Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-341/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Oğlu Cavabdeh1 xx.xx.1998-ci il tarixdə Könül adlı qızla rəsmi nikah qeydiyyatından keçib ailə qurmuşdur. Yaşamağa yerləri olmadığından o, həmin şəxsləri müvəqqəti evə buraxmışdır. Oğlu bildirmişdir ki, ev alıb ailəsi ilə birlikdə köçəcək. Buna baxmayaraq sonradan oğlu ev almaq əvəzinə onu sıxışdırıb evdən çıxarmağa çalışmışdır. Onu ana kimi saymamış, onunla çox kobud rəftar etmiş, nəslinə, özünə qarşı çox tərbiyəsiz söyüşlər söymüş və arvadı ilə birlikdə ona bildirmişdir ki, onu dəli edib psixi xəstəxanaya yerləşdirəcəklər. Artıq bir yerdə yaşamaları mümkün deyildir, çox dözülməz hal almışdır, bu səbəbdən də qərara almışdır ki, ona 10.000 manat kompensasiya verməklə istifadə hüququna xitam verdirsin və evdən çıxarsın. Bununla bağlı mediasiya təklifi vermiş və sonradan Mediasiya Şurasına müraciət etmişdir, lakin aralarındakı mübahisə sakitliklə həll edilməmişdir. Bu məqsədlə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin onun xüsusi mülkiyyəti olan evində qalmaları kommunal xidmətləri ödəməkdə çətinlik yaradır, həmçinin onun mülkiyyət hüququnu həyata keçirməyinə mane olur. Buna görə də, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 Tanrıverdi qızı və uşaqları ilə birlikdə 10.000 manat kompensasiya verilməklə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə və eyni zamanda əmlakları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 Tanrıverdi qızı və uşaqları ilə birlikdə 20.000 manat kompensasiya verilməklə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə və eyni zamanda əmlakları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına, yəni hər ikisinə birlikdə cəmi 20.000 manat kompensasiya verilməklə xitam verilməsi və onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə zidd tərtib olunduğundan, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəməyə ünvanlanmış iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə cavabdeh qismində yalnız o, cəlb edilsə də, iddia ərizəsinin “xahiş etdim” hissəsində onunla yanaşı həyat yoldaşı Cavabdeh2 Tanrıverdi qızı və övladlarının da yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmaları tələb edilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həyat yoldaşı Cavabdeh2 Tanrıverdi qızı da onunla birgə xx.xx.1998-ci il tarixdən həmin evdə yaşadığından, 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, birgə nikahdan doğulan qızı xx.xx.2002-ci il təvəllüdlü X6 da artıq yetkinlik yaşına çatdığından, hazırkı mübahisə onun da istifadə hüquqlarına xitam verilməsi ilə bağlı olduğundan, cavabdeh qismində işə cəlb edilməli olmuş və mülkiyyətçi tərəfindən hər birinə ayrı-ayrılıqda kompensasiya təklif edilməlidi idi. Lakin iddiaçı yalnız ona 20000 manat kompensasiya təklif etməklə onunla birgə 3 yetkinlik yaşına çatmış və bir yetkinlik yaşına çatmayan uşağın mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma ilə bağlı tələb irəli sürmüşdür. Hesab edir ki, iddiaçı tərəfindən üçünə təklif edilən kompensasiyanın məbləği ağlabatan məbləğ deyildir. Bununla yanaşı, iddiaçının ona və ailə üzvlərinə təklif etdiyi 20000 (iyirmi min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir. Belə ki, bu məbləğ ona, Cavabdeh2 Tannverdi qızına və yetkinlik yaşına çatmış övladı X2 mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Buna görə də, İddiaçı Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, oğlunu ailəsi ilə birlikdə evdən çıxarmaq istəmirdi. Amma cavabdehlərin ona qarşı olan hörmətsiz davranışlarına artıq dözə bilmir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sözügedən mənzil iddiaçının yoldaşının adına olmuş, sonuncu rəhmətə getdikdən sonra cavabdehlərin razılığı ilə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının gəlini Könül isə həmin mənzilə gəlin kimi gəlmişdir. Mənzil 4 otaqlıdır və 2016-cı ildə hamının razılığı ilə mənzil iddiaçına adına qeydiyyatdan keçmişdir. Cavabdehlər hazırkı iddiaçıya qarşı çox hörmətsiz davranırlar, iddiaçını dəfələrlə təhqir edib, dəlixanaya salmaq istəyiblər. Heç bir ana oğlu və nəvələrini səbəbsiz olaraq, evdən çıxarmaq istəməz. Lakin iddiaçıya qarşı olan təhqiramiz davranışlardan dolayı, iddiaçı bu addımı atmaq məcburiyyətində qalıb. Mənzilin dəyəri təxminən 100.000 manat, həmin mənzilin kirayə haqqı qiyməti ilə 350 manat təşkil edir. İddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, iddiaçının oğludur. O, anasına qarşı heç vaxt hörmətsiz davranmamışdır. Artıq 20 ildir ki, birlikdə yaşayırlar. Bu illər ərzində söz-söhbət olmamışdır. Lakin bacısı X3 nikahı pozulduqdan sonra gəlib onlarla yaşamışdır. Bütün mübahisələr də, bacısının gəlişindən sonra başlamışdır. Onun iki övladı var. Yaşamağa başqa yeri yoxdur. İddiaçının təklif etdiyi 20.000 manata heç yerdə ev almaq mümkün deyil. O, anasına qarşı həmişə yaxşı olmuşdur. Təklif olunan kompensasiya ilə razılaşmır. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, Cavabdeh1 izahatı ilə oxşar məzmunlu izahat verib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, mənzil 72 İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarış ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1979-cu il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.1982-ci il təvəllüdlü X5, xx.xx.1977-ci il təvəllüdlü X15, xx.xx.1990-cı il təvəllüdlü X9, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2002-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadına əsasən mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmişdir, “X12 Mərkəzi” MMC tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli YDQM 007- 040/2022 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 54 saylı evin 72 saylı mənzilin hazırkı bazar qiyməti 103.900 manat, mənzilin orta aylıq kirayə haqqı isə 360 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 54 saylı evin 72 saylı mənzili İddiaçı tam payda xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona verilmiş çıxarış, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırkı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.1998-ci il rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və həmin dövrdən etibarən iddiaçıya məxsus mənzildə yaşayırlar. Hazırda iddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehlərə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə nəzərə alır ki, mübahisəli mənzil 30 aprel 2016-cı il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Bundan əlavə, Cavabdeh2 qeyd olunan mənzilə 1998-ci il tarixdə gəlin köçmüş və həmin tarixdə mənzilə istifadə hüququ yaranmışdır. Həmçinin, qeyd olunan mənzilə dair sosial kirayə müqaviləsi iddiaçının əri ilə bağlanmışdır, sonuncu vəfat etdikdən sonra cavabdehlər həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermişlər, bu hal məhkəmə araşdırması zamanı hər iki tərəfin izahatları ilə təsdiq edilmişdir, hansı ki, bu işin mübahisəsiz halıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdehlər iddianı, kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində faktiki olaraq qəbul edirlər, onların mübahisələndirdikləri hal yalnız kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 04 il 06 ay müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, cavabdehlər əmək qabiliyyətlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 20000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. O cümlədən, nəzərə alınmalıdır ki, təklif olunan kompensasiya məbləği faktiki olaraq sözügedən mənzilin bazar dəyərinin 1/5 hissəsini təşkil edir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə məhkəmə hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Əlavə olaraq, məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələbində cavabdehlərin övladları ilə birlikdə mənzildən çıxarılmalarını tələb etmiş, cavabdehlərin yetkinlik yaşına çatmış övladlarını cavabdeh qismində işə cəlb etməmiş, sadəcə cavabdehlərin yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, 72 saylı mənzilindən çıxarılmalarını xahiş etmişdir, buna görə də məhkəmə hesab edir ki, iddia məhz həmin tələb həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə övladları xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, 72 saylı mənzildən istifadə hüquqlarına ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya verilməklə xitam verilməli, Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə övladları xx.xx.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, 72 saylı mənzilindən çıxarılmalı, İddiaçı 20000 (iyirmi min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə övladları xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, 72 saylı mənzildən istifadə hüquqlarına ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya verilməklə xitam verilsin. Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə övladları xx.xx.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, 72 saylı mənzilindən çıxarılsınlar. İddiaçı 20000 (iyirmi min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-341/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-341/2022
27.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver