Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-383/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən barəsində qəbul edilən 17 iyul 2020-ci il tarixli **********5-2020 əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq İnstutunun “ərzaq mallarının əmtəəşünaslığf fakültəsini bitirmiş, 01.08.1998-ci ildə əmək fəaliyyətinə başlayaraq müxtəlif idarə, müəssisə və təşkilatlarda müxtəlif vəzifələrdə çalışmışdır. 18.06.2019-cu il tarixdə ********** saylı əmrlə Cavabdeh MMC-də “satış təmsilçisi” vəzifəsinə təyin edilmişdir. 17 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru Anar İbrahimov tərəfindən verilmiş **********5-2020 saylı əmrlə qanunsuz olaraq işdən azad edilmişdir. Aşağıda göstərilən əsaslara görə barəsində qəbul olunmuş 17 iyul 2020-ci il tarixli **********5-2020 saylı əmrini əsassız və qanunsuz hesab edir. Belə ki, işlədiyi müddətdə daim irəlidə və fərqlənən əməkdaşlar sırasında olmuşdur. Bu özünü arxiv sənədlərində əks etdirir. 03.08.2019-cu il tarixdə yaxın qohumlarından vəfat edən olduğu üçün onlayn satış icazəsi almışdır. İşə qayıtdıqdan sonra ərazini yoxlamaq istəmiş və aşkarlamışdır ki, 7.800 manat borcu yaranmışdır. Bu barədə rəhbərliyə xəbər vermiş və araşdırmağa başlamışdır. Şirkət tərəfindən məsuliyyətsiz iş aparılması nəticəsində bu borcun yarandığını aşkarlamşıdır. 4.080 manat məbləği tapmış və üstündən sildirmişdir. Yerdə qalan 3.800 manat məbləği tapa bilmədiyi üçün hissə-hissə ödəməyə razılaşmışdır. Bu hadisədən sonra şirkətdə olan problemləri izləməyə başlamışdır ki, növbəti dəfə belə borc yaranması halı baş verməsin. Sonradan satış terminalında bu dəfə şirkətin ziyanına 11.000 manat səhv aşkarlamışdır. Bunu videogörüntüyə almış və sübut üçün özündə saxlamışdır. Şirkətə bu barədə məlumat vermişdir. Bundan sonra şirkət öz səhvini düzəltmişdir. Başqa bir videogörüntüdə isə ərazi borcunda 151.16 manat borcu olan bir müştərinin satış terminalında 4.166 manat borcu olunduğu görünürdü. Bu yarıtmaz sistemin qüsurunu göstərən videogörüntülər əlimdə sübut olaraq vardır. 29.04.2020-ci il tarixində yenidən şirkətlə onun arasında 31.500 manat fərq əskiyi aşkarlamışdır. Bu haqda mühasibatlıq və müdriyyətə xəbər verərək audit göndərilməsini tələb etmişdir. Ancaq audit yoxlamasını 1 ay 4 gündən sonra göndərilmişdir. Bu müddətə qədər öz təşəbbüsü ilə Cavabdeh MMC-nin Gəncə şəhər fililalında 3 dəfə, əsas ofisi olan Bakı şəhərində isə 2 dəfə yoxlanış üçün olmuşdur. Şirkətin qanunvericiliyinə əsasən müştərinin sifariş etdiyi malın fakturası 3 nüsxədə gəlir. Mağaza məsul şəxsi bu 3 nüsxəsinin hamısına imza atır və adını yazır. Şirkətin ona iddia etdiyi 31.500 manat məbləğində malın mağazada təsdiqlənmiş, yəni imza atılmış qaiməsini tələb etmişdir. Şirkət bu tələbini yerinə yetirə bilməmişdir.Çünki onun iddia etdiyi kimi bu 31.500 manatlıq mal onun heç bir müştərisinə təhvil verilməmişdir. Ancaq şirkətin məsul şəxsləri tərəfindən ondan qeyri-qanuni olaraq bu məbləği tələb etməsindən sonra o şikayət ərizəsi ilə bir çox dövlət qurumlarına müraciət etmişdir. 09.06.2020-ei il tarixində satış müdiri ilə birlikdə Cavabdeh MMC-nin Bakı ofisində olmuş və təhvil-təslim aktları imzalamışdır. Bundan sonra yaşadığı ünvana qayıtmış və səhəri günü Bərdə ofisinə işə getmişdir. Bu zaman satış müdiri onun işdən azad olunduğunu və 1 həftə ərzində işdən azad olunma əmrinin və əmək kitabçasının şirkət tərəfindən göndəriləcəyini bildirmiş və onu geri qaytarmışdır. Söz verilən 1 həftədən də çox keçməsinə baxmayaraq əmək kitabçasının son ödəmələrin tələbi həyata keçmədiyi üçün Cavabdeh MMC-nin baş ofısindəki müxtəlif yüksək səlahiyyətli nümayəndələrlə telefon danışığı və vatsap yazışmaları ilə öz haqqını tələb etmişdir. Bu məsul şəxslər əmək kitabçasının verilməmə səbəbi olaraq onun Cavabdeh MMC-dən şikayəti əsasında gələn yoxlamaları göstərdilər. Müntəzəm olaraq zənglər etmiş və mesajlar yazmışdır. Buna baxmayaraq yenə də onun gözləməyimi tələb etmişlər. Yuxarıda qeyd etdiyi zənglərin səsyazısını və mesaj mətnlərini maddi sübut kimi saxlamışdır. 14.07.2020-ci il tarixində ona Cavabdeh MMC-nin direktoru X5 tərəfindən məktub gəlmiş və məktubun məzmununa əsasən, guya o, 09.06.2020-ci il tarixdən özbaşınalıq edərək işə gəlməməyini iddia etmişdir. Halbu ki, 09.06.2020-ci il tarixində o Bakıda baş ofisdə olmuş və təhviltəslim aktlarını imzalamışdır. Bu məktuba əsasən də onun əmək kitabçası ləkələnmiş, əmək qanunvericiliyinin 70 “ç” və 72 “c” bəndləri qeyri-qanuni olaraq əmək kitabçasına yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. İddia tamamilə əsassızdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad olunması barədə əmr çıxarılmış və son haqq-hesabı ödənilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddanın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29.07.2013-cü ildə Bərdə RPŞ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuş İddiaçı Bərdə şəhəri, Nüşabə küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22.07.2020-ci il tarixli, 3340 №-li arayışına əsasən İddiaçı Bərdə şəhəri, Nüşabə küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. A 028326 №-li diplomun surətinə əsasən İddiaçı Bakı X1 məhsullarının texnologiyası, İaşə məhsullarının texnologiyası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir; Cavabdeh MMC-nin **********5-2020 saylı, 17.07.2020-ci il tarixli əmrinə əsasən İddiaçı həmin tarixdən cəmiyyətin satış təmsilçisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstidafə edilməmiş əmək məzuniyyətinə görə 23 gün pul əvəzinin ödənilməsi əmr olunmuşdur. Cavabdeh MMC-nin direktoru X5 tərəfindən 07.04.2020-ci il tarixli məktubun surətindən məum olur ki, X6 09.06.2020-ci il tarixindən işə gəlmir, mobil telefonuna zəng olunsa da cavab vermir, dəfələrlə ona müxtəlif yollarla şifahi Cavabdeh MMC-nin ofisinə gəlməsi xahiş olunsa da o, rəsmi olaraq nə səbəbdən işə gəlməməsi barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu məqsədlə 13.07.2020-ci il tarixinədək Cavabdeh MMC-nin ofisinə gəlməsinin vacib olduğu, əks təqdirdə onun barəsində qanunamüvafiq ölçü götürüləcəyi bildirilmişdir. Cavabdeh MMC-nin hüquqşünası Nümayəndə tərəfindən 09.07.2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubun surətinə əsasən ona bir neçə dəfə şifahi xəbərdarlıq olunmasına baxmayaraq iş yerinə gəlməmiş, bundan sonra onun hərəkətləri şübhə doğurmuş və xidmət göstərdiyi ərazi üzrə ticarət nöqtələrindəki borcların yoxlanması məqsədi ilə daxili audit yoxlaması aparılmışdır. Yoxlama nəticəsində ticarət nöqtələrindəki borclar öz əksini tapmamış və külli miqdarda çatışmazlıq aşkarlanmışdır. Bu çatışmazlıq sərbəst auditin verdiyi rəydə öz əksini tapmışdır.Bu məqsədlə də qısa müddət ərzində öhtəsində olan olan külli miqdarda çatışmazlığı Cavabdeh MMC-nin xəzinəsinə ödənilməsini əks təqdirdə onun AR ƏM-nin 70-ci maddəsinin C bəndinin tələblərinə əsasən işdən azad olunacağı və barəsində toplanmış materialların Azərbaycan Respublikasının Prokurorluq orqanlarına təqdim olunacağı barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2279/2020 saylı, 07.09.2020-ci il tarixli qərardadı ilə mütəxəssis rəyi alınması üçün iş üzrə icraat dayandırılmış və mütəxəssis qarşısında İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməsi, Əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol verilmişdirsə İddiaçı məcburi işburaxmaya görə ödənilməli məbləğ neçə manat təşkil etməsi barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin **********8 nömrəli, 03 dekabr 2020-ci il tarixli cavab məktubunda(rəydə)qeyd olunur ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsaslanaraq bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə 17.07.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh MMc tərəfindən araşdırma zamanı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62ci maddəsinə uyğun olaraq işdən kənarlaşdırılmışdırsa, o zaman ona həmin maddənin 3cü bəndinə uyğun olaraq əmək haqqı ödənilmir. Lakin işdən kənarlaşdırma rəsmiləşdirilməyibsə onda İddiaçı boş dayanmaya görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci bəndinə əsasən tarif (vəzifə) maaşının üçdə iki hissəsnidən az olmayaraq əmək haqqı ödənilməlidir. Cavabdeh MMC-nin direktoru X3 Gəncə filialının rəhbər heyəti tərəfindən ünvanlanmış 12 iyun 2020-ci il tarixli akta əsasən İddiaçı yaranan borcu ilə əlaqədar olaraq izahatını verməkdən imtina etmişdir. Cavabdeh MMC-nin Gəncə Filialı üzrə Ərazi üzrə rəhbəri X4 tərəfindən satış təmsilçisi İddiaçı ərazsinin yoxlanılması zamanı aşkar olunan çatışmazlıq haqqında 12 iyun 2020-ci il tarixli təqdimata əsasən 09 iyun 2020-ci il tarixdə yoxlama aparılan zaman 32509.67 AZN məbləğində çatışmamazlıq aşkar olunmuş, bununla əlaqədar İddiaçı işdən kənarlaşdırılması və audit yoxlamasının keçirilməsi xahiş olunmuşdur. Audit prosedurlarının aparılmasına dair 23 iyun 2020-ci il tarixli akta əsasən aparılan audityoxlamasına əsasən cəmiyyətin satış təmsilçisi İddiaçı öhdəsində 11.06.2020-ci il tarixə 32.509,67 (otuz iki min beş yüz doqquz manat 67 qəpik) manat çatışmamazlıq aşkar edilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən satış təmsilçisi İddiaçı dəfələrlə müraciətlər olunmasına baxmayaraq o öhdəsində olan çatışmamazlığı cəmiyyətə tam ödəməmişdir. Bütün bunları və digər səbəbləri nəzərə alaraq satış təmsilçisi İddiaçı hesabındakı çatışmamazlığın tam araşdırılması və ödənilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunması təklif olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 iyun 2019-cu il tarixdə İddiaçı CavabdehMMC-nin satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı 17 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru Anar İbrahimov tərəfindən verilmiş **********5-2020 saylı əmrlə işdən azad olunmuşdur. Aparılmış audit yoxlaması nəticəsində də cəmiyyətin satış təmsilçisi İddiaçı öhdəsində 11.06.2020-ci il tarixə 32.509,67 (otuz iki min beş yüz doqquz manat 67 qəpik) manat çatışmamazlıq aşkar edilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən satış təmsilçisi İddiaçı dəfələrlə müraciətlər olunmasına baxmayaraq o öhdəsində olan çatışmamazlığı cəmiyyətə tam ödəməmişdir. Hazırda iddiaçı onun işdən azad olunmasına əsas olmuş əmrin ləğv olunması, onun əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 68-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, bu hal işə götürən tərəfindən onun əmək müqaviləsinin ləğv olunmasına əsasdır. 72-ci maddənin “c” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardır. Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan CavabdehMMC ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. AR ƏM-nin 71-ci maddəsinin tələblərinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər aşağıdaılardır: 71.2 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı təşkilat tərəfindən işdən azad olunması barədə verilmiş 17 iyul 2020-ci il tarixli **********5-2020 nömrəli əmrin ləğv olunması, onun MMC-yə satış təmsilçisi vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-nə qarşı işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-383/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-383/2021
15.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver