Məhkəmə qərarları › İş №2(007)-3905/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3905/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3905/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 sentyabr 2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 47 saylı evin 33 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1904 nömrəli reyetsr kitabının 175594 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edir ki, oğlu X4 22 oktyabr 2010-cu il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuş və gəlin xüsusi mülkiyyətində olan evə gəlin köçmüşdür. Oğlu İlqarla Cavabdeh arasında münasibətlər ilk vaxtlar normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh 2020-ci ilin aprel ayından xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 47 saylı evin 33 saylı mənzilini tərk edərək valideynlərinin yanına getmiş və bir daha geri qayıtmamışdır. Qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh X2 qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hazırda Nizami Rayon Məhkəməsinin icraatındadır. Göstərilənləri nəzərə alaraq, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddiaçının dəlillərini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib, izahatında göstərdi ki, o, iddiaçının ərizəsində göstərilənləri təsdiq edir və hər şeyi başa düşür. 2020-ci ildən sözügedən mənzili müəyyən səbəblərdən tərk etmişdir və orada yaşamır. Sadəcə olaraq qeyd etmək istəyir ki, onun himayəsində azyaşlı uşağı vardır, uşağını iddiaçıya və keçmiş ərinə göstərir, buna əngəl olmur, keçmiş əri isə ona hal-hazıradək aliment ödəmir. Onu iddia təmin olunacağı təqdirdə uşağının və özünün hansı ünvana qeydiyyata düşəcəyi maraqlandırır, onun cehizləri də iddiaçının mənzilində qalmışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 47, 33 saylı mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 11 sentyabr 2014-cü il tarixdə qeyd aparılmışdır; -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 47 saylı evin 33 saylı mənzilində qeydiyyatdadır; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin 01 dekabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 47 saylı evin 33 saylı mənzilində qeydiyyatdadır; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(007)-668/2021 saylı qətnaməsinin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 22 oktyabr 2010-cu il tarixdə bağlanmış və 1366 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 05 avqust 2011-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılması, X1 05 avqust 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 11 sentyabr 2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 47 saylı evin 33 saylı mənzili tam payda İddiaçı mülkiyyətindədir. İddiaçının oğlu X4 ilə hazırkı Cavabdeh 22 oktyabr 2010-cu il tarixdə nikaha daxil olmuşlar və sonuncu iddiaçının xüsusi mülkiyyətində olan evə gəlin köçmüşdür. Tərəflərin sonradan münasibətləri pozulmuş, hazırkı cavabdeh 2020-ci ilin aprel ayından iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 47 saylı evin 33 saylı mənzilini tərk edərək valideynlərinin yanına getmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(007)-668/2021 saylı qətnaməsinə əsasən X4 ilə Cavabdeh arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 22 oktyabr 2010-cu il tarixdə bağlanmış və 1366 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Hazırda iddiaçı, keçmiş gəlini olan cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Hazırkı iddia tələbi üzrə Cavabdeh münasibətdə qeyd edilməlidir ki, həmin cavabdeh, yaşayış sahəsinin mülkiyyətçisi və keçmiş qaynanası olan İddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin dairəsinə daxil deyildir, cavabdeh iddiaçının gəlini olmuşdur, 22 oktyabr 2010-cu il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya məxsus mənzilə müvəqqəti qeydiyyata alınmışdır, hansı ki, cavabdeh bundan sonra iddiaçının oğlundan faktiki olaraq ayrılmış, məhkəmənin 05 mart 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur və cavabdeh 2020-ci ilin aprel ayından özünə ayrıca yaşayış sahəsi seçərək orada yaşayır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ yoxdur, mülkiyyətçi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmayan cavabdehin qeydiyyatda olması iddiaçının mənzildən istifadə hüququnun saxlanılması üçün əsas deyildir, mülkiyyətçinin ona məxsus əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüququnun pozulması ilə nəticələnə bilməz. Hansı ki, qeyd edilənlərlə müəyyən olunur ki, cavabdehin mənzildən istifadə hüququ faktiki olaraq itirilmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzildən cavabdehin istifadə hüquqlarına xitam verildiyindən, hazırkı qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar