Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3463/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilmə” faktı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun, xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında Təmirov Qərib Məmməd oğlu, ana qrafasında isə Təmirova Xanım Mahmud qızı qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmuş və valideynləri həmin vaxt doğum haqqında şəhadətnamə almışlar və hətta ona Sovet pasportu da almışlar. Erməni aqressivliyi nəticəsində 1988-ci ildə doğma torpaqlarından məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermişdir. Nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi də kənddə qalmışdır. Onda qalan şəxsiyyəti təsdiq edən Sovet pasportu olmuş və onun əsasında şəxsiyyət vəsiqəsini almışdır. Onun anası Təmirova Xanım Mahmud qızı, atası Təmirov Qərib Məmməd oğludur. Atası xx.xx.1997-ci il tarixində vəfat etmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Bakı şəhəri Nizam rayon Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təmirova Xanım Mahmud qızı şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun doğma qızıdır. Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmuşdur. Atası Təmirov Qərib Məmməd oğludur. Atası ilə anası rəsmi nikahda olmuşlar. Onların 5 qız, bir oğlan olmaqla altı uşaqları olmuşdur. Oğlunun adı Əşrəf, qızlarının adı Hamayıl, Mapilə, Şəfiqə, Validə, Arzu olmuşdur. Məlum hadisələrlə bağlı 1988-ci ildə Bakıya gəlmişlər. Sənədləri özləri ilə gətirə bilməmişlər Məhkəmə iclasında Təmirova Mapilə Qərib qızı şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmuşdur. Həmin vaxt o, 4-cü sinifdə oxuyurdu. Validə mamaçanın köməkliyi ilə evdə dünyaya gəlmişdi. Məlum hadisələrlə bağlı 1988-ci ildə Bakıya gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmuşdur. - AZE 02632604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təmirova Xanım Mahmud qızı xx.xx.1940-cı il tarixdə Ermənistan SSR, Kalinino rayonunda anadan olmuşdur. - İV-ЖГ 498978 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təmirov Qərib Məmməd oğlu 28 fevral 1997-ci il tarixdə ölmüşdür. - AZ-T seriyalı 160142 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təmirova Mapilə Qərib qızı 01 iyul 1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmuşdur. Atası Təmirov Qərib Məmməd oğlu, anası Təmirova Xanım Mahmud qızıdır. -Uşaq kitabçasının surətindən görünür ki, Təmirova Xanım Mahmud qızının altı övladı olmuşdur. Validə xx.xx.1969-cu il təvəllüdlüdür. - Nizami rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 10 oktyabr 2017-ci il tarixli məktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri və qeydiyyat haqqında 30 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində doğulmuşdur. 12 dekabr 2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində doğulmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxx 1969-cu il, doğulduğu yer Ermənistan SSR, Kalinino rayonu, İlməzli, atası Təmirov Qərib Məmməd oğlu, anası Təmirova Xanım Mahmud qızı kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3463/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3463/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver