Məhkəmə qərarları › İş №2(007)-3504/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3504/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3504/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “valideynlərindən miras qalmış daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması və həmin əmlakdan payının məhkəmə qaydasında müyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “valideynlərindən miras qalmış daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması və həmin əmlakdan payının məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsi, atası məhrum X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 6, 7 saylı mənzilə vərəsəlik hüququnun tanınması, mərhum atası X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 6, 7 saylı mənzilə miras hüququ tanındıqda sonra həmin əmlakdan məhkəmə qaydasında payın müəyyən edilməsi, atası məhrum X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 6, 7 saylı mənzilə olan pay hüququnun natura formasında (əmlak şəkilində) həll edilə bilmədiyi halda həmin əmlakın ona düşən hissəsi maddi meyarla qiymətləndirilməklə, cavabdehin üzərinə ona düşən əmlak payının dəyəri 37500- 40000 manat arası məbləğdə pul vəsaiti cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

5. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin əsasını mərhum atasında miras qalmış ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə vərəsəlik hüququnun tanınmaqla payın müəyyən edilməsini və həmin mənzilin hazırki iddia tələbi üzrə Cavabdeh tərəfindən onun hüquqlarını pozmaqla satılması təşkil edir. İddiaçı iddia ərizəsində ata və anasının vəfat etdiklərini, atasının vəfat etməmişdən öncə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili cavabdehə vəsiyyət etdiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən mübahisəli mənzilin atasının mülkiyyətində olmasını, atası tərəfindən cavabdehə vəsiyyət edilməsini, mənzilin alq-satqı müqaviləsi, həmin əmlakın hazırda kimin mülkiyyətində olmasını təsdiq digər sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.

6. Əgər şəxsin həmin sübutları təqdim etməsinə maneə olan hal, iddiaçının hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində olmasıdırsa, qeyd edilən sübutların toplanması üçün iddiaçı cəzaçəkmə müəssisəsinin rəhbərinə müraciət etməklə, əldə edə bilərdi.

7. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbi də məhkəmə üçün aydın deyildir. Belə ki, cavabdehdən miras əmlak olaraq tələb edilən məbləğ konkret göstərilməmişdir.

8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “valideynlərindən miras qalmış daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması və həmin əmlakdan payının məhkəmə qaydasında müyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

10. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici:İddiaçı; ödənişi qəbul edən təşkilat: "xxxx" ASC: VÖEN:**********: FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:09:34) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “valideynlərindən miras qalmış daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması və həmin əmlakdan payının məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş (Ödəyici:İddiaçı; ödənişi qəbul edən təşkilat: "xxxx" ASC: VÖEN:**********: FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:09:34) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar