Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-365/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 21.09.1989-cu il tarixdə 909 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21.09.1989-cu il tarixdə nikaha düşmüş, lakin nikahları olsa da ər-arvad münasibətləri olmamış və ailə qurmamışlar. Belə ki, cavabdeh qeyri-rəsmi əri ilə birlikdə yaşamış, o cavabdehin adına olan mənzilə qeydiyyata düşmək üçün onunla nikaha girmişdir. Onların məqsədi ailə qurmaq olmamışdır. Həmin vaxtdan da cavabdeh qeyri-rəsmi yaşadığı əri ilə birlikdə Azərbaycandan daimi olaraq köçüb getmişdir. Cavabdehlə nə əvvəldən, nə də ki Azərbaycanı tərk etdiyi vaxtdan onların heç bir münasibətləri olmamışdır. Göründüyü kimi cavabdehlə onlar nikahda olsalar da, onun cavabdehlə ailə qurmaq niyyəti olmamışdır. Bundan sonra o, bir dəfə nikaha daxil olmuş, həmin nikah da 2007-ci ildə pozulmuşdur. Nə nikaha daxil olan vaxt, nə də nikahı pozularkən ona etibarsız hesab etmək istədiyi nikahının maneə olduğu bildirilməmişdir. Hazırda nikaha girmək istədikdə o, nikahının mövcudluğu barədə məlumat tutmuşdur. O, cavabdehlə faktiki olaraq ailə qurmamış və onunla ailə qurmaq məqsədi olmamışdır. Heç vaxt birgə təsərrüfat aparmamışlar və yalnız formal nikaha daxil olmuşlar. Ona görə də nikahları məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T 036809 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 21.09.1989-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 909 nömrə ilə qeyd edilmişdir. - AZ-İ 086464 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 12.12.2007-ci il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsində nikahlarını pozmuşlar. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 155 nömrə ilə qeyd edilmişdir; - 141 saylı MKİS-nin 31 saylı 01.10.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, indiki Ə.Vəliyev küçəsi (keçmiç Pablik Morozov küçəsi) 10 saylı evin, 10-cu mənzilində Cavabdeh 141 saylı MKİS-nin arxiv sənədlərinə əsasən 27.07.1965-ci il tarixdən pasport qeydiyyatında olmuşdur və onun son qeydiyyat yeri ilə bağlı 141 saylı MKİS-nin sənədlərində məlumat yoxdur. - 02.11.2021-ci il tarixli, 2021/00535 nömrəli “İlkin mediasiya sessiyasından iştirak edilməmə barədə” arayışdan görünür ki, Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 21.09.1989-cu il tarixdə 909 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Hazırda İddiaçı həmin nikahın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, nikahın etibarsız sayılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsi ilə konkret əsaslar müəyyən edilmişdir və bu əsaslar nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi) və nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi) kimi əsaslardan ibarətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə ailə qanunvericiliyinin istinad olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu növ mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olar. İşin məhkəmə tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki,tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmiş və niyyətləri rəsmi nikaha daxil olmaq olmuşdur. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasındakı nikah ailə qurmaq niyyəti ilə bağlandığı üçün saxta nikah sayılmamaqla etibarsız hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə onun arasında 21.09.1989-cu il tarixdə 909 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi” tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci bəndinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı əsas tələb olan “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş, 50 manat məbləğində isə dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə onun arasında 21.09.1989-cu il tarixdə 909 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-365/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-365/2022
18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver