Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3257/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin sahədən pasport qeydiyyatından çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09.01.2013cü il tarixdə verilmiş, seriya RX №0110369 saylı Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzili tam xüsusi mülkiyyətindədir. X4 ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2013-cü il tarixdə nikah qeydə alınmış və bu səbəbdən də yaşayış sahəsindən istifadəsi üçün İddiaçı tərəfindən cavabdehə mülkiyyətindəki mənzilə qeydiyyata saldırmışdır. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən birgə yaşamaları baş tutmamış, nikah əlaqələri faktiki olaraq 21 iyul 2020-ci il tarixdən kəsilmiş və həmin tarixdən keçmiş gəlini-Cavabdeh öz istəyi ilə azyaşlı nəvələri – Fuad (10.09.2014-cü il təvəllüdlü) və Nərgiz (14.11.2016-cı il təvəllüdlü) Kazımovlarla birlikdə Lənkəran rayonu, Liman şəhəri, 2 saylı hərbi şəhərcik, 21 saylı evə qayıdaraq bugünədək həmin evdə yaşamamaqdadır. Bunun nəticəsidir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 nömrəli qətnaməsi ilə oğlu ilə gəlini arasında bağlanmış nikah pozulmuşdur. Qeyd olunanlara əsasən Kazımova (Ağazadə) Aynurə Namiq qızı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 17 sentyabr 2021-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kazımova (Ağazadə) Aynurə Namiq qızının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 26 iyul 2021-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış evinə istifadə hüququnun, azyaşlı uşaqları ilə yaşamaq hüququnun olduğu halda, qanuni əsas olmadan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülmüşdür. Qanunvericilikdə müəyyən olunmuş qaydada, iddiaçı belə bir hüquqla məhkəməyə müraciət etmək imkanı mövcud deyildir. Belə ki, iddiaçının oğlu X4 ilə 19 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan iki övladı anadan olmuşdur. Göründüyü kimi, uşaqlar azyaşlıdır, onlardan biri 5, digəri isə 6 yaşındadır. O, və azyaşlı uşaqları gedəcəyi və qalacağı hər hansı bir sığınacaq və yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən onun azyaşlı uşaqları ilə birlikdə 8 il ərzində yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilinə istifdə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək izahatında bildirdi ki, qarşılıqlı iddianı qəbul etmir, əsassız iddiadır. Gəlini həmin mənzildən özü getmişdir, heç kimi onu oradan qovmamışdır. Hamı işə getdikdən təxminən 40 dəqiqə sonra heç bir məlumat vermədən Cavabdeh uşaqları da götürüb evdən rayona atasının evinə germişdir. 1 il yarımdan çoxdur ki, evdən gedib, orada yaşamır. O, artıq onun ailə üzvü sayılmır. Kazımova (Ağazadə) Aynurə Namiq qızının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, həmin mənzildə yaşamaq istəyir. Evdə mübahisələr olduğu üçün uşaqları götürüb getmişdir. O, 8 il həmin evdə yaşamışdır. Ayrılsalar da, o həmin evdə rahat yaşaya bilər. İlk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh yaşamağa başqa yeri yoxdur, müvəqqəti olaraq uşaqları ilə atasının evində qalır. Bu səbəbdən ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin həm də qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 17.06.2021-ci il tarixli məktubundan görünür ki, “Nizami RPl-nin X1 ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur.” İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-894/2021 saylı 21.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında 19 noyabr 2013-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2346 № ilə qeyd edilmiş nikah pozulmalı, 10 sentyabr 2014-cü il tarixdə anadan olmuş X7 və 14 noyabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək anaları Kazımova (Ağazadə) Aynurə Namiq qızının himayəsində saxlanılmalı, 10 sentyabr 2014-cü il tarixdə anadan olmuş X6 və 14 noyabr 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 16 may 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Kazımova (Ağazadə) Aynurə Namiq qızına verilməli, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməli, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu X2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 31.03.2013-cü il tarixli fərdi podrat müqaviləsindən görünür ki, müqaviləyə əsasən icraçı tərəf sifarişçi tərəfin tapşırığına əsasən domofonuna danışıq dəstinin quraşdırılmasını, sifarişçi isə öz növbəsində qəbul edilməsini və ödənişi üzərinə götürür. Müqavilənin qiyməti 72 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın **********17-05301-093019 reyestr nömrəli texniki pasportundan görünür ki, ünvan 3 ünvanın hüquqi subyekti İddiaçıdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında İddiaçı adına 09.01.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.08.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin 04.10.2010-cu il tarixli aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 68a ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 139.2 kv.m olan 3 otaqlı, 6 nömrəli mənzilə baxış keçirilmiş və İddiaçı təhvil aldığı mənzilə heç bir etirazı yoxdur. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin 04.10.2010-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 68a ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 2 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 139.2 kv.m olan 3 otaqlı, 6 nömrəli mənzil üçün İddiaçı kooperativə heç bir borcu yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09.01.2013cü il tarixdə verilmiş, seriya RX №0110369 saylı Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı oğlu X4 ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2013-cü il tarixdə nikah qeydə alınmışdır. İddiaçı Kazımova (Ağazadə) Aynurə Namiq qızını gəlini olduğu üçün onun mülkiyyətindəki mənzilə qeydiyyata saldırmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 nömrəli qətnaməsi ilə X4 ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MM-in 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kazımova (Ağazadə) Aynurə Namiq qızı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilinin mülkiyyətçisinin (əvvəlki və hazırkı) keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut mövcud olmamışdır. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İlkin iddia üzrə cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızının pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, ünvan 4 ünvanında yerləşən mənzil 09.01.2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızı iddiaçının gəlini olmaqla, iddiaçının oğlu ilə 19.11.2013-cü ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra mübahisələndirilən mənzilə qeydiyyata düşmüşdür. Onların nikahı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ barədə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin Kazımova (Ağazadə) Aynurə Namiq qızının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, İlkin iddia üzrə iddiaçının gəlini Kazımova (Ağazadə) Aynurə Namiq qanunvericiliyin tələblərinə əsasən iddiaçının ailə üzvü olmamışdır və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, İddiaçı keçmiş gəlini Kazımova (Ağazadə) Aynurə Namiq qızı onun ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə İddiaçı mülkiyyətçisi olduğu mənzilinə keçmiş gəlini ilkin iddia üzrə cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızının istifadə hüquqları yaranmamışdır. Belə olduğu təqdirdə isə Kazımova (Ağazadə) Aynurə Namiq qızının İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilinə istifadə hüququna xitam verilə bilməz. Yuxarıda qeyd olunanlarla sübuta yetir ki, Kazımova (Ağazadə) Aynurə Namiq qızının mübahisəli mənzilə istifadə hüququ mövcud deyildir. Kazımova (Ağazadə) Aynurə Namiq qızının mübahisəli mənzilə köçürülməsi üçün isə hər hansı əsas yoxdur. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və tədqiq olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(007)-894/2001 saylı qətnamə ilə müəyyən olundu ki, 10.09.2014-cü il təvəllüdlü X7 və 14.11.2016-cı il təvəllüdlü X5 anaları Kazımova (Ağazadə) Aynurə Namiq qızının himayəsində saxlanılmışlar və faktiki olaraq onun yanındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddsinəəsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia təmin edilməməli, məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3257/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3257/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver