Məhkəmə qərarları › İş №2(007)-3869/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3869/2025

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3869/2025 16.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “notariat hərəkətlərinin aparılması öhdəliyinin notariat ofisinin üzərinə qoyulması”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb edilməklə cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina qərarının qanunsuz hesab edilməsi və əmlakın özgəninkiləşdirilməsinə dair notariat hərəkətlərinin aparılması öhdəliyinin notariat ofisinin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməməsi, qərarın əsassız hesab edilməsi və notariat ofisinin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2008-ci il tarixində İddiaçı tərəfindən əldə edilmiş və Bakı şəhəri, Suraxanı rayonnu, Yeni Suraxanı qəsəbəsi ərazidində yerləşən 0.02318 ha torpaq sahəsinin İddiaçı ilə X1 birgə mülkiyyəti deyil, İddiaçı mülkiyyəti hesab edilməsi, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat Ofisinin xx.xx.2025-ci il tarixli qərarının əsassız hesab edilməsi və ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsinin özgənikiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin X1 razılığı olmadan aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2026-cı il tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli imtina qərarının əsassız hesab edilməsi və ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin X1 razılığı olmadan aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixində X6 ilə Gürcüstan Respublikası Bolnisi rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuşdur. Nikah bağlandıqdan qısa müddət sonra münasibətləri korlanmış, 1992- ci il tarixdə faktiki olaraq ayrılmışlar. Ər-arvad münasibətləri kəsildiyindən və nikahları formal xarakter daşıdığından nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-143/2014 saylı qiyabi qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə X6 arasında xx.xx.1991-ci ildə bağlanmış və Gürcüstan Respublikası Bolnisi rayon VVAQ şöbəsində qeydə alımış nikah pozulmuşdur. Qətnamə qanuni qüvvəsini almış, xx.xx.2014-cü il tarixində Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, onun tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 0.02318 ha torpaq sahəsi əldə edilmiş, torpaq sahəsi xx.xx.2008-ci il tarixində xüsusi mülkiyyət olaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən torpaq sahəsini bacısı X4 hədiyyə etmək (bağışlamaq) məqsədilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2025-ci il tarixli cavabla aşağıdakıları bildirmişdir: Notariat hərəkətlərinin aparılması zamanı, bağışlamaq istədiyiniz Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən və ümumi sahəsi 0.02318 ha olan torpaq sahəsinin keçmiş yoldaşınız X6 ilə birgə birgə nikah dövrünüzdə əldə olunması müəyyən edilmişdir. Odur ki, qeyd olunan torpaq sahəsinin tərəfinizdən özgəninkiləşdirilməsi üçün X2 notarial qaydada təsdiq olunmuş razılığı zəruridir. Məhkəmənin nəzərinə çatdırır ki, imtinanı əsassız hesab edir. Belə ki, X6 ilə rəsm nikahıları 11 (on bir) ildən artıq müddətdir ki, pozulmuşdur. Qeyd edilən torpaq sahəsinin əldə edilməsi X6 ilə birgə nikah dövrünə düşsə də, birgə vəsait hesabına əldə edilməmişdir. Belə ki, qeyd etdiyi kimi X6 ilə münasibətləri çox az müddət olmuşdur və onlar 1992-ci ildən ayrı yaşayırlar və ümumiyyətlə əlaqələri yoxdur. X2 hal-hazırda harada olması barədə də heç bir məlumatı yoxdur. Eyni zamanda bildirir ki, X6 gəlsə belə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cu maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Yəni həm rəsmi nikah dövründə, həm də nikah pozulduqdan sonra X2 qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir tələbi olmamışdır. Lakin müraciət etdiyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi qeyd edilənləri nəzərə almamış və notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Hesab edir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin ona məxsus olan torpaq sahəsinə dair notariat hərəkətlərinin aparılmasından imtina etməsi əsassızadır. Məhz bu səbəbdən xx.xx.2008-ci il tarixində qazanılmış və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 0.02318 ha torpaq sahəsinin İddiaçı ilə X2 birgə mülkiyyəti deyil, İddiaçı mülkiyyəti hesab edilməli, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-cı ıl tarixli imtina qərarı əsassız hesab edilməli, İddiaçı məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin FilipovaTamara Konstantinovnanın razılığı olmadan aparılması öhdəliyi cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulmalıdır. Eyni zamanda bildirir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina etməsi onun müqavilə azadlığının pozulması kimi dəyərləndirilməlidir. Eyni zamanda bildirir ki, birgə əmlak ər və arvadın faktiki ailə münasibətləri şəraitində birgə qazandıqları əmlaka şamil olunur. Lakin ona məxsus olan torpaq sahəsi faktiki ailə münasibətləri şəraitində əldə edilməmişdir. Nikahdan az müddət sonra ailə münasibətləri tam kəsilmişdir. Onlar 1992-ci ildən bəri ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar.Torpaq sahəsi 2008-ci ildə onun şəxsi vəsaiti hesabına alınmışdır. X6 ilə əlaqəsi yoxdur və onun ünvanı və yaşayış yeri məlum deyildir. X6 nikahın pozulmasından sonra da bu torpaqla bağlı heç bir tələblə çıxış etməmiş, Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Beləliklə, X6 tərəfindən torpaq sahəsinə dair hər hansı hüquqi tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş bütün prosessual müddətlər çoxdan keçmişdir.

İş materialları :

4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

5. AZ-İ seriyalı, 185122 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X2 nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində, 94 nömrə ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra kişiyə Qurbanov soyadı verilmişdir.

6. Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-143/2014 qiyabi qətnaməsindn görünür ki, iddia təmin olunmuş, İddiaçı ilə cavabdeh X5 arasında 11 noyabr 1991-ci ildə bağlanmış və həmin tarixdə Gürcüstan Respublikası Bolnisi rayon VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 72 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilməsi qət edilmişdir.

7. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, notariat hərəkətinin aparılması ilə bağlı aparılan araşdırma zamanı, bağışlamaq istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən və ümumi sahəsi 0.02318 ha olan torpaq sahəsinin keçmiş arvadı X5 ilə birgə nikah dövrünüzdə əldə olunması müəyyən edilmişdir. Odur ki, qeyd olunan torpaq sahəsinin tərəfindən özgəninkiləşdirilməsi üçün Tamara Filippovnanın notarial qaydada təsdiq olunmuş razılığı zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir və daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. İzah olunur ki, qeyd olunanlarla bağlı etirazınız və ya mübahisəniz olduqda məhkəməyə müraciət etmək hüququnuz var.

8. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 1-də, xx.xx.2005-ci il tarixdən hazıradək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyatdadır.

9. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir.

10. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 barəsində dəqiq təyinedici məlumatlar olmadığından sorğunun cavablandırılması imkan xaricindədir.

11. V-ТЦ seriyalı, 306822 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə xx.xx.1952-ci il təvəllüdlü X6 arasında xx.xx.1991- ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmişdir.

12. Ədliyyə Nazirliyi Vətəndaşlıq X8 İdarəsinin Nizami Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X13 ilə X1 nikahının xx.xx.1974-cü ildə Bakı nikah evində (Səadət Sarayı), həmin nikahın pozulmasının isə xx.xx.1991-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alındığı və bu nikahdan onların xx.xx.1974-cü il təvəllüdlü X9, eləcə də xx.xx.1977-ci il təvəllüdlü X7 adlı övladlarının doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində İddiaçı ilə X1 Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2014cü il tarixli nikahın pozulması haqqında akt qeydinə baxış keçirilərkən onların nikahının xx.xx.1991-ci ildə Gürcüstan Respublikasında qeydə alındığı məlum olmuşdur. Məlumat veririk ki, xarici ölkədə qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri Vətəndaşlıq X8ndə, eləcə də qeydiyyat şöbələrinin arxivində saxlanılmadığından yuxarıda qeyd olunan nikah haqqında akt qeydinin kserosurətinin verilməsi mümkün deyildir.

13. İş materiallarına nikahın pozulması haqqında aktın qeydinin surəti əlavə edilmişdir.

14. Ədliyyə Nazirliyi Vətəndaşlıq X8 İdarəsinin Nizami Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X13 ilə X1 nikahının xx.xx.1974-cü ildə Bakı nikah evində (Səadət Sarayı), həmin nikahın pozulmasının isə xx.xx.1991-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alındığı və bu nikahdan onların xx.xx.1974-cü il təvəllüdlü X9, eləcə də xx.xx.1977-ci il təvəllüdlü X7 adlı övladlarının doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində İddiaçı ilə X1 Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2014cü il tarixli nikahın pozulması haqqında akt qeydinə baxış keçirilərkən onların nikahının xx.xx.1991-ci ildə Gürcüstan Respublikasında qeydə alındığı məlum olmuşdur.Məlumat veririk ki, xarici ölkədə qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri Vətəndaşlıq X8ndə, eləcə də qeydiyyat şöbələrinin arxivində saxlanılmadığından yuxarıda qeyd olunan nikah haqqında akt qeydinin kserosurətinin verilməsi mümkün deyildir. Qeyd edir ki, informasiya sistemində X2 ölmümü haqında məlumat aşkarlanmadı.

15. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

16. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.1952-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

17. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

18. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X6 ilə heç bir əlaqəsi yoxdur. Onunla mənzili satın almaq üçün evlənmiş idi, ondan sonra heç bir əlaqəsi olmamışdır. Özü ailəlidir və ailəsi ilə birlikdə evi aldığı vaxtdan həmin mənzildə yaşayır.

19. Cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri :

20. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudurlar və 1990-cı illərdən bir yerdə yaşayırlar. Əvvəl o yaşayırdı, sonradan iddiaçı gəlmişdir. İddiaçı mənzili kimdən almış bilmir. İddiaçı evi alandan sonra atası, anası, oğlu, qızı və yoldaşı ilə birlikdə yaşayırdılar. Həmin ünvanda hazırda ailəsi ilə yaşayır. X3 tanımır. Evin əvvəlki mülkiyyətçisinidə tanımır.

21. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudurlar və 1990-cı illərdən bir yerdə yaşayırlar. Həmin ünvanda iddiaçı ailəsi, nəvələri, yoldaşı, gəlini ilə birlikdə yaşayır. Tamaranın 1990-cı ildə orada yaşadığı yadında qalmışdır. İddiaçı həmin mənzili Tamaradan almışdır. Sonra hazırkı ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır.

İşin faktiki halı :

22. İddiaçı ilə X5 xx.xx.1991-cı il tarixində nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanılmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-143/2014 saylı qiyabi qətnaməsi ilə pozulmuşdur.

23. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixində İddiaçı adına xüsusi mülkiyyət kimi Daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 16120 nömrəli vərəqində qeydiyyata alınmışdır.

24. İddiaçı qeyd edilən torpaq sahəsini bacısı X4 hədiyyə etmək (bağışlamaq) məqsədilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi xx.xx.2025-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinin birgə nikah dövründə əldə olunmasını, notariat hərəkətlərinin aparılması üçün keçmiş arvadının razılığının olmamasını əsas gətirərək, müvafiq notariat hərəkətinin aparılmasından imtina etmişdir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

144.2. sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. 148.2. daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 152.1. mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

29. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

40. Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.

41. Notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən məhkəməyə şikayət verilməsi Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

31. İddiaçı tərəfindən cavabdeh notariat ofisinə qarşı olan “notariat hərəkətlərinin aparılmasından imtina qərarının qanunsuz hesab edilməsi və əmlakın özgəninkiləşdirilməsinə dair notariat hərəkətlərinin aparılması öhdəliyinin notariat ofisinin üzərinə qoyulması”na dair iddia tələbini mülkiyyət hüququ ilə ona məxsus olan əmlakın X5 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmamasına baxmayaraq notarius tərəfindən həmin əmlaka dair sərəncam əqdinin təsdiq edilməsindən imtina edilməsi ilə əsaslandırılmışdır.

32. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsini bacısına bağışlamaq üçün notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi həmin əmlakın Filippova Tamara ilə birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu və Filippova Tamaranın notarial qaydada təsdiq edilmiş razılığının zəruri olduğunu bildirərək bundan imtina etmişdir. Bildirmişdir ki, o, həmin torpaq sahəsini 2008-ci ildə öz vəsaiti hesabına satın almışdır. X14 ilə 1992-ci ildən əlaqəsi yoxdur. Ümumiyyətlə o, Filippova Tamara ilə xx.xx.1991-ci ildə onun mülkiyyətində olan mənzili satın almaq üçün evlənmişdir. Həmin nikaha xx.xx.2014-cü il tarixində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə xitam verilmişdir.

33. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, notariat hərəkətinin aparılması ilə bağlı aparılan araşdırma zamanı, iddiaçının bağışlamaq istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən və ümumi sahəsi 0.02318 ha olan torpaq sahəsinin keçmiş arvadı X5 ilə birgə nikah dövründə əldə olunması müəyyən edildiyindən və qeyd olunan torpaq sahəsinin tərəfindən özgəninkiləşdirilməsi üçün Tamara Filippovnanın notarial qaydada təsdiq olunmuş razılığı tələb edilmiş və izah olunmuşdur ki, qeyd olunanlarla bağlı etiraz və ya mübahisəsi olduqda məhkəməyə müraciət etmək hüququ vardır.

34. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə görə ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlanılması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

35. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə ilk növbədə mübahisə obyekti olan torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasına hüquqi qiymət verilməlidir.

36. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

37. Məhkəmə qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

38. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ərarvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər.

39. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: ·əmlakın ər-arvadın nikah müddətində əldə olunması; ·əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

40. Qanunvericinin ifadə etdiyi mövqedən görünüdüyü kimi hazırki mülki iş üzrə mübahisə obyekti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmadığnı iddia edən iddiaçının üzərinə həmin əmlakın ümumi gəlirlər hesabına əldə edilmiş əmlak olmadığını sübut etmə yükü düşür.

41. İddiaçı iddia tələbinin faktiki hallarını təsdiq etmək üçün məhkəməyə şahid ifadəsi təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı 90-cı illərdən Bakı şəhəri, Suraxanı rayonu, ünvan 6 ünvanında hazırki ailəsi ilə birlikdə yaşayır. O, həmin vaxtlardan Filippova Tamara ilə birlikdə yaşamır. Şahid ifadəsi ilə müəyyən edilmişdir ki, Filippova Tamara həmin mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur.

42. Məhkəmə tərəfindən işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. Mübahisə obyekti olan əmlak ümumi gəlirlər hesabına deyil, iddiaçının şəxsi vəsaiti hesabına satın alınmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Filippova Tamaranın həmin əmlaka tələbi olsa idi, o, bu müddət ərzində əmlak tələbi ilə müraciət edərdi. İşin tədqiq edilən halları onu deməyə əsasə verir ki, Filippova Tamaranın həmin əmlaka tələbinin olması gözlənilən deyildir.

43. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

44. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Filippova Tamara arasında bağlanmış nikaha 2014-cu ildə xitam verilməsinə baxmayaraq, mübahisə obyekti olan əmlakın onların ümumi vəsaiti hesabına əldə edilmədiyi, həmin əmlak əldə edilən zaman onların birgə təsərrüfat aparmadığı müəyyən edildiyindən notariat ofisinin müvafiq notariat hərəkətini aparmaqdan imtinası qanunsuz hesab edilməlidir.

45. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

46. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Hazırki mülki iş üzrə isə işin tədqiq edilən halları ilə mübahisə obyekti olan əmlakın birgə mülkiyyət olmadığı müəyyən edilmişdir.

48. Beləliklə, işin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsi tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olmadığından cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətinin aparılmasından imtina edilməsi iddiaçının təməl konstitusion hüququ olan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

Məhkəmə Xərcləri :

49. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

50. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci ıl tarixli imtinası əsassız hesab edilməsi, İddiaçı məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin X1 razılığı olmadan aparılması öhdəliyi cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci ıl tarixli imtinası əsassız hesab edilsin, İddiaçı məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 0.02318 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin X1 razılığı olmadan aparılması öhdəliyi cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar