Məhkəmə qərarları › İş №2(007)-326/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-326/2025

15.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-326/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 N: ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin Girov müqaviləsi hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 68, 19 saylı mənzilinə dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan İddiaçı1 və İddiaçı2 birgə nikah müddətində almışlar və bu barədə xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №li Çıxarış verilmişdir. Cavabdeh2 ortaq dostlarına görə tanımışdır. Təxminən 2020-ci il tarixində biznes işlərilə əlaqədar onun pula ehtiyacı olduğundan Cavabdeh2 müraciət etmişdir və qarşılıqlı razılıq əsasında xx.xx.2020-ci il tarixində ilkin olaraq 30000 (otuz min) manat faizə pul almışdır. Onların arasında bağlanmış kredit müqaviləsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisində qeydiyyata alınmışdır. Müqavilənin 2-ci bəndinə əsasən götürdüyü 30 min manat kredit xx.xx.2020-ci ildə qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edir ki, o zaman Covid-19 olduğundan normal fəaliyyət göstərilməsi çətin idi. Ona görə işlərinin görülməsi üçün daha böyük məbləğə pula ehtiyacı oldudğundan o, təkrar Cavabdeh2 faizə pul verməsini xahiş etmişdir. O zaman Cavabdeh2 bildirmişdir ki, əgər daşınmaz əmlak girov qoyarsa , o zaman ona faizə pul verə bilər. Ona görə o, həmin zaman həyat yoldaşı İddiaçı1 ilə danışıb razılaşmışdır. İddiaçı1 xəstə olduğundan ona Etibarnamə vermişdir. O, yaşadığı mənzili girov qoyaraq, Cavabdeh2 adına sənədləşdirməklə pul götürülməsi razılığına gəlmişlər. Həmin vaxtı Cavabdeh2 bildirmişdir ki, kreditə pulu girov əsasında verəcəkdir. Eyni zamanda onlar razılığa gəlmişlər ki, götürülən pul qaytarıldığı təqdirdə, yenidən tərəflər arasında təkrar müqavilə bağlanacaq və mənzil ilkin sahibinə qaytarılacaqdır. Cavabdeh2 onu inandırmışdır ki, mənzilin qaytarılması ilə bağlı heç bir problem olmayacaqdır. Eyni zamanda qeyd edir ki, o, yalnız götürəcəyi 90000 (doxsan min) manat pulun müqabilində notarial qaydada sənədləşdirilməsinə razılıq vermişdir. Bu onunla izah olunur ki, onların yaşadığı mənzilin qiyməti götürəcəyi kreditdən iki dəfə bahadır. Belə ki, mənzilin qiyməti 180000 (yüz səksən) manat dəyərində qiymətləndirilirdi. Lakin sonradan ona məlum olmuşdur ki, 50 saylı Notariat Ofisində onunla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində Girov müqaviləsi adı ilə “Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi” bağlamışlar. O zaman o, bunu səbəbini soruşduqda, ona bildirilmişdir ki, guya bütün dünya bu formada müqavilə bağlamışdır. O, heç vaxt Cavabdeh1 görməmişdir və mənzilin onun adına sənədləşdirilməsi barədə razılığa gəlməmişdilər. Həmin vaxtı o, Cavabdeh2 90000 (doxsan min) manat pul götürmüş və Elmar ona bildirmişdir ki, bir il müddətində ona verilmiş pulun əvəzində 120000 (yüz iyirmi min) manat pul qaytaracağı təqdirdə mənzili yenidən onların adına keçirəcəyini bildirmiş və o, da razılıq vermişdir. O zaman o, məbləğ böyük olmasın deyə ilkin olaraq Elmardan götürdüyü 30000 (otuz min) manat pulu qaytarmışdır. Nəzərə alınmalıdır ki, mənzil başqa şəxsin adına sənədləşdirilməsinə baxmayaraq, həmin mənzildə onun həyat yoldaşı üç övladı ilə birlikdə yaşamışlar. Lakin bir il müddətində faizə götürdüyü pulu qaytara bilmədiyi üçün, Elmarla görüşmüş və bildirmişdir ki, onun ona qaytaracağı pulun üzərinə əlavə 10000 (on min) manat verəcəyini bildirməklə bir qədər gözləməsini xahiş etmişdir. O zaman Elmar onunla razılaşmışdır. Lakin hazırda ona məlum olmuşdur ki, mənzilin formal sahibi Cavabdeh1 məhkəməyə müraciət edərək “mənzildən çıxarma və mənzilə köçürülmə”sini tələb etmişdir. Ona görə o, təkrar Cavabdeh2la görümüş və bildirmişdir ki, mənzil onun həyat yoldaşının İddiaçı1 adınadır və həmin mənzil birgə nikah dövründə almışlar. İddiaçı1 və övladları daimi həmin mənzildə yaşamışlar. Mənzilin alqı-satqısını o, etibarnamə əsasında həyata keçirmiş və həyat yoldaşı evi girov qoyaraq pul götürməyini bilməmişdir. Həmin vaxtı Cavabdeh2 onu şantaj etmiş və bildirmişdir ki, mənzilə görə 140000 (yüz qırx min) pul verəcəyi təqdirdə mənzili ona qaytaracağını bildirmişdir. Cavabdeh2 ondan götürdüyü 90000 (doxsan min) manat pula görə ondan faiz olaraq 50000 (əlli min) manat pul tələb etmişdir. O, onun tələbi ilə razı olmamışdır. İşin məhkəmə prosesində olmasını o zaman onlara bildirməmişlər və məhkəmə tərəfindən ona məhkəmə prosesinə dəvət edilməyi barədə bildiriş göndərilməmişdir. O, iş üzrə məhkəmə qənaməsi qəbul ediləndən sonra bilmişdir ki, Elmar və onun adına da sənədləşdirmə aparılmış Cavabdeh1 onları aldatmışdır . Bir daha bildirir ki, onunla Elnur Hüseynovun arasında bağlanmış müqavilə şərtlə bağlanmışdır. Belə ki, onun arvadının adına olan mənzil barədə bağladığı müqavilə həqiqi alğı-satqı müqaviləsi olmamışdır. Bunu həm iş üzrə formal iddiaçı Cavabdeh1, həm də həmin müqavilənin bağlanmasında iştirak etmiş şəxs təşəbbüsçüsü Cavabdeh2 bilirdilər. Lakin onların danışığına əsasən Hüseynov onların mənzilini öz adına Reyestr Xidmətində qeydiyyatdan keçirməməli idi. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh2 təkidi ilə Cavabdeh1 onların mənzillərini Resyesrt Xidmətində xüsusi mülkiyyət kimi öz adına qeydiyyatdan keçirmişdir. Onun bu hərəkəti qanunsuzdur. Göründüyü kimi tərəflər arasında mövcud olmuş münasibətlər alğı-satqı müqaviləsini tənzimləyən maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun deyil. İlkin olaraq qeyd edir ki, Alğı-satqı müqaviləsində göstərilən 90000 manat məbləğ mənzilin dəyərini əks etdirmir. Həmin məbləğ məhz tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinin məbləğinə uyğun gəlir. Belə ki, onun tərəfindən iddiaçıdan borc götürməsi barədə razılığa gəldiklərini təsdiq edir. Ona görə də qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi, əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsidir. Beləliklə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqdlər əslində tərəflərin real iradə ifadələrini əks etdirməmişdir. Bu faktlar aşağıda qeyd olunan faktiki hallar ilə təsdiq olunur. Belə ki, alğı-satqı müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi) ki, tərəflər arasında alğı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı bir dəfə də olsun mənzilə baxmamış və mənzildə kimlərin yaşamasını bilməmişdir. xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkan, onunla Cavabdeh2 arasında bir neçə dəfə faizə pul götürməsi halları mövcud olmuşdur. O, Cavabdeh2 götürdüyü borcu qaytarmadığı üçün Cavabdeh2 təkidi ilə mənzildən çıxarma və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun şəxsi borcuna görə ailə üzvlərinin mənzil hüquqları pozulmamalıdır. Eyni zaman da o, dəfələrlə Cavabdeh2 borcunu qayataracağını bildirmiş, lakin Elmar mənzilin onların adına olmasından istifadə edərək götürdüyü borcun əvəzində 50000 (əlli min) manat pul istəməsi qanunsuzdur.

İddia müddətinin tətbiqi barədə ərizə:

3. Nəzərə çatdırılır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müaqviləsinin girov müqaviləsi hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 52 saylı Dövlət Kontorunda bağlanmış 06 aprel 2021-ci il tarixli, AN-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin Girov müqaviləsi hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məcələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 68, 19 saylı mənzilə dair Cavabdeh1 adına 08 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bildirir ki, hazırki iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(007)-1366/2024 saylı qətnaməsinin icrasını uzatmaq və ləngirmək məqsədi ilə verilmişdir. İddia tələbində qeyd olunduğu kimi o, cavabdehlərlə 2021-ci ilin 06 aprelində alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı 06 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakı razılaşdırdığı vəziyyətdə alıcıya yəni Cavabdeh1 təhvil verməli idi. Göstərilən müddətdə mənzil ona təhvil verilmədiyi üçün Cavabdeh1 “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mübahisəyə baxılan müddətdə məhkəmə tərəfindən dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməkdən imtina etmişlər. Buna görə də, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(007)- 1150/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1, onunla birlikdə yaşayan İddiaçı2 və digər ailə üzvləri iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanından çıxarılması, Cavabdeh1 ünvan 2 ünvanına köçürülməsi, İddiaçı1 8800 manat kirayə haqqı, 1100 manat mənəvi ziyan və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra cavabdeh İddiaçı1 Nadir qızı məhkəməyə ərizə ilə müraciət edərək Qiyabi Qətnamənin ləğvini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2(007)-1366/2024 saylı qərardadı ilə cavabdeh İddiaçı1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(007)- 1150/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilərək işə mahiyyəti üzrə baxılması üçün yenidən təyin edilmişdir. Lakin bu müddətdə də adı çəkilən şəxslər məhkəmə iclaslarına gəlməmiş, nədə ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Onlar vaxt və zaman qazanmaq üçün qeyd olunan qətnamədən apellyasiya şikayəti verib hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd etdiyi kimi Cavabdeh1 adı çəkilən şəxsləri tanımamış və onlar arasında hər-hansı bir borc münasibətləri olmamış və ya onlarla hər-hansı bir kredit müqaviləsi bağlamamışdır. İddiaçı1 Nadir qızı və İddiaçı2 isə müqavilə ilə tanış olduqdan sonra öz razılıqları ilə müqaviləni imzalamışlar. Bununlada 06 aprel 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilini Cavabdeh1 satmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 08 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Onu da qeyd etmək istəyir ki, 06 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzili satmaq istəyir və İddiaçı2 arvadı İddiaçı1 həmin ünvanda yerləşən mənzili satmasına etiraz etmir. Lakin İddiaçı2 iddia ərizəsində ilk öncə həyat yoldaşı ilə danışıb razılaşdığını sonra isə həyat yoldaşının olanlardan məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçıların öz bildirdikləri fikirlər elə bir-birini tamamlamır. İddiaçılar iddia ərizəsində məhkəmə prosesinə dəvət edilmədiklərini və məlumatları olmadığını qeyd etmələrinə baxmayaraq, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-1366/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, “cavabdehlərə məhkəmənin bütün iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər”. Hazırki iddia tələbi əsassız olmaqla yanaşı iddia tələbi üzrə müddət ötürüldüyü üçün iddiaçılar İddiaçı2 və İddiaçı1 Elçin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdükləri “alqı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsi” tələbi təmin edilməməlidir. Belə ki, iddiaçılar xx.xx.2024-cü il tarixində iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Lakin daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci ildə imzalanmışdır. Bundan əlavə yuxarıda qeyd olunanlara və iş materiallarındakı sənədlərə əsasən aydın olur ki, iddiaçıların iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində olarkən məlumatları olub. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixində e-2(007)-1150/2023 saylı qiyabi qətnamə çıxararaq İddiaçı1, onunla birlikdə yaşayan İddiaçı2 və digər ailə üzvləri iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanından çıxarılması, Cavabdeh1 ünvan 2 ünvanına köçürülməsi, İddiaçı1 8800 manat kirayə haqqı, 1100 manat mənəvi ziyan və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 xeyrinə tutulmasını qət etmişdir. Bununla da, iddiaçıların sözügedən mübahisədən vaxtında məlumatları olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququhər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci ill tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.” Göstərilənlərə əsasən İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müaqviləsinin girov müqaviləsi hesab edilməsi”nə iddia tələbi əsassız olmaqla yanaşı, eyni zamanda verilmiş iddia tələbi üzrə iddia müddəti də keçdiyindən iddianın rədd olunması barədə Qətnamə çıxarılmasını xahiş edir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş **********74-05101-093037 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

9. 06 aprel 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır.

10. 06 aprel 2021-ci il tarixli müqavilənin ləğvi barədə müqavilədən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli reyestrdə 3M-336 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən İddiaçı2 xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə üstünə faiz gəlmədən 30000 manat borc pul vermişdir. Söhbəti gedən kredit müqaviləsi üzrə öhdəlik tamamilə yerinə yetirildiyi üçün bu müqavilə ilə ləğv edilir.

11. xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı2 xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə üstünə faiz gəlmədən 30000 manat borc pul vermişdir.

12. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə üstünə faiz gəlmədən 30000 manat borc pul vermişdir. 06 aprel 2021-ci il tarixli müqavilənin ləğvi barədə müqavilə ilə xx.xx.2020-ci il tarixli reyestrdə 3M-336 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi öhdəlik tamamilə yerinə yetirildiyi üçün ləğv edilmişdir. 06 aprel 2021-ci il alqısatqı müqaviləsinə əsasən İddiaçı1 ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. Hazırda iddiaçılar Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 N: ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilənin Girov müqaviləsi hesab edilməsini, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 68, 19 saylı mənzilinə dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın ləğv edilməsini xahiş edirlər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 340.1 ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2 ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2-ci maddəsinə əsasən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

15. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı:

1. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

2. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

17. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:

İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir.

19. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.

21. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

22. Göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə Plenum Qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansı ki tərəflər öz iradə ifadələri ilə Notariat Ofisində borcun qaytarılma müddəti də müəyyən edilməklə kredit müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

23. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.

24. Həmçinin məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Hazırki halda iddiaçılar xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişlər. Göründüyü kimi iddiaçılar tərəfindən “alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.

25. Bundan başqa iddiaçılar alğı-satqı müqaviləsi”-nin Girov müqaviləsi hesab edilməsini xahiş etmişlər. Tələbin bu hissəsinə də münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Belə ki, iddiaçılar müqaviləni xx.xx.2021-ci il tarixdə bağlamışlar və hər iki tərəfdə alğı-satqı müqaviləsinin surəti olmuşdur, İakin iddiaçılar 2021-ci ildən 2024-cü ilədədk nə Notariat Ofisinə nə də məhkəməyə müqavilənin dəyişdirilməsi və ya ləğvi ilə bağlı müraciət etməmişlər.

26. İddiaçılar iddia ərizəsində tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin, əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsi olduğunu və əslində tərəflərin real iradə ifadələrini əks etdirmədiyini qeyd etsələr də 3 ildən çox müddət ərzində əqdi mübahisələndirməmişlər. Yalnız Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra hazırki iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi tələbi ilə məhkədə iddia qaldırmışdılar. Həmçinin məhkəmə dəfələrlə hazırlıq iclası təyin etməsinə baxmayaraq iddiaçılar gəlib məhkəmə iclasında iştirak etməmişlər və hüquqlarını müdafiə etməmişlər. Bununla da məhkəmə iddiaçıların sadəcə yaşadıqları mənzildən çıxmamaları üçün, məhkəmədə süni şəkildə tələblər qaldıraraq icradan yayınmaları məqsədi daşıdığı qənaətinə gəlir.

27. İş materiallarından göründüyü kimi Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edib iddia müddətinin iddiaçılar tərəfindən ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan Plenum Qərarına əsasən iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir və cavabdehin ərizəsi ilə tətbiq edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən ötürülmüş hesab edilməlidir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə:

37. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir.

38. İddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir.

39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar