Məhkəmə qərarları › İş №2(007)-3916/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3916/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3916/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin, 16 saylı mənzili onun xüsusi miilkiyyətindədir və mənzil üzərində onun mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmışdır. Bir neçə ildir ki, cavabdehlər- Cavabdeh1 və qızı Cavabdeh2 qızı ona məxsus qeyd olunan mənzildə müvəqqəti yaşayırlar. Son aylarda o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından evdən çıxmalarını tələb etsə də, cavabdehlər onun mənzilindən çıxmaq istəmirlər. Bu səbəbdən cavabdehlərin mənzildən məhkəmə qaydasında qaydasında çıxarılmaları zərurəti yarandığından o, məhkəmədə mülki iddia qaldırıb. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözü gedən mənzilə heç bir hüquqları yoxdur. Mənzildə onun iradəsi ziddinə qalmaqla onun mulkiyyət hüquqlarını pozurlar, onun mulkiyyəti üzərində öz hüquqlarını realizə etmək imkanlarını, mülkiyyətinə öz istədiyi kimi sahiblik, istifadə və sərəncam vermə hüquqlarını məhdudlaşdırırlar. Cavabdehlərin həmin mənzilə heç bir hüquqları yoxdur və hüquqları olmadan mənzildə yaşayırlar, onunla cavabdehlərin ailə münasibətləri yoxdur. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ona məxsus ünvan 1, 16 saylı mənzildən şəxsi geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, mülkiyyətçi cavabdehlə bir neçə il qeyri-rəsmi münasibətdə olmuşdur. Eyni zamanda, o, Cavabdeh1 İddiaçı cavabdehin yetkinlik yaşına çatmayan qızına qarşı tərkibində cinayət məsuliyyəti nəzərdə tutan əməllərinin törətməsinə dair polis və prokurorluq orqanlarına ərizə ilə müraciət etdiyini və bu məsələ ilə bağlı hazırda araşdırmalar aparıldığını bildirərək cinayət əməllərinin təsdiqinin yalnız məhkəmə hökmü ilə müəyyən edilməsini və ümumiyyətlə bu məsələnin verilən iddia tələbinə aidiyyəti olmamasını əlavə olaraq qeyd etmişdir. İddiaçının mülkiyyətçi olduğu evdən imtina etməsi müqabilində Cavabdeh1 şikayət ərizəsini geri götürəyəcəyini qarşı tərəfə təklif etmişdir. Lakin iddiaçı bu təklifi qəbul etməyərək, cavabdehdən əldən çıxmış faydanı da tələb etmədən, evin boşadılmasını tələb edir, çünki evi kirayəyə vermək istəyir. Göstərdiklərinin nəzərə alınaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, cavabdehlə onun arasında 2015-ci ildən qeyri-rəsmi münasibətlər yaranmış, mübahisəli evin 2018-ci ildə alınması üçün o, 60.000 manat məbləği iddiaçıya vermiş, İddiaçı isə evin alınmasına ödənilən məbləğə cəmi 8.000 manat məbləğ əlavə etmişdir. Arif müxtəlif bəhanələr gətirərək evi əvvəl atasının adına, daha sonra isə öz adına rəsmləşdirmiş, onların arasında borc müqaviləsi olmamışdır. Lakin o, pulu geri tələb etdiyində iddiaçı evi öz adına rəsmləşdirməklə, guya onu əmin etmək istəyib ki, pulu qaytaracaq və nəticədə yenə də onun aldanmasına nail olmuşdur. Əlavə olaraq, hazırda onun ərizəsi əsasında qızı Cavabdeh2 qarşı İddiaçı əxlaqsız hərəkətkər etməsi faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə hüquq mühafizə orqanlarında araşdırma aparılır və iddiaçı pulu qaytarmış olsa belə o, ərizəsini geri götürməyəcəkdir. Bütün bunların nəzərə alınmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 44 kv.m ümumi sahəsi olan 16 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 30 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır; -“Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş Cavabdeh1 “şəxsi məlumat”larından görünür ki, o, subaydır, ünvan 2 ünvanında qeydiyyatdadır və 23 sentyabr 2007-ci il təvəllüdlü Cavabdeh2 qızı onun uşağıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin, 44 kv.m sahəsi olan, 16 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına evdən çıxması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdehlər yaşadığı evi tərk etmirlər. Hazırda İddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin, 44 kv.m sahəsi olan, 16 saylı mənzilində yaşamışlar, lakin sonradan iddiaçı ilə münasibətləri pozulduğundan iddiaçı evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlərin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehlərin mənzilə qeydiyyatı və istifadə hüquqları olmadığından, Cavabdeh1 iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 qızı 23 sentyabr 2007-ci il təvəllüdlüdür, nə qədər ki, fəaliyyət qabiliyyəti olmayan yetkinlik yaşına çatmamış şəxs prosesdə cavabdeh qismində tərəf ola bilməz, onun üzərinə hər hansı öhdəlik qoyulmamalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin uşağın yaşayış yeri valideyninin yaşayış yeri sayılır, belə olan halda cavabdeh olan uşaq da iddiaçıya məxsus mənzildən cavabdeh olan anası Cavabdeh1 ilə birlikdə çıxarılmalıdır. Məhkəmə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında mübahisəli evin 2018ci ildə alınması üçün onun 60.000 manat məbləği iddiaçıya verməsi barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, qeyd olunan hal məhkəmə iclasında sübuta yetirilməmiş, cavabdeh isə bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, qeyd edilməlidir ki, cavabdehin göstərdikləri iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, onunla birlikdə Cavabdeh2 qızı şəxsi geyim əşyaları ilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin, 16 saylı mənzilindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 10 (on) manat dövlət rüsumu, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, onunla birlikdə Cavabdeh2 qızı şəxsi geyim əşyaları ilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin, 16 saylı mənzilindən çıxarılsınlar. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10 (on) manat dövlət rüsumu, İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar