Məhkəmə qərarları › İş №2(007)-3889/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3889/2022

23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3889/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun 1992- 1993-cü illərdə N saylı hərbi hissədə xidmət etməyi və Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün qorunması ilə əlaqədar yaralanaraq əlil olmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və ona izah edilmişdir ki, N saylı hərbi hissə komandirinin avqust-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tairxli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarından onun xidməti və yaralanmağı barədə məlumat aşkar olunmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, maraqlı şəxs qismində cəlb edilmiş orqanın ərizəçinin müraciətindən imtinasının əsasını təşkil edən hal, onun xidməti və yaralanmağı barədə məlumatların olmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, ərizəçi yalnız hərbi hissədə xidmət etməsi barədə müvafiq sənədləri əldə etdiyi halda, bu sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən olunması üçün ümumi məhkəməyə müraciət edə bilər. Bundan başqa, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı TSEK-nin verdiyi 035776 saylı arayışından müəyyən edilir ki, Ərizəçi Azərbaycan Respublikasının Ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar ikinci qrup müddətsiz əlil hesab edilmişdir. Məhkəməyə təqdim edilən bu sənədlər şəxsin müharibə zamanı almış olduğu xəsarətlərə görə əlil olması faktını, yəni məhkəmə qaydasında müəyyən edilməsi tələb olunan hüquqi əhəmiyyətli faktı tam şəkildə təsdiq edir və yenidən bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə ərizə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar