Məhkəmə qərarları › İş №2(007)-332/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-332/2021

19.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-332/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, Cavabdeh MMC-yə SMM mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi və 05.06.20-dən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, ona vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə 07.01.20-də əmək müqaviləsi bağlayaraq, həmin şirkətə SMM mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 766.48 manat təşkil etmişdir. İş rejimi əmək müqaviləsinə əsasən 5 günlük iş həftəsi olsa da, onu çağırıb hətta şənbə günləri də işlətmişlər və bunun əvəzinə hər hasnsı kompensasiya ödənilməmişdir. Cavabdeh təşkilat 05.06.20-də qanunsuz olaraq onu işdən azad etmişdir. Belə ki, 01.06.20-də cavabdeh təşkilatın rəhbərliyi ona təzminat verəcəyinə dair yalan vəd verərək onu məcbur etmişdir ki, öz xahişi ilə işdən çıxmasına dair ərizə yazsın. Ona bu ixtisar kimi təqdim edilmiş və qanunvericilikdən başı çıxmadığı üçün bu cür ərizə yazması tələb olunmuşdur. Kadrlar şöbəsinin əməkdaşı ərizəsində bir ayı gözləməmək üçün işdən çıxma tarixini də yazdırmışdır ki, sonradan onun ərizəni geri götürmək imkanı olmasın. (Bunlar ona çox sonradan hüquqşünas məsləhəti aldıqdan sonra bəlli olmuşdur) Dərhal da əmrlə işdən azad edilməsi rəsmiləşdirilmişdir. Halbuki ərizəsində işdən çıxma tarixini yazmaq üçün hər hansı əsas belə olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulduğu hallardan heç biri baş verməmiş, nə yaşa, yaxud əlilliyə görə əmək pensiyasına çıxmamış, nə təhsilini davam etdirmək üçün hər hansı təhsil müəssisəsinə daxil olmamış, nə yeni yaşayış yerinə köçməmiş, nə də başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır və.s Əksinə COVİD-19 infeksiyasının tüğyan etdiyi bir dövrdə öz iradəsi ilə işdən çıxmaq bu böhranlı dönəmdə alturizmdən başqa bir şey deyildir. İş yerlərinin ziyan çəkdiyi hər kəsə məlumdur və iş tapa bilməyəcəyini bilə-bilə bu cür ərizə yazması yalnız məcburedilmə və iradəsinin əleyhinə ola bilərdi. Cavabdeh təşkilatın rəhbərliyi onu aldatmışdır ki, öz xahişi ilə ərizə yazıb çıxsa, ona buna görə təşkilat təzminat ödəyəcəkdir. Lakin ona heç bir təzminat ödənməmişdir. Bundan əlavə, dövlət tərəfindən verilən sosial yardımı da almaqdan məhrum olmuşdur. Çünki yardım yalnız ilkin qeydiyyatdan keçənlərə verilir, sonradan müraciətlər üçün isə növbəti aylar üçün ödənişlər edilmir. Çünki işçilərin işdən çıxarılmaması üçün işəgötürənlərə göstəriş verilmişdir. Bunun əvəzində isə işçilərin əmək haqlarının ödənilməsi üçün dəstək fondundan vəsait ayrılmışdır. İşdən çıxarılmasının işəgötürənin təşəbbüsü ilə olması ona rəhbərlik tərəfindən whatsapp tətbiqi vasitəsilə göndərilmiş səs yazısından da aydın görünmüşdür. Orada deyilir ki, “ona işdən çıxarılması barədə qabaqcadan xəbərdarlıq olunmuş, həmçinin işdən çıxarılma barədə qərar bu və ya digər şəkildə artıq qəbul olunmuşdur”. Əslində isə heç bir xəbərdarlıq olunmamış, olsa belə bu onun öz xahişi ilə işdən çıxarılma ərizəsinin məcburən yazdırılması üçün əsas ola bilməzdi. Əmək müqaviləsi, işə qəbul və işdən çıxarılmasına dair əmrin surəti, habelə əmək kitabçası ona verilməmişdir. Hətta işdən çıxarılma haqda əmrlə tanış belə edilməmişdir. Cavabdeh təşkilat onu aldadaraq iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etmişdir. Bununla da cavabdeh onu işdən azad edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Aldadıldığını başa düşəndən sonra o sarsıntı keçirmişdir. Cavabdeh təşkilat hüquqlarını pozmaqla ona həm əmək haqqının itirilməsi şəklində maddi, həm də keçirdiyi iztirablara görə mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. İddia tamamilə əsassızdır. İddiaçı özü ərizə ilə müraciət edərək işdən çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad olunma barədə əmr çıxarılmış və son haqq hesabı ödənilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddanın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 çıxarışa əsasən Cavabdeh 23 noyabr 2001-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, hüquqi ünvanı ünvan 2 Rayon Məhkəməsinin 2(007)-2153/2020 saylı, 04.09.2020-ci il tarixli qərardadı ilə mütəxəssis rəyi alınması üçün iş üzrə icraat dayandırılmış və mütəxəssis qarşısında İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməsi, Əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol verilmişdirsə İddiaçı məcburi işburaxmaya görə ödənilməli məbləğ neçə manat təşkil etməsi barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin **********6 nömrəli, 24 dekabr 2020-ci il tarixli cavab məktubunda(rəydə)qeyd olunur ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmək hüquqlarının pozulub-pozulmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Pərviz Əliyevə ünvanlanmış 31.05.2020-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 05.06.2020-ci il tarixində öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin SK2006/80 №li, 05 iyun 2020-ci il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMc-nin SMM üzrə mütəxəssisi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq, 05.06.2020-ci il tarixindən, öz xahişi ilə, tutduğu vəzifədən azad olunmuş və onun əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas isə İddiaçı 31.05.2020-ci il tarixli ərizəsi olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı CavabdehMMC-nin SMM üzrə mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı 31 may 2020-ci il tarixdə zavodun direktoruna ərizə yazaraq, öz xahişi ilə 05 iyun 2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti direktorunun 05 iyun 2020-ci il tarixli SK2006/80 nömrəli əmrinə əsasən Cəmiyyətdə SMM üzrə mütəxəssisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 07 yanvar 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə ərizəni yazmağa məcbur edildiyini qeyd etməklə bununla bağlı əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan CavabdehMMC ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı öz iradə ifadəsini bəyan edərək təşkilat rəhbərliyinə yazdığı ərizəsində öz xahişi ilə işdən azad olunmasını, bununla da əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatından da aydın olur ki, o, sözügedən ərizəni öz xətti ilə yazmışdır, ərizənin onun tərəfindən yazılmamasını və ya imzalanmamasını mübahisələndirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bununla bağlı nəzərə alınmalıdır ki, İddiaçı 31 may 2020-ci il tarixdə işdən öz xahişi ilə azad olunması barədə ərizə verərkən, əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmiş, yəni 05 iyun 2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmiş, həmin ərizəsini verdikdən sonra isə bu ərizənin ləğvi barədə ərizə verməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansısa sübutu iş materiallarına əlavə etməmiş və bu tələbi sübut etməmişdir. Məhkəmə İddiaçı iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, həmin iddia tələbləri onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə tələbdən doğan, törəmə tələblər olduğundan və iddianın ilk hissəsinin əsassız olması ilə bağlı təmin edilməli olmadığından həmin tələblər də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı qıznın Cavabdeh MMC-yə qarşı təşkilat tərəfindən işdən azad olunması barədə verilmiş 05 iyun 2020-ci il tarixli SK 2006/80 nömrəli əmrin ləğv olunması, onun MMC-yə SMM üzrə mütəxəssisi vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-nə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar