Məhkəmə qərarları › İş №2(007)-3172/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3172/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3172/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X3, Cavabdeh və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən 136 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 oğlu X4 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu dünyaya gəlmişdir. Həmin il el adəti ilə toy etdikdən sonra ona məxsus cehiz əşyaları ilə birlikdə, sözügedən ünvanda yerləşən mənzilə gəlin köçərək cavabdehlərlə birlikdə yaşamağa başlamışdır. Cavabdehlərdən mənzilin mülkiyyətçisi Cavabdeh1 onun qayınatası, Cavabdeh2 onun qaynanası və digər Cavabdeh3 isə qaynıdır. Gəlin köçdükdən təxminən 2 il sonra ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Həmin mənzilə qeydiyyata düşdüyü vaxt mənzilin orderi olmuş və sonradan ev qaynatasının adına özəlləşdirilmişdir. Son illər həyat yoldaşı ilə münasibətləri soyumuş və aralarında narazılıqlar yaranmışdır. Həyat yoldaşı ilə münasibətlərinin soyumasından istifadə edən cavabdehlər qayınatası Cavabdeh1, qayınanası Cavabdeh2 və qaynı Cavabdeh3 ona mənzili boşaltmaqla bağlı təzyiqlər etmiş və sonunda azyaşlı övladı ilə birlikdə onu məcburi şəkildə avqust ayının 27-də sözügedən mənzildən çıxarmışlar. O, hal-hazırda övladı ilə valideyninin yanına sığınmaq məcburiyyətində qalmışdır. Övladı məktəblidir, Nizami rayon 251 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Özü də həmin rayonda yerləşən Körpələr evində rus dili müəlliməsi vəzifəsində çalışır. Valideyninin evinin dar olmağı, uşağın təhsil aldigi məktəbin və iş yerinin uzaq olması bir sıra çətinliklər yaradır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbinə münasibətdə xx.xx.2022-ci il tarixdə ərizə verərək, iddia tələbinə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı İddiaçı ondan xəbərsiz, icazəsi olmadan, onunla məsləhətləşmədən doğma atasi Cavabdeh1, anası Cavabdeh2 və qardaşı Cavabdeh3 qarşı mənzilə köçürmə tələbi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddia ərizəsində yazdıqları onun valideynlərinə qarşı şər və böhtandır. Belə ki, ünvan 3 ünvanında yerləşən mənzil onun atası Cavabdeh1 tam mülkiyyətindədir. Valideynləri və orada yaşayan qardaşı humanizm göstərərək onların tikdirdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 167 ünvanında olan "xxxx" MMC-yə məxsus mənzil hazır olana qədər ailəsi ilə birlikdə atasının mülkiyyətində olan mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Hal-hazırda həmin mənzil hazırdır, onlar həmin mənzilə köçmək ərəfəsindədirlər. Lakin onun arvadı İddiaçı anasının diktəsilə ailəyə narazılıq salıb. Narazılığın əsas səbəbi ondan ibarətdir ki, ona məxsus maaş kartından xx.xx.2022-ci il tarixdən 31,07.2022-ci il tarixdək pulları çıxardıb, ancaq "xxxx" MMC-yə ödəməyib. O, bunu biləndən sonra arvadına irad bildirmiş, maaş kartını bağlatdırmış, yeni maaş kartı alıb özü krediti ödəməyə davam etmişdir. Bunun səbəbini arvadı İddiaçı soruşanda o mənə bildirdi ki, pulları maaş kartından çıxardıb anasına vermişdir. Bu söz-söhbət olandan sonra ümumi istifadə etdikləri mənzilin açarının surətini hamıdan xəbərsiz olaraq çıxartmış onlardan xəbəri olmadan evdən çıxıb getmişdir. Atası Cavabdeh1 şəkər xəstəsidir, anası Cavabdeh2 böyrək əməliyyatından sonra bir böyrəyi çıxarılmış, xəstədir, qardaşı Cavabdeh3 otuz iki yaşı var, evlənmək istəyir. Lakin o, öz evi, mənzili ola-ola doğmalarına arvadı İddiaçı ilə birlikdə narahatlıq verirlər. Onun tikdirdiyi “AAAF NŞAAT"MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev pr. 167-də “AAAF-Park" yaşayış massivi 28 saylı küçədə yerləşən 4 saylı binada 57 saylı mənzilləri hazırdır. Arvadı İddiaçı, övladı X2 götürüb öz mənzilinə köçür. Onun ailəsini saxlamağa imkanı var. Hələ valideyinləri də ona kömək edir. Mənzilinin təmiri müddətində bir müddət kirayədə qalacaq. O, valideynlərinin bu yaşında razı deyil ki, onlar ona və ailəsinə görə əziyyət çəksinlər. O, arvad tapıb təzədən evlənə bilər, ancaq nə ata, nə ana tapa bilər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh1 oğlu X4 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və sözügedən mənzilə gəlin köçmüşdür. İddiaçının cehiz əşyaları da həmin mənzildədir. İddiaçı həmin mənzilə 2009-cu ildə qeydiyyata düşmüş, həmin evə köçən zaman ev özəlləşdirilməmiş və order Cavabdeh1 adına olmuşdur. Məhkəmə iclasında cavabdeh və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, sözügedən ünvan 1, 136 saylı mənzil özgəninkiləşdirilərkən iddiaçının razılıq ərizəsi olmamış, ondan razılıq ərizəsi istənilməmişdir. İddiaçı qardaşı Səxavətin həyat yoldaşıdır, hər ikisi işləyirlər, onların başqa yerdə yaşamağa, yəni kirayə tutmağa imkanları var. Onun valideynləri də dəfələrlə iddiaçıya kirayə pulları vermək istədiklərini, gedib kirayədə qalmalarını demişlər, qardaşı da iddiaçıya dəfələrlə kirayədə yaşamalarını təklif etmiş, amma iddiaçı bunlara razı olmamışdır. Bundan başqa qardaşı həyət evi tikdirir, tikintinin başa çatması üçün bir mərtəbəsi qalmışdır. Həmin sözügedən mənzil atasının adınadır, atası çıxarış alandan sonra iddiaçı ora qeydiyyata düşmüşdür. İddiaçı 2007-ci ildən 2022-ci ilin avqust ayınadək həmin mənzildə qalmış, hazırda isə faktiki anasıgildə qalır. Hal-hazırda qardaşı Səxavət həmin mənzildə onlarla yaşayır. İddiaçının fikri onlardan pul almaqdır. O, qardaşından ona 25000 manat verilməsini istəmişdir. İddiaçı 10000 manat verilsə çıxacağını demişdir. Qardaşı iddiaçıya kredetin ödənilməsi üçün 6000 manat pul vermiş, lakin iddiaçı anası ilə birlikdə həmin pulu mənimsəmişdir. Onlar qardaşının və uşağın evə gəlməsinə, orada yaşamasına etiraz etmirlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddiaçı ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan bir övladları var. Onlar sonradan ev almışlar, amma hal-hazırda ev tam hazır deyil. İddiaçı məhkəmədə bu iddianı ondan xəbərsiz qaldırmışdır. İddiaçı evin pulunu ödəmək üçün kartdan çıxarılan 6000 manatı mənimsəmişdir və evin ödənişini etməmişdir. İddiaçı bütün əşyalarını evdən götürmüşdür və hazırda atasının evində qalır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı X4 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu anadan olmuşdur. İddiaçı evləndikdən sonra Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanda yaşamağa başlamışdır. Qeyd olunan mənzil Cavabdeh1 verilmiş və MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən onun adına xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin qeydiyyat Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991-ci il tarixli orderinə, forma-2 arayışına, X1, X5, Cavabdeh2 və Cavabdeh3 razılıq ərizəsinə əsasən verilmişdir. 84 saylı MKİS-in 875 saylı, xx.xx.2010-cu il tarixli arayışı ilə İddiaçı mübahisəli mənzildə qeydiyyata olmadığı, 84 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 414 saylı arayışı ilə isə İddiaçı mübahisəli mənzilə xx.xx.2010-cu il tarixdə qeydiyyata düşdüyü müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 167 ünvanında "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 4, mərtəbə 8, ümumi sahəsi 42,8 kv.m ibarət 1 otaqlı 57 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 hesabından 5753,40 manat vəsait məxaric olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 2007-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçsə də, həmin mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991-ci il tarixli orderinə əsasən verildiyindən və bununla bağlı məsələlər köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 82-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun yaşayış evi əsaslı təmir edilərkən, icarədarı çıxarmadan təmir mümkün olmadıqda, kirayədar təmir edilən sahəni icarə müqaviləsini pozmadan əsaslı təmir müddətində icarədara və onun ailə üzvlərinə başqa yaşayış sahəsi verməlidir. İcarədar həmin sahəyə köçməkdən imtina etdikdə kirayədar onun məhkəmə qaydasında köçürülməsini tələb edə bilər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə bütün bu halları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 ona orderlə verilən ünvan 1 ünvanında yerləşən 136 saylı mənzilə gəlini İddiaçı razılıq əsasında köçürmüş və İddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməklə 2007-ci ildən yoldaşı və cavabdehlərlə birgə yaşamışdır. Daha sonra Cavabdeh1 həmin mənzilin xx.xx.2010-cu ildə mülkiyyətçisi olduqdan sonra xx.xx.2010-cu il tarixdə İddiaçı oraya qeydiyyata salmışdır. Hazırda İddiaçı və X4 arasında nikah pozulmamış, onların bir-birinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Həmçinin, valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək iddiaçının vəzifəsidir və onun azyaşlı uşağı var. Məhkəmə iclasında İddiaçı və X1 evlərinin hələ hazır olmaması, evə iddiaçının köçərək yaşaması üçün lazımi şəraitin olmaması, yəni evin təmirsiz olması, özünəməxsus başqa yaşayış sahəsinə malik olmaması öz təsdiqini tapmışdır. İş üzrə cavabdehlərin və iddiaçının həyat yoldaşının onların başqa yaşayış yerində kirayə qalacaq imkana malik olmasına dair gətirdikləri dəlillə bağlı məhkəmə bildirir ki, şəxsin kirayə haqqı ödənilməklə müəyyən yerdə yaşaması imkanının olması onun əvəllər istifadə hüququ yaranmaqla yaşadığı mənzilə olan ehtiyacını aradan qaldırmır. Bu hallar, İddiaçı özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsinə və onun mübahisəli mənzilə ehtiyacının aradan qalxmamasına əsas verir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. İddiaçının altı ay və daha uzun müddətə başqa yerə getməsi isə onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı ilə birlikdə xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin136 saylı mənzilinə köçürülsün. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar