Məhkəmə qərarları › İş №2(007)-3861/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3861/2021

28.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3861/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Bakı Dəmir Beton-4’' Açıq Səhəmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasında 2021-ci il ücün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunan tələblərinə əsasən İddiaçı verilən müvinatın məbləğini artıraraq 196 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 0, 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X5 Zavodunun indiki"xxxx" Açıq Səhəmdar Cəmiyyəti təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabilliyətsiz hesab olunmuş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu məsələlər Bakı Şəhər Şamuyan Rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh “Bakı Dəmir Beton-4" Açıq Səhəmdar Cəmiyyəti tərəfindən ona 136 manat ömürlük müavinət ödənilir. Lakin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə üçün 196 manat məbləğində müəyyən edilmişdir. O, dəfələrlə cavabdeh "xxxx" Açıq Səhəmdar Cəmiyyətinə ona verilən müvinatın məbləğini artıraraq 196 manat təyin edilməsini xahiş etsə də, onlar məhkəməyə müraciət etməyin qanuna müvafiq olduğunu bildirmişlər. Cavabdeh "xxxx" ASC-nin idarə heyətinin sədri X3 tərəfindən məhkəməyə etiraz təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət məbləğinin artıraraq 196 manat müəyyən edilməsinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia təlbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, “Bakı Dəmir Beton- 4" ASC tərəfindən ona 136 manat ömürlük müavinət ödənilir, indi 196 manat olmasını istəyir, zavoddan xahiş edib artırsın, ancaq heç nəylə maraqlanmırlar. Ayağını protez olduğunu, cavabdehin əvvəldən pulu verməyə razı olmadığını, 2013-cü ildən zavoda gedib xahiş etdiyini qeyd etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, İddiaçı onların işçisi olmayıb, təsadüfən oradan keçəndə xəsarət alıb, ayağında əvvəldən problem olub. O, müavinətin artırılmasına razı olmadıqlarını, minimum dolanacaq məbləği artdıqca müavinətin də artacağının qətnamədə nəzərdə tutulmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart tarixli, 2(102)-1528\18 saylı qərarından görünür ki, cavabdeh "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və 26 sentyabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2227/2016 saylı 19 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sonuncunun sağlamlığına vurulmuş zərərə görə onun məhkəmədə 2016-cı ildən əvvəlki üç il üçün birdəfəlik qaydada 4641 manat və 2016-cı ilin mart ayından hesablanaraq hər ay 136 manat məbləğində pul vəsaiti tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - 01 sentyabr 2021-ci il tarixli, 001799 nömrəli “X2 sonra X6 Bilməməsi barədə” Arayışdan görünür ki, ilkin mediasiya sesiyasında İddiaçı iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. -01.09.2021-ci il tarixli aryışdan görünür ki, İddiaçı ikin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat xərc ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X5 Zavodunun indiki "xxxx" Açıq Səhəmdar Cəmiyyəti təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabilliyətsiz hesab olunmuş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu hallar Bakı Şəhər Şamuyan Rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh “Bakı Dəmir Beton-4" Açıq Səhəmdar Cəmiyyəti tərəfindən ona əvvəlki üç il zərərə görə hər il üzrə yaşayış minimumunun məbləği nəzərə alınmaqla birdəfəlik qaydada 4641 manat və 2016-ci ilin mart ayından hesablanmaqla hər ay aylıq ödəniş şəklində 136 manat pil vəsaitinin tutulması qət edilmişdir. Mülki prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən görünür ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı "xxxx" Açıq Səhəmdar Cəmiyyəti tərəfindən aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay üçün 196 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediasiya xərclərinin tərkibində ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Açıq Səhəmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhəmdar Cəmiyyəti tərəfindən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan bağlayaraq İddiaçı aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay üçün 196 manat müəyyən edilsin. İddiaçı tərəfindən mediasiya xərclərinin tərkibində ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Açıq Səhəmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar