Məhkəmə qərarları › İş №2(007)-3942/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3942/2021

25.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3942/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23.09.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində X2 ilə aralarında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.85 kv.m olan 16 saylı mənzilin alınmasına dair AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. ünvan 2 ünvanında yerləşən 16 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa ********** saylı qeydiyyat nömrəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilinin keçmiş mülkiyyətçisinin oğludur. Evin keçmiş mülkiyyətçisi olan X2 ilə 23.09.2021-ci il tarixdə bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.85 kv.m olan 16 saylı mənzil onun mülkiyyətinə keçmişdir. Həmin müqavilənin 13-cü maddəsinə əsasən, satıcı(lar) 30.10.2020-ci il tarixədək onun xüsusi mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürsə də, hələ də sözügedən mənzildən çıxmamışdır. Cavabdehlə hal-hazırda əlaqəsi yoxdur, uzun müddətdir göstərilən ünvanda yaşamadığına baxmayaraq, hələ da ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdır. Hazırkı iş üzrə Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdehin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.85 kv.m olan 16 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini və sözügedən mənzili atası satdığı zaman 18 saylı notariat ofisində ərizə yazaraq mənzilin satılmasına etiraz etmədiyini, eyni zamanda mənzil satıldıqdan sonra ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşamadığını istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 ilə İddiaçı arasında 23.09.2020-ci il tarixdə 52 saylı Notariat ofisində bağlanaraq reyestrdə 4Ə-835 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləsindən görünür ki, X2 ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilini 91.000 manata İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 30 oktyabr 2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; 52 saylı Notariat Ofisinin notariat işinin təsdiq olunmuş kserosurətindən görünür ki, AN-İ seriyalı, ******* saylı nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilini 91000 manata İddiaçı satmış, Cavabdeh 19.09.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin satılmasına etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili 30.09.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam pay haqqı ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 143 saylı İstismar Sahəsinin 07 sentyabr 2021-ci il tarixli 242 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh məhkəməyə ünvanlanmış 01.10.2021-ci il tarixli ərizəsindən görünür ki, iddianı qəbul edir. ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmir. 14.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 160E saylı evin 16 saylı mənzilini 23.09.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin keçmiş mülkiyyətçisi ailəsi ilə mənzildən köçsə də, cavabdeh formal olaraq mənzildə qeydiyyatda qalmışdır, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Cavabdeh iddianı etiraf etməsini qəbul edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 160E saylı evin 16 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 160E saylı evin 16 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar