Məhkəmə qərarları › İş №2(007)-363/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-363/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-363/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Həsənova (İsmayılova) Nərgiz Malik qızının vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən mülkiyyət hüququna dair yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilərək (ümumi istifadədə olan otaqlar-qonaq otağı, mətbəxt, sanuzel, koridor, pilləkən qəfəsi və s.) İddiaçı fərdi yaşayış evindən istifadəsinə məhdudiyyətlərin qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət etməyinin səbəbi odur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində onun vərəsəlik payı var. X2 06 yanvar 2021-ci ildə Rusiya Federasiyası Novosibirski şəhərində vəfat edib. X1 vəfatından sonra Rusiya Federasiyasında vərəsəliklə bağlı Notariusa müraciət etmişdir. Belə ki, oğlu X7 vətəndaşıdır. Rusiya vətəndaşı olmağına baxmayaraq, ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Onun həmin evdə vərəsə kimi payı var. Həmin evin ¼ i çıxarışla xüsusi mülkiyyətindədir. Onun oğlunun həyat yoldaşı İnna Viktorovna və onun oğlu, yəni nəvəsi Cavabdeh2 və mərhum oğlunun birinci həyat yoldaşından olan qızı Nərgiz onu həmin evə buraxmırlar. Onun 90 yaşı var, ağır xəstədir. Onu neçə müddətdir ki, aldadırlar ki, sənə pul verəcəyik amma vermirlər. Özünün müalicə olunmağına böyük ehtiyacı var. Təqaüdçüdür, aldığı təqaüd dərmanlarının xərcini ödəmir. Bir sözlə onlar onun ölməyini gözləyirlər ki, o, öləndən sonra onun vərəsəlik payını da öz aralarında bölüşdürsünlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, mövcud olan 62,5 m2 ev artırıb 2 mərtəbəli 177 m2 ev tikilib. Evin tikintisi iddiaçının oğlu Malikin sağlığında olub sadəcə rəsmiləşdirə bilməyiblər. İddiaçı həmin evə ¼ hissədə mülkiyyətçi olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənova (İsmayılova) Nərgiz Malik qızının vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçının köçürülmək istədiyi əmlak yoxdur ona görə də iddiaçının artıq mülkiyyətçisi olduğu ev olmadığından çıxarışın hüquqi qüvvəsi yoxdur və iddiaçı hazırki evin mülkiyyətçisi deyilEv tikilib artırılmış və 2 mərtəbəli 177 m2 ev olmuşdur. Hazırda evin sənədi olmadığından qanunsuz tikili hesab olunur. Əvvəlki evlə ünvan eynidir, lakin yeni evə çıxarış verilməyib hələ mübahisə olduğuna görə. Buna görə də, göstərilən iddia əsassızdır. Zivər 90-cı illərdən qızı Nəzakətlə yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37-05101-093002 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 57 saylı ev ¼ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Ev iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37- 05101-093002 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 57 saylı fərdi yaşayış evi ¼ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Ev iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə ¼ hissədə pay haqqı ilə qeydiyyata alınmışdır. Tərəflər məhkəmə iclasında həmin sözügedən evin tikilərək artırılıb 2 mərtəbəli oduğunu bildirmişlər. Hazırda iddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən mülkiyyət hüququna dair yaradılmış maneələrin aradan qaldırılmasını, paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçürülməsini və evdən istifadə qaydalarının müəyyən edilərək İddiaçı fərdi yaşayış evindən istifadəsinə məhdudiyyətlərin qoyulmasının cavabdehlərə qadağan edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37- 05101-093002 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 57 saylı ev ¼ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Göründüyü kimi qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Cavabdehin nümayəndəsi və vəkili İddiaçı hazırki evin, yəni 177 m2 yox, əvvəlki 62,5 2 m evin ¼ hissədə mülkiyyətçisi olduğundan hazırki evə köçürülməli olmadığını bildirmişdir. Məhkəmə evin artırıldıqdan sonra hazırki evin sənədi olmadığından, iddiaçının isə çıxarışının 62,5 m2 evə olması səbəbindən həmin evə köçürülməməsi məsələsinə münasibətdə xüsusi ilə vurğulayır ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sözügeden ev çıxarışda mövcud olan, yəni 62,5 m2 evin ünvanında və torpaq sahəsində tikilib artırılmışdır. Hazırki artırılmış evin çıxarışda qeyd olunmuş əmlak olmaması işin mübahisəsiz halıdır. Ev tikildikdən sonra rəsmiləşdirilməsə də məhkəmə ona qanunsuz tikili kimi qiymət vermir, belə ki, əvvəlki tikili xüsusi mülkiyyətdə olmuşdur və hazırki tikili onun artırılması nəticəsində yaranmışdır. Belə olan halda tərəflər müvafiq orqana müraciət edərək əmlaka mülkiyyət hüququ əldə edə bilərlər. Həmçinin hazırki əmlakın sənədi olmasa belə məhkəmə iddiaçının oğlu Malikin birinci dərəcəli vərəsəsi olmasını nəzərə alaraq hesab edir ki, qeyd olunan mənzilə rəsmi sənəd alındığı halda iddiaçının da orda ¼ hissədə payı müəyyən ediləcəkdir. Belə ki, tərəflər qeyd olunan artırılmış evin Malikin sağlığında tikdiyini bildirmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Qeyd olunanlara əsasən, məhkəmə iddia tələbinin “İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hüququ olduğu üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməlidr. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 213.1-ci maddəsinə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilərək (ümumi istifadədə olan otaqlar-qonaq otağı, mətbəxt, sanuzel, koridor, pilləkən qəfəsi və s.) İddiaçı fərdi yaşayış evindən istifadəsinə məhdudiyyətlərin qoyulmasının cavabdehlərə qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan, cavabdehlərin hazırda yaşadığı, iddiaçının isə mənzilə köçürülmə və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Bu xüsusat mülki iş üzrə tərəflərin mübahisəsiz qəbul etdikləri haldır. Odur ki, hazırki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər yararlanaraq orada yaşadıqları halda, mülkiyyətçinin həmin evdən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. İddia ərizəsindən də göründüyü kimi mülkiyyətçi həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılmasını xahiş edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İşin müəyyən edilmiş hallarından o da görünür ki, mübahisə predmeti olan mənzil iddiaçının paylı mülkiyyətindədir və onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsi yoxdur. Belə olan halda, iddiaçı, hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ümumi istifadədə olan sahələrdən (qonaq otağı, mətbəxt, sanitar qovşağı, dəhliz, pilləkən qəfəsi və s.) İddiaçı tərəfindən istifadə edilməsinə məhdudiyyətlərin qoyulması cavabdehlərə qadağan edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən mülkiyyət hüququna dair yaradılmış maneələrin aradan qaldırılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilərək (ümumi istifadədə olan otaqlar-qonaq otağı, mətbəxt, sanuzel, koridor, pilləkən qəfəsi və s.) İddiaçı fərdi yaşayış evindən istifadəsinə məhdudiyyətlərin qoyulmasının cavabdehlərə qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən tələblər mahiyyət etibari ilə eyni məzmunu daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ümumi istifadədə olan sahələrdən (qonaq otağı, mətbəx, sanitar qovşağı, dəhliz, pilləkən qəfəsi və s.) İddiaçı tərəfindən istifadə edilməsinə məhdudiyyətlərin qoyulması cavabdehlərə qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ümumi istifadədə olan sahələrdən (qonaq otağı, mətbəx, sanitar qovşağı, dəhliz, pilləkən qəfəsi və s.) İddiaçı tərəfindən istifadə edilməsinə məhdudiyyətlərin qoyulması cavabdehlərə qadağan edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar