Məhkəmə qərarları › İş №2(007)-3964/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3964/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3964/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan hərbi polis əməkdaşı, 15 avqust 1990-cı il təvəllüdlü Cavabdeh keçən il sentyabr ayında 500 manat, təkrarən 500 manat ondan borc götürmüşdür. 06 mart 2021-ci il tarixdə yenidən 1000 manat ondan pul istəmişdir. O, Nizamiyə pulunun olmadığını, əvvəlki götürdüyü 1000 manatı qaytarmadığını bildirmiş, Nizami isə yalvararaq ümidinin ancaq ona olduğunu bildirmiş, faizlə qaytarmaq şərti ilə də olsa həmin pulu tapmasını ondan xahiş etmiş, ümumilikdə 2000 manat aldığı pulu hər ay maaş vaxtı 250-300 manat olmaqla qaytaracağını bildirmişdir. O, Nizamiyə faizsiz olaraq kömək kimi həmin 1000 manatı da vermiş və Nizaminin maaş kartını almışdır, mart ayının 18-i isə maaş vaxtının olduğunu və pulun aqibətini Nizamidən soruşmuş, sonuncu hələ maaş olmadığını bildirmişdir. Aprel ayında da eyni şəkildə cavab almışdır ki, pul yoxdur. O, hər dəfə Nizamidən pulunu istədikdə aralarında dava-dalaş düşmüşdür. Bundan sonra məcburən o, Nizamini bankomata aparıb kartı yoxlayanda görmüşdür ki, maaş hər ay vaxtında karta yüklənib, sadəcə Nizami hər ay həmin pulu başqa kartlara yönləndirərək pulu çıxarmış və ona qaytarmaq istəməmişdir. O, dəfələrlə Nizamiyə bildirmişdir ki, pulunu qaytarmasa lazımı strukturlara şikayət edəcək, Nizami isə “pulunu qaytaracam” deyərək sadəcə vaxt uzatmışdır. 12 avqust 2021-ci il tarixdə o, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə, 30 avqust 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə şikayət ərizələri yazmışdır. Ondan və Nizamidən izahatlar alınmış və araşdırma nəticəsində Cavabdeh ona qarşı dələduzluq etdiyi məlum olmuşdur. 14 avqust 2021-ci il tarixdə Biləcəri rayon Hərbi Polis İdarəsi onu çağırıb izahat almışdır. Cavabdeh ona 2000 (iki min) manat borcu olduğunu təsdiq etmiş və ona hər ay 100 manat qaytaracağına söz vermişdir. Lakin, o, bununla razı olmamışdır, çünki Nizami pulu götürəndə demişdir ki, hər ay 250-300 manat qaytaracaq. Hərbi Polis İdarəsində ona bildirilmişdir ki, Nizami müqavilə əsasında işləyir və dekabr ayından müqavilə vaxtı bitir, bir neçə səbəbə görə müqavilə müddəti uzadılmayacaq. Ona isə qısa zamanda məhkəməyə müraciət etməsi və Nizaminin işlədiyi müddətdə pulunu geri alması məsləhət görülmüşdür. Qeyd etdiklərini nəzərə alaraq, Cavabdeh ondan aldığı 2000 (iki min) manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 07 avqust 2021-ci il tarixli, 090-7545A saylı məktubundan görünür ki, İddiaçı şikayət ərizəsində göstərilənlər mülki xarakter daşıyan iddia olduğundan həmin iddia ilə bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir; -Cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsində verdiyi yazılı izahatın surətindən görünür ki, o, İddiaçı ilə 2020-ci ildən qeyri-rəsmi münasibətdə olduğunu, pulu ehtiyacı olduğu dövrdə sonuncudan qaytarmaq şərti ilə 500, 600, 100 və 300 manat olmaqla pul aldığını, bir müddət sonra əmək haqqı kartını İddiaçı verdiyini, lakin bəzi problemlərə görə əmək haqqını çıxara bilmədiyini etiraf etmiş, qısa müddət ərzində borcunu qaytaracağını bildirmişdir; -"xxxx" ASC tərəfindən verilmiş “Visa electron” plastik kartın surətindən görünür ki, üzərində 4169 **** **** 4426 nömrəli plastik kart 2022-ci ilin aprel ayınadək etibarlı olmaqla, “Cavabdeh”-a məxsusdur; -Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik Baş İdarəsinin rəisinə verdiyi 04 sentyabr 2021-ci il tarixli və Hərbi Polis İdarəsinin rəisinə verdiyi 14 sentyabr 2021-ci il tarixli yazılı izahatların surətlərindən görünür ki, Cavabdeh izahatlarında İddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayınadək götürdüyü, borc kimi aldığı ümumilikdə 2.000 manat məbləğində pulu sentyabr ayından etibarən qaytaracağını bildirmişdir; -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinə ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli xidməti araşdırma barədə təklifdən və həmin idarənin 18 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, X1 X2 ümumilikdə 2000 (iki min) manat məbləğində borc pul verməyi və borcun qaytarılmaması barədə müraciətə Hərbi Polis İdarəsində baxılmış, müraciət əsasında araşdırma aparılmış, “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış qaydaları”nın tələblərini pozduğuna görə X3 intizam qaydasında cəzalandırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayınadək ayrı-ayrı vaxtlarda Cavabdeh ümumilikdə 2.000 manat borc pul vermişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almış, borcunu hər ayın 16-sı və 18-i ərəfəsində əmək haqqı kartına pul yükləndiyi zaman qaytaracağını öhdəsinə götürmüş və özünə məxsus plastik bank kartını iddiaçıya vermişdir. İddiaçının etdiyi müraciətlərə və əlavə möhlət almasına baxmayaraq, cavabdeh borcunu qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə, iddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayınadək cavabdehə nağd olaraq ümumilikdə 2.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almış və hər ayın 16-sı və 18-i ərəfəsində əmək haqqı alan zaman qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müddət başa çatdıqdan sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, habelə sonuncu dəfə 2021-ci ilin avqust və sentyabr aylarınadək əlavə müddət götürməsinə baxmayaraq, bu müddətdə də öhdəliyinə əməl etməmişdir. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin şifahi borc müqaviləsi ilə iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Bu zaman məhkəmə, cavabdehin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və Xüsusi Təhlükəsizlik Baş İdarəsində verdiyi izahatlarda iddiaçıdan ümumilikdə 2.000 manat borc alması barədə göstərdiklərini cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar