Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3490/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “fiziki şəxsin sağlamlığına vurulmuş zərərlə bağlı vəsaitin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “fiziki şəxsin sağlamlığına vurulmuş zərərlə bağlı vəsaitin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.08.2016-cı il tarixdən 2021-ci ilin may ayına qədər hər ay üçün 150 manat, cəmi 8550 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23 sentyabr 2021-ci il tarixli ərizəsi ilə iddiasını dəqiqləşdirərək cavabdeh "xxxx" ASC-dən 30.10.2017-ci il tarixdən 30.08.2021-ci il tarixinə qədər hər ay üçün 137 manat hesablanaraq (46 ay üçün) cəmi 6302 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 dekabr 1989-cu ildə əmək vəzifələrinin icrası zamanı xəsarət alaraq əmək qabiliyyətini uzun müddətə itirmiş və nəticədə 2-ci qrup əlil olmuşdur. İş yerində aldığı xəsarətlə əlaqədar 29 may 1990-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 2 saylı TSEK rəyi ilə əmək qabiliyyətsiz hesab olunmuş, sağlamlığına vurulan zərərə görə ona 137 manat aylıq ödənc təyin edilmişdir. İlkin dövrdə cavabdeh müəssisə sağlamlığa vurulmuş zərərə görə ödənc məbləğləri ödəsə də, sonradan 2000-ci ildən ödənişi ödəməkdən imtina etmişdir. Barəsində çıxarılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 13.06.2001-ci il, 02.02.2004-cü il, 30 yanvar 2018-ci il tarixli qətnamələri ilə 15 dekabr 1989-cu ildə əmək vəzifələrinin icrası zamanı xəsarət alması səbəbindən sağlamlığına vurulmuş zərərə görə ödənilməyən məbləğ hər ay üçün 137 manat hesablanmaqla cavabdehdən alınaraq ona verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Nizami rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-dən 2006-cı il tarixdən qətnamə çıxarılan tarixə qədər hər ay 137 manat olmaqla 15892 manat məbləğində ödənişin alınıb İddiaçı verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhər Nizami rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, 7220 manat məbləğində ödənişin alınıb İddiaçı verilməsi qət edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçıya verməli olduğu aylıq ödəncin MM-nin 515.2.1-ci maddəsi ilə vaxtaşırı ödənişlər anlayışı ilə əhatə edildiyini, iddia ərizəsinin 30.10.2017-ci ildə verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya yalnız 30.10.2012-ci ildən 30.10.2017-ci ilə qədər olan 5 illik dövr üçün ödəniş verilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 15 dekabr 1989-cu ildə əmək vəzifələrinin icrası zamanı "xxxx" ASC-də aldığı xəsarətlə əlaqədar 29 may 1990-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 2 saylı TSEK arayışı ilə müddətsiz əmək qabiliyyətsiz hesab olunmuşdur. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 13 iyun 2001-ci il tarixli qətnaməsi ilə ******* manat, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 02 aprel 2004-cü il tarixli qətnaməsi ilə ******* manat ödəncin "xxxx" ASC-nin hesabından alınıb ona verilməsi qət olunmuşdur. Bakı şəhər Nizami rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" ASC-dən 2006-cı il tarixdən qətnamə çıxarılan tarixə qədər hər ay 137 manat olmaqla, 15892 manat məbləğində ödənişin alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən, həmin qətnamə ləğv edilmiş, həmin qətnamə ilə 30.10.2012ci ildən 30.10.2017-ci ilədək beş illik dövr üçün 7220 manat məbləğində ödənişin alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli "xxxx" ASCdən 30.10.2017-ci tarixdən 30.08.2021-ci il tarixədək olan dövr üzrə hər ay (46 ay) 137 manat ödənilməmiş ödəncə görə ümumilikdə 6302 manat ödənc məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-dən 30.10.2017-ci tarixdən 30.08.2021-ci il tarixədək olan dövr üzrə hər ay (46 ay) 137 manat ödənilməmiş ödəncə görə ümumilikdə 6302 manat ödənc məbləği tutularaq İddiaçı ödənilsin. İddiaçının 30 manat məbləğində dövlət rüsumunun ödənilməsindən azad edildiyi vəsait "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3490/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3490/2021
23.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver