Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3473/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların azyaşlı uşaqları X4, X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1/2, 14 saylı mənzildən çıxarılması və mənzilin cavabdehin vəsaiti hesabına boşaldılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayon İcra hakimiyyəti başçısının 016795 saylı, xx.xx.1994-cü il tarixli orderinə əsasən Bakı şəhəri Zərdabi küçəsi 1/2 saylı evin mənzil, 2-ci blokunda, 2-ci mərtəbəsində yerləşən sahəsi 45.86 kv.metr olan 14 saylı mənzili onun atası X2 4 nəfər ailə tərkibi olmaqla (atası, anası, o və qardaşı) verilmişdir. Mənzildə təmir işlərinə başlamaq , sonra isə yaşamaq niyyətində olmuşlar, 1997-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onların məlumatları olmadan həmin ünvana məskunlaşmışlar. X1 03 oktyabr 2023-cü ildə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Onlar onun vərəsələridir. Daşınmaz Əmlaka mənzilin vərəsəlik qaydasında öz adlarına keçirmək üçün müraciət etdikdə, imtinanın səbəblərdən biri də mənzildə başqa şəxslərin yaşaması olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların azyaşlı uşaqları X4, X3 ilə birlikdə həmin vaxtdan hazırkı vaxtadək həmin mənzildə yaşayırlar. Dəfərlərlə mənzildən çıxmasını tələb etsələr də, onlar mənzildən çıxmırlar və mənzili boşaltmırlar. Hamıya məlumdur ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının bütün torpaqları düşmənlərdən azad edilmiş və məcburi köçkünlər torpaqlarına, evlərinə qayıdış proqramı əsasında hərəkətlər olunur. Artıq məcburi köçkünlər mərhələli surətdə evlərinə köçürülmüşlər. Lakin onların evində yaşayan məcburi köçkünlər evlərini boşaltmaq niyyətində deyillər. Beləliklə, cavabdehlər onlara məxsus olan evdə yaşamaqla, ondan qanunsuz istifadə və sahiblik edir Bu da onların Konstitusion hüquqlarını pozur.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən iddia ərizəsində cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehlərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.
7. Cavabdehlərin şəxsiyyətinin müəyyən edilməsi cavabdehlərin hazırda sağ olubolmamasını müəyyən etmək üçün zəruridir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin yönəldiyi şəxs cavabdehdir. Cavabdeh qismində məhkəmə icraatında sağ olan, prosessual fəaliyyət qabiliyyətinə malik olan şəxslər iştirak edə bilər.
8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
9 Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
10. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı2: FİN:xxxxxxx; qəbzin nömrəsi :**********; xidmət istifadəçisi kodu:14221301: transaksiya nömrəsi:67037559 tarix:xx.xx.2024, saat:16:22) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı2: FİN:xxxxxxx; qəbzin nömrəsi :**********; xidmət istifadəçisi kodu:14221301: transaksiya nömrəsi:67037559 tarix:xx.xx.2024, saat:16:22) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva