Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3293/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, Ərizəçi maraqlı şəxs 5 Saylı Bakı “ASAN xidmət” X2rşı olan “doğum haqqında akt qeydinin bərpası”na dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçin maraqlı şəxs 5 Saylı Bakı “ASAN xidmət” X4rşı “doğum haqqında akt qeydinin bərpası”na dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ərizəçinin doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi – xx.xx.1957-ci il tarixi qeyd olunaraq doğum akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizəçi xx.xx.1957-ci il tarixdə keçmiş Ermənistan SSR-nin Əzizbəyov rayonun Her-Her kəndində anadan olmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir və şəhadətnamə Ermənistan SSR-nin Əzizbəyov rayonu Her-Her kənd sovetində qeydiyyata alınmışdır. Həmin doğum haqqında şəhadətnamədə atasının adı X6, anasının adı X1 olduğu qeyd edilmişdir. Lakin ona xx.xx.2011-ci il tarixdə Bakı şəhər Nizami RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində səhvən doğum tarixi xx.xx.1959-cu il kimi göstərilmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin tərcümə olunmuş və notariat qaydada təsdiq olunmuş surətini cavabdeh təşkilata təqdim edərək doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsi verilməsini xahiş etmişdir. Lakin maraqlı şəxs tərəfindən ona verilmiş rəsmi cavabda qeyd edilmişdir ki, “sizin doğum tarixiniz şəxsiyyət vəsiqəsində xx.xx.1959-cu il olduğu halda doğum haqqında şəhadətnamədə xx.xx.1957-ci il kimi qeyd edilmişdir”. Əlavə edilmişdir ki, doğum haqqında şəhadətnaməniz və şəxsiyyət vəsiqənizdə olan məlumatlar ziddiyyətli olduğundan doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Bununla əlaqədar məhkəyə müraciət olunması tövsiyyə olunmuşdur. Buna görə də, onun doğum haqqında akt qeydinin bərpasına heç bir zərurət olmadığı qənaətinə gələrək, doğum tarixinin düzgün göstərilməklə ona yeni şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə yuxarıda qeyd olunan mübahisəyə adi məhkəmələrdə baxılmalı olması əsası ilə həmin iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, onun doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamışdır, təqdim etdiyi sənəddə isə ziddiyyət vardır.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2 Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı :
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.
5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunu :
1. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. 4 . Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Qeyd edilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır
6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarı :
Vətəndaş ərizə və Qanunda göstərilən sənədləri təqdim etdiyi halda ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi mütləq verilməlidir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir.
Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir.
Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur.
7. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
8. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
9. Belə ki, ərizə öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən ərizənin forma və məzmununa dair qanunvericilikdə müəyyən edilmiş tələbləri riayət edilməmişdir.
10. Qanunvericiliyin tələbinə əsasən ərizədə cavabdehin ünvanı tam şəkildə göstərilməlidir. Lakin ərizədə 5 saylı ASAN xidmər mərkəzi qeydiyyat şöbəsinin ünvanı göstərilməmişdir.
11. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir.
12. Ərizədən və işdə olan sənədlərdən müəyyən edilir ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi qeyd olunmaqla ona yeni şəxsiyyət vəsiqəsinin verilməsidir.
13. Belə ki, ərizəçi ərizədə qeyd etmişdir ki, onun şəxsiyyət vəsiqəsində doğum tarixi səhvən xx.xx.1959-cu il kimi göstərilmişdir. Bu səbəbdən doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və notariat qaydada təsdiq edilmiş surəti ilə cavabdeh təşkilata müraciət edərək doğum tarixinin doğum haqqında şəhadətnamədə olduğu kimi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən isə ərizəçi müvafiq tələb ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməli idi.
14. Ərizəyə və ərizəyə əlavə edilmiş 5 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin məktubuna əsasən müəyyən edilir ki, ərizəçi akt qeydinin bərpası üçün müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi iddiaçıya ünvanladığı 3-16-5/8-10-1390/23 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsindəki məlumatlar ziddiyyətli olduğundan doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır.
15. Ərizəçi doğum akt qeydinin bərpasına heç bir zərurət olmadığı qənaətinə gələrək, doğum tarixinin düzgün göstərilməklə ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati məhkəməsi 2-1(112)-11730/23 saylı 04.09.23-cü il tarixli qərardadla doğum akt qeydinin bərpası mülki məhkəmə icraatı qaydasında həyata keçirildiyindən iddianı mümkün saymamasını qərara almışdır.
16. Qanunvericiliyin tələbinə əsasən ərizəçi “doğum tarixinin doğum haqqında şəhadətnamədə olduğu kimi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsinin verilməsi” barədə tələb ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməli və şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi halında isə müvafiq icra hakimiyyəti orqanının imtinası inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Ərizədən və ərizəyə əlavə edilən sənədlərdən isə ərizəçinin qeyd edilən orqana müraciət etməsi müəyyən edilməmişdir.
17. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin məqsədi şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi qeyd olunmaqla ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi olduğundan və bunun üçün isə qanunvericiliyin tələbinə, həmçinin ərizənin formasına dair qanunveriliyin tələbinə riayət edilmədiyi üçün Ərizəçi maraqlı şəxs 5 Saylı Bakı “Bakı Asan Xidmət” X2rşı “doğum haqqında akt qeydinin bərpası”na dair ərizəsi geri qaytarılmalıdır.
18. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 14:25, Pin kod: **********343244) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
Nəticə :
19. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi maraqlı şəxs 5 Saylı Bakı “Bakı Asan Xidmət” X2rşı “doğum haqqında akt qeydinin bərpası”na dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 14:25, Pin kod: **********343244) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva