Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3778/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- “Arbitrum” Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin yanvar ayından “Bravo Supermarket”in Masazır filialında öz vəzifəsini layiqincə və vicdanla yerinə yetirmiş, işçilər arasında hörmət qazanmış, rəhbərliklə də heç bir zaman pis münasibətdə olmamışdır. İş münasibətləri zamanı bəzən öz iş yoldaşlarının çətin günlərində bir-birilərinə dəstək olaraq, bir-birilərinin yerinə iş funksiyalarını və vəzifələrini yerinə yetirmişlər. O, 2021-ci ilin fevral ayında işlədiyi “Bravo Supermarket”in Masazır filialında işdə olduğu zaman marketin şöbə rəisi ona eyni “umico” kartı ilə 3 nəfərin alış-veriş etdiyini bildirmiş, rəis bu təqdirdə onun daxili nizam-intizam qaydasını pozduğunu bildirmişdir. Həmin vaxt ona hər hansı bir nizam-intizam qaydası barədə məlumat verilmədiyini və hər hansı belə bir sənəd verilmədiyini deməyinə və həmin əməllə bağlı hər hansı bir qayda pozuntusu etmədiyini bildirməyinə və gün ərzində yüzlərlə müştəri yola saldığından və müştərilərin pandemiya səbəbindən tibbi maska taxdığından tanımağının mümkün olmadığını və bir neçə müştərinin eyni kartla alış-veriş edə biləcəyinin qarşısını ala bilməyəcəyini bildirsə də, işdə qalmağı üçün bir də elə bir halın təkrar olunmaması üçün diqqətli olacağına dair ona hansısa yazı yazdırıb, qol çəkdirildikdən bir neçə gün sonra market rəhbərliyi tərəfindən məzuniyyətə çıxmalı olduğu bildirilmişdir. Lakin məzuniyyətinin neçə gün olması barədə heç bir məlumat verilmədiyindən bir müddət sonra işə gəldikdə ona artıq işə gəlməməli olduğu və işdən azad olunduğu bildirilmişdir. Dəfələrlə bunun səbəbini soruşsa da, ona səbəb bildirilməmiş, əmək kitabçası və işdən azad olunmasına dair sübut ona təqdim edilməmişdir. Dəfələrlə müraciətinə cavab verilməyərək nə iş vəzifəsinin yerinə yetirilməsi təmin edilmədiyindən, nə də əmək kitabçası və əmək müqaviləsinə xitam vermə barədə sənəd ona verilmədiyindən, məcbur qalaraq Əmək Müfəttişliyinə şikayət etmişdir. Dəfələrlə yazılı və şifahi müraciət edərək şikayətinin nəticəsi barədə məlumat tələb etsə də, heç bir müsbət nəticə verməmiş və Əmək Müfəttişliyindən işdən azad edildiyi və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra sonuncu dəfə 23.07.2021-ci il tarixli, 150 nömrəli müraciətlə işdən azad olunmağının səbəbi, əmək kitabçasının və əmək müqaviləsinin ləğv edilməsi barədə bildirişin təqdim edilməsi, son haqq-hesab pulunun ödənməsi və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasının səbəbi barədə məlumat əldə edilməsi üçün vəkili tərəfindən edilmiş müraciətdən sonra əmək kitabçasının təqdim edilməməsi, sorğuda qeyd olunan sualların cavablandırılmamasına baxmayaraq, əmrin bağlanması və əmrin ləğv edilməsinə dair əmək müqaviləsi bildirişi, hesabdan çıxarış, izahatının surəti göndərilmişdir. İlkin olaraq 23.07.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin iddia ərizəsi “Mediasiya Haqqında” Qanunun tələbinə əsasən geri qaytarılmış, Mediasiyada iştirak etməyinə baxmayaraq, cavabdehlə hər hansısa bir razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, cavabdeh Mediasiyada da olarkən öz qanunsuz əmrinin haqlı olduğunu əsas tutmuş və guya onun cavabdehə maddi zərər vurduğunu, hətta şirkətdən oğurluq etdiyini bildirmişdir. Belə ki, o, müştərilərin “umico” kartını şəxsən təqdim edən şəxsə məxsus olub-olmadığını yoxlamaq vəzifəsi daşımadığından ayrı-ayrı şəxslərin eyni kartdan istifadə edərək alış-verişin eyni bonus kartına yüklənməsinə nəzarət etməyi mümkünsüz olduğu halda bu halın baş verməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hallarla işdən azad edilməyi tamamilə qanunsuzdur. Bu günə qədər hələ də əmək kitabçası ona təqdim edilmədiyindən surətini (və ya əslini) məhkəməyə təqdim edə bilmir. Cavabdehə rəsmi qaydada da müraciət etmiş, lakin hələ də əmək kitabçasını əldə edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, onun işdən çıxarılmağına dair 26.02.2021-ci il tarixli, T0141- 21 saylı əmrin ləğv edilməsinə, mediasiya şurasında ödənmiş 50 manatın və vəkilə ödənmiş 110 manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddiaçının ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, iddiaçının hansı təlimatlarla tanış olması barədə hər hansısa rəsmi sənəd yoxdur. Cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı isə bildirir ki, iddia müddəti şəxsin son haqq-hesab və əmək kitabçasını rəsmi olaraq aldığı gündən hesablanır. İş materiallarına əlavə edilmiş xəbərnamədə qeyd edilmiş imza iddiaçıya məxsus deyil, belə ki, iş materiallarında İddiaçı tərəfindən edilmiş 4 imzadan yalnız ikisi sonuncuya məxsusdur, misal üçün işə qəbul imzası və ondan alınan izahatda qeyd edilən imza özünə məxsusdur, lakin xəbərnamədə qeyd edilən imza iddiaçıya məxsus deyil. Qeyd olunan xəbərnamədəki imzanın iddiaçının imzası olub-olmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası keçirilməlidir. Lakin, iddiaçı hərbi xidmətdə olduğu üçün həmin ekspertizanın keçirilməsində onun iştirak etməsi hazırda mümkün deyil. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bildirir ki, 01 mart 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr və xəbərdarlıq iddiaçının faktiki ünvanına göndərilmiş və iddiaçı tərəfindən imza edilməklə təhvil alınmışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının artıq 01 mart tarixindən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuşdur. Lakin iddiaçı 23.07.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən məhkəməyə müraciət etməsinə qədər 3 aydan çox müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüş hesab edilir. Bundan əlavə, MMC-nin təlimatına əsasən kassir, müştəridən bonus kartının olub-olmamasını öyrənməli, bonus kartını təqdim edərsə alış-verişin 1%-i müştərinin bonus kartına əlavə edilir. Bundan əlavə, iddiada qeyd edilən bonus kartı iddiaçıya deyil, başqa şəxsə məxsus olmuşdur. Qeyd edilən bonus kartına hər gün üç-dörd dəfə iddiaçı tərəfindən bonuslar əlavə edilmişdir, lakin onlar humanistlik göstərərək bu barədə hüquq-mühafizə orqanlarına şikayət etməmişlər. İddiaçının MMC-yə vurduğu zərər edilən hər alış-verişin 1%-i olmuşdur, sonuncu əgər həmin məbləği bonus kartına əlavə etməsəydi məbləğ şirkətə qalardı. İddiaçı 26 fevral 2021-ci il tarixdə işdən azad olunub, 01 mart 2021-ci il tarixdə isə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı işə qəbul edilərkən bütün təlimatlarla tanış edilmişdir. Belə ki, qaydaya əsasən ilk gün işçiyə təlim keçilir, işçilər mağazaya getdikdən sonra orada ümumi iş rejimi və daxili qaydalarla tanış edilirlər. Təlimatlar ümumi olur, tanış edildikdən sonra sənədə tanış olması barədə imza çəkir. İddiaçı həmin xəbərdarlıq məktubuna imza çəkmişdir. Bununla yanaşı, iddiaçının iş yoldaşlarına və digər şəxslərə xəsarət yetirməsi faktı da olmuşdur ki, işlədiyi müddət ərzində yəni keçən ilin dekabr və bu ilin yanvar ayları ərzində eyni səhvləri təkrar etmişdir, dekabr ayında isə etdiyi səhvə görə şifahi xəbərdarlıq edilmişdir. Bütün göstərilənlərlə yanaşı, o, iddiaçının eyni karta müştəri alış-veriş edən zaman bonusları yükləməsi kamera görüntüləri ilə təsbit olunmuş, həmin görüntülər DVD diskə köçürülmüşdür və o, həmin diski məhkəməyə təqdim edir. Buna görə də, iddianın əsassız olduğunu bildirdi, həmçinin iddia müddəti ötürüldüyünə görə iddia müddətini tətbiq edib əmək mübahisəsi üzrə İddiaçı tərəfindən qaldırılan iddiadan imtina barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı 17 dekabr 2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında 17 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, xəzinədar vəzifəsinə işə qəbul edilmişdir; 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli “Əmək müqaviləsi”nin: 1.3-cü bəndinə əsasən bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi, əmək qanunvericiliyi sistemi və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş qayda və prinsiplərlə tənzimlənir; 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 6 (altı) ay müddətinə bağlanmışdır; 2.2-ci bəndinə əsasən işçinin işə başlama tarixi 17 dekabr 2020-ci il tarixidir; 5.1-ci maddəsinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır; 10.1-ci bəndinə əsasən bu müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur; 11.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər; - Cavabdeh MMC-nin İcbari təlimləri üzrə şəxsi vərəqənin surətindən görünür ki, MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3-7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir; - Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsindən görünür ki, əgər Bravo mağazalar şəbəkəsinin işçi heyəti Umico kart və ya mobil əlavəsindən istifadə edirsə, ancaq özləri aldıqları məhsullar üçün kartdan və mobil əlavədən istifadə edə bilərlər. Müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağandır; - İddiaçı Cavabdeh MMC-nin Kadrlar Şöbəsinə verdiyi 07 yanvar 2021-ci il tarixli izahatdan görünür ki, İddiaçı həmin izahatında göstərmişdir ki, o, 17 noyabr 2020-ci il tarixdən etibarən “Bravo” supermarket şəbəkəsində kassir vəzifəsində çalışır. Çalışdığı müddət ərzində bilir ki, müştərilərin bonuslarını və alış-verişlərini öz hesabına və ya müştərilərin kartlarının barkodunu əl ilə daxil etmək olmaz. Lakin cari ilin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarlamışdır və ümumilikdə eyni hesaba 1000 AZN-dən çox (10 AZN bonus) vurmuşdur. Bu halın səhv olduğunu anlayır və şirkətə ziyan olduğunu anlayır. Çalışacaq ki, bir daha bu hallar təkrar olunmasın. Bundan sonra o, izahatı özünün yazdığını və öz imzası ilə təsdiq etdiyini qeyd edərək, izahatı imzalamışdır; - 26 fevral 2021-ci il tarixli, T0141-21 saylı Əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan işçisi ilə bağlanmış AS6205 saylı əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (Əsas: İşçinin 07 yanvar 2021-ci il tarixli izahatına əsasən); - Cavabdeh MMC-nin 01 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan və ona əlavə edilmiş qaimənin surətindən görünür ki, MMC tərəfindən İddiaçı 26 fevral 2021-ci il tarixdə onunla bağlanmış AS6205 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və əmək kitabçasını Bakı şəhəri, H.Əliyev prospekti 172 ünvanında “Koroğlu” metro stansiyasının yanında yerləşən “Bravo” hipermarketin 2-ci mərtəbəsində ünvanındakı Baş ofisdən götürməsi bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı xəzinədar vəzifəsinə qəbul edilmişdir. MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3-7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir. Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsindən görünür ki, əgər Bravo mağazalar şəbəkəsinin işçi heyəti Umico kart və ya mobil əlavəsindən istifadə edirsə, ancaq özləri aldıqları məhsullar üçün kartdan və mobil əlavədən istifadə edə bilərlər, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağandır. İddiaçı həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı etirafedici izahat yazmışdır. Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan işçisi ilə bağlanmış AS6205 saylı əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Hansı ki, 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli əmək müqaviləsində tərəflər razılaşmışlar ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 və 72-ci maddələrində nəzərdə tutulan hallarda xitam verilə bilər. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı öz iradə ifadəsini bəyan edərək müştərilərin alış-veriş bonuslarını öz hesabına və ya kartların barkodunu əl ilə daxil etməyin qadağan olunmasını bildiyini, lakin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarladığını, şirkətə ziyan vurduğunu 07 yanvar 2021-ci il tarixli yazılı izahatında qeyd etmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan, o cümlədən iş materiallarına əlavə edilmiş izahatdan da məlum olur ki, o, sözügedən izahatı öz xətti ilə yazmışdır, izahatın onun tərəfindən yazılaraq imzalanması onun tərəfindən mübahisələndirilmir. Burada, iddiaçının mübahisələndirdiyi məqam ondan ibarətdir ki, iddiaçı tərəf 07 yanvar 2021-ci il tarixli izahatı hüquqi savadı olmadığına görə cavabdehin nümayəndəsinin diqtəsi ilə, məcburən yazdığını iddia edir. Lakin, qeyd olunan izahatın mahiyyətindən də görünür ki, iddiaçı həmin izahatda müştərilərin alış-veriş bonuslarını öz hesabına və ya kartların barkodunu əl ilə daxil etməyin qadağan olunmasını bildiyini, lakin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarladığını, şirkətə ziyan vurduğunu sadə yazılı formada öz xətti ilə qeyd etmiş, izahatın mahiyyəti ona bəlli olmuş, hansı ki, həmin ifadələrin məhz hüquqi savada malik olan şəxs tərəfindən anlaşıla bilməsinə dəlalət edən hal mövcud deyil, qeyd olunan izahat kifayət qədər anlaşılan və açıq ifadələrlə iddiaçının özü tərəfindən yazılmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirirərək qeyd edir ki, tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3-7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir. Lakin, iddiaçı istər cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin, istərsə də Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsinin yəni, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağan olunduğu halda, həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı etirafedici izahat yazmışdır. Məhz bu səbəbdən, cavabdeh sözügedən əmək müqaviləsinin 11.1-ci bəndini, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçının müştərilərin alış-veriş etməsi nəticəsində qazandıqları bonusları özündə olan umico hesaba daxil etməsini əks etdirən görüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman, bu fakt öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən, iddia tələbinin əsassız olması ilə yanaşı iddia müddəti məsələsinə münasibətdə qeyd edir ki, məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia müddətinin ötürüldüyünü əsas gətirməklə, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili isə bununla razılaşmayaraq, cavabdeh tərəfindən xəbərdarlıq məktubunun iddiaçıya təqdim edilmədiyini, həmin məktuba iddiaçının imza etmədiyini bildirmiş, bunun müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsinin zəruri olduğunu bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, göründüyü kimi iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir, iddiaçı sözügedən xəbərdarlıq məktubunda mövcud imzanın ona məxsus olmamasını mübahisələndirməmiş, iddiaçı tərəf yalnız cavabdeh tərəfin iddia müddətinin ötürülməsini bildirməsindən sonra xəbərdarlıq məktubunun iddiaçıya təqdim edilmədiyini, imzanın ona məxsus olmaması barədə şifahi dəlil irəli sürsə də, məhkəmə sonuncunun həmin dəlilini əsassız hesab edir. Məhkəmə İddiaçı iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, həmin iddia tələbləri onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə tələbdən doğan, törəmə tələblər olduğundan və iddianın ilk hissəsinin əsassız olması ilə bağlı təmin edilməli olmadığından həmin tələblər də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “onun işdən çıxarılmağına dair 26.02.2021-ci il tarixli, T0141- 21 saylı əmrin ləğv edilməsi, mediasiya şurasında ödənmiş 50 manatın və vəkilə ödənmiş 110 manatın alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “əmrin ləğv edilməsi və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3778/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3778/2021
30.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver