borc məsələsində ona düşən borcu ödəməyə bir müsəlman kimi özünü borclu saydığını, orada "xxxx" MMC ilə bağlanmış müqavilə olduğunu, danışıqlarda iştirak etmədiyini, 2017-ci ilin may ayında müqavilə bağlanıldığını, oradakı kirayə haqqının demək olar ki, 70-80 faizini ödədiyini, borcu ödəməkdən yayınmadığını, sadəcə pandemiyaya görə çətinlik olduğunu, son ödənilmiş 400 manatı da özünün ödədiyini, üstünə düşən 800 manatı hissə-hisə ödəməyə hazır olduğunu, qalan borcun Cavabdeh2 tərəfindən ödənilməli olmasını, Şahların ona 4000 manat borcu olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli Mənzil kirayəsi müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri İddiaçı tərəfindən "xxxx" MMC-nin drektoru Cavabdeh2 xx.xx.2018-ci il tarixədək kirayə verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 41 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 42 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixli “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca” dair Aktdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri İddiaçı təhvil vermişlər, kirayəçilərin 2017-ci il sentyabr ayı üzrə 100 manat, 2018-ci il yanvar, fevral və mart ayı üzrə hər üç ay 600 manat, 2018-ci il aprel ayı üzrə 400 manat və 2018-ci il may ayı üzrə 200 manat olmaqla, 2500 manat məbləğində ödənilməmiş borcu qalmış və onlar həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər. - 1186 nömrəli qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixində 400 manat İddiaçı ödəniş edlmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2017-ci il tarixli Mənzil kirayəsi müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri İddiaçı tərəfindən "xxxx" MMC-nin drektoru Cavabdeh2 xx.xx.2018-ci il tarixədək kirayə verilmiş, Cavabdeh2 və Cavabdeh1 həmin mənzillərin kirayə haqqı ödənişlərini gecikdirməyə və natamam şəkildə ödəməyə başlamışlar. xx.xx.2018-ci il tarixinə İddiaçı ilə cavabdehlər arasında “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca” dair Akt imzalanmış, Akta əsasən, kirayəçilərin 2017-ci il sentyabr ayı üzrə 100 manat, 2018-ci il yanvar, fevral və mart ayı üzrə hər üç ay 600 manat, 2018-ci il aprel ayı üzrə 400 manat və 2018-ci il may ayı üzrə 200 manat olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində ödənilməmiş borcu qalmış və onlar həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin cavabdehlər öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmişlər. Belə ki, bugünə qədər yalnız bir dəfə, xx.xx.2019-cu il tarixində borcun 400 manat hissəsi iddiaçıya ödənilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 borcu ödəməkdən yayınmadığını, sadəcə pandemiyaya görə çətinlik olduğunu, özünə düşən hissəni, yəni 800 manat borcu hissə-hissə ödəyəcəyini, qalan borcun Cavabdeh2 tərəfindən ödənilməli olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə Cavabdeh1 hazırki mübahisə üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdehlərlə iddiaçı arasında borcun etirafına dair akt xx.xx.2018-ci il tarixdə bağlanılmış, həmin vaxtdan sonra, xx.xx.2019-cu il tarixdə borc məbləğindən ödəniş edilmiş, bundan sonra iddiaçı tərəfindın xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli Mənzil kirayəsi müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixədək kirayə verilmiş, həmin mənzillərin kirayə haqqı ödənişlərini gecikdirməyə və natamam şəkildə ödəməyə başlamışlar. xx.xx.2018-ci il tarixinə İddiaçı ilə cavabdehlər arasında “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca” dair Akt imzalanmış, Akta əsasən, kirayəçilərin 2017-ci il sentyabr ayı üzrə 100 manat, 2018-ci il yanvar, fevral və mart ayı üzrə hər üç ay 600 manat, 2018-ci il aprel ayı üzrə 400 manat və 2018-ci il may ayı üzrə 200 manat olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində ödənilməmiş borcu qalmış və onlar həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin cavabdehlər öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmişlər. Belə ki, bugünə qədər yalnız bir dəfə, xx.xx.2019-cu il tarixində borcun 400 manat hissəsi iddiaçıya ödənilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 Cavabdeh2 ilə bərabər borclarını ödəmədiklərini etiraf etmiş və o, ödəməkdən yayınmadığını, sadəcə pandemiyaya görə çətinlik olduğunu, özünə aid 800 manat borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə,işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehlərin iddiaçıya 2100 manat borcu qaldığı biləvasitə “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca” dair Aktla və işin materiallarında olan digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə iddiaçıya həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faiz ildə azı beş faiz miqdarında hesablanmaqla 3 il üzrə 315 (2100*5%=105*3) manat miqdarında əldən çıxmış fayda iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2100 manat kirayə haqqı, əldən çıxmış fayda qismində 315 manat və dövlət rüsumuna görə ödənilmiş 44,00 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 2459 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2100 manat kirayə haqqı, əldən çıxmış fayda qismində 315 manat və dövlət rüsumuna görə ödənilmiş 44,00 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 2459 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar