Məhkəmə qərarları › İş №2(007)-3149/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3149/2025

23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3149/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (saxta nikah; nikahın etibarsız sayılması; ər-arvad və s.) X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 28 dekabr 2024-cü il tarixdə bağlanaraq 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmaqla nikah haqqında 4214 nömrəli ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi sənədlərə görə 28 dekabr 2024-cü il tarixdə nikah rəsmiləşdirilmişdir. Nikah həmin tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmaqla bizə nikah haqqında 4214 nömrəli ilə qeyd edilmiş şəhadətnamə verilmişdir. Lakin bağlanmış bu nikah yalançı olmaqla görüntü xətrinə bağlanmışdır. Belə ki, Cavabdeh ilə ailə qurmaq üçün valideyinləri məcbur etdilər. Cavabdeh polis əməkdaşıdır, onun kvalifikasiyasını artırmaq üçün kursa göndərdilər. Həmin kursda isə təhsil almaq üçün gecələr orada qalmalıdır, lakin ailəli olsa, təhsil aldıqdan sonra evə qayıda bilərdi. Ona görə də onu məcbur etdilər ki, onunla rəsmi nikaha daxil olsun. Rəsmi nikaha daxil olsa da, toy mərasimi keçirilməmişdir. Nikaha daxil olduqdan sonra aralarında mübahisələr olmuşdur. Bundan sonra da onların aralarında ailə qurmaq niyyəti olmamışdır. Aralarında bağlanmış nikah heç bir hüquqi nəticə yaratmamışdır. Onlar heç vaxt birgə yaşamamışlar və birgə təsərrüfat aparmamışlar. Nikaha daxil olarkən heç onun soyadını da qəbul etməmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edib izahatında bildirmişdir ki, onların nişanı, toyu olmamışdır. İddiaçı ilə rəmsi nikah zamanı tanış olmuşdur. Amma onların valideynləri əvvəldən tanış olmuşlar. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmənin baxış iclasında iştirak etməmiş, cavabdeh işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MŞB/8/-2025-00994 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər mediasiya sessiyasında aralarında olan nikahın formal xarakter daşıması barədə razılıq əldə etmişlər. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. AZ-İİ seriyalı 657100 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4214 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.Axundovanın şikayəti üzrə” 18 fevral 2014-cü il tarixli qərarında izah etmişdir ki, Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:- nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; - pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Mülki Məcəllənin 340.1-ci maddəsi). Ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Ailə Məcəlləsinin 26-cı maddəsində, qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. İşin hallarından aydın olur ki, tərəflərin rəsmi nikah bağlamaq niyyəti onlara bir sıra güzəştlər tətbiq edilməsi niyyəti ilə əlaqədar olmuşdur. Göstərilən hallar isə nikahın etibarsızlığının əsaslarını təşkil edir. Çünkü qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olmadığı aydın olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddianı etiraf mahiyyətindəki mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunvericiliyə zidd deyil, başqa şəxslərin hüquqlarını pozmur. Göründüyü kimi, nikahın etibarsız sayılması üçün əsas olan hallar (şərtlər) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsində təsbit edilmiş və tərəflərdən, yəni ər və arvaddan birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması da onlar arasında bağlanmış nikahın etibarsız sayılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyətində olmamışdır. Məhkəmə xərcləri: Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu cavabdeh tərəfindən ödənildiyindən, ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmış və 4214 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmış və 4214 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar