Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3989/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən 2010-cu ildən tanımışdır. Belə ki, cavabdeh rəfiqəsi Nüşabənin uşaqlarının dayəsi olub. O da onların evinə tez-tez gedib gəldiyi üçün yaxın münasibətləri yarandı. Himayəsində iki uşağı var. Uşaqlardan biri skalioz və 3-cü dərəcəli yastı pəncəlikdən əziyyət çəkir. Onu əməliyyat etdirmək üçün 2013-cü ildə xalası qızının həyat yoldaşı Fuaddan 2000 manat borc pul götürmüşdür. Lakin uşağı “Dəyanət” liseyinə qəbul olunduğu üçün və orada da dərslər ağır olduğuna görə əməliyyatı növbəti ilin yayında elətdirmək qərarına gəldilər.Cavabdehlə münasibətləri yaxşı olduğu üçün onun da bu barədə məlumatı olub. Bu zaman cavabdeh ona ona 2000 manat borc pul lazım olduğunu bildirdi. Həmin vaxt cavabdeh “AZEVROTEL”-də mühasib işinə düzəlmişdi. O, 2000 manat pulu 2013-cü ilin sentyabr ayının 16-da “AZEVROTEL”-in qarşısında ona verdi. Daha sonra ona 1000 manat da pul lazım olduğunu bildirdi.1000 manat pulu da 2014-cü ilin 20 yanvar tarixindən sonra “AZEVROTEL”-in qarşısında ona vermişdir. Cavabdehlə aralarında sıx münasibət yaranmışdı. Həm də Nüşabənin bacısı Fərqanə onun etibar olunacaq adamı olduğunu bildirdiyi üçün ondan yazılı şəkildə borc almaqla əlaqədar heç bir sənəd almadı. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən 3000 manat pulu ona 2014-cü ilin yay aylarında qaytarmalı idi. Lakin o,cavabdehdən pulunu tələb etdikcə cavabdeh pulu Almaniyada rəhmətə gedən xalası qızının meyitinin gəlirilməsi üçün onun bacısına verdiyini, onun da Almaniyaya getdiyini bildirdi. Hələ pulu ondan ala bilmədiyinə görə ona vaxt verməyi də xahiş etdi.O,cavabdehə pulu qaytarmaq üçün möhlət verdi. Təxminən 6-7 ay sonra onunla əlaqə saxladıqda pulu verdiyi xalası qızının Almaniyada olduğunu, uşaqlarını burada qaynanasının yanında qoyduğunu, qaynanasının uşaqlara baxmadığı üçün uşağın diatez olduğunu, ona xərc çəkdiyi üçün hələki pulunu qaytara bilməyəcəyini bildirdi və ona vaxt verməyi xahiş etdi. Ona yenidən möhlət verdi. Sonralar dəfələrlə cavabdehlə əlaqə saxladıqda pulunu qaytaracağına dair vədlər verərək vaxt istədi. Cavabdeh daha sonra pulu verdiyi xalası qızının həbs olunduğunu bildirdi və ondan vaxt istədi. Cavabdehə yenidən vaxt verdi. Daha sonra cavabdeh anasının xəstə olduğunu başının ona qarışdığını bildirdi. Sonra cavabdehin anası rəhmətə gedib.Cavabdeh anasının dəfninə, yas mərasiminə xərc çəkdiyi üçün əlində pul olmadığını bildirdi.O,cavabdehin vəziyyətini anladığı üçün ona vxat verdi. Daha sonra cavabdeh xalası qızının onu da xərcə saldığını ona görə bankdan pul götürdüyünü, borc içində olduğunu, banka pul ödədiyini bildirərək pulu qaytaracağına söz verdi və ona vaxt verməyi xahiş etdi. Necə olur xalası qızı üçün bankdan götürdüyü krediti qaytarır amma onun pulunu qaytarmır? Deməli istəsə qaytarar. Artıq onun bu vəziyyətdən sui-istifadə etdiyini gördükdən sonra 2018-ci ilin sonunda ona artıq vaxt verməyəciyini bildirərək pulunun qaytarılmasını tələb etdi. 2018-ci ilin sonuna qədər o, vəziyyəti ilə əlaqədar onu inandırdı ki, pulu qaytaracaq, sadəcə ona vaxt lazım olduğunu bildirdi,bu səbəbdən ona pulu qaytarması üçün yenə vaxt verdi. Sonralar cavabdehin telefon nömrələrinə zəng çatmadı. Rəfiqəsi Fərqanə ilə dəfələrlə onların evinə getsə də, cavabdeh imkanı olmadığım bildirərmiş, pulu qaytaracağına söz vermişdir.Lakin bütün bunlar söz olaraq qaldı. O, 2021-ci ilin aprel ayında cavabdehin həyat yoldaşı ilə əlaqə saxladı, ondan nəyə görə pulu qaytarmadıqlarını soruşdu, o isə pulu həyat yoldaşının xalası qızına verdiklərini o da həbs olunduğu üçün pul qaytarmayacaqlarinı bildirdi. O, pulu onun həyat yoldaşının xalası qızına yox, həyat yoldaşına verdiyini, onu aldatdıqları üçün onlardan polisə şikayət edəcəyini bildirdikdə,cavabdehin həyat yoldaşı bildirdi ki, “get hara istəyirsən şikayət et sənə pul verən deyilik”. Bundan sonra Səbail RPİ-nin 9-cu Polis Bölməsinə cavabdehdən şikayət etdi. Lakin 9-cu PB tərəfindən ona verilən 01.06.2021-ci il tarixli cavab məktubunda müraciətin tam, hərtərəfli araşdırıldığı və mübahisənin mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğunu bildirildi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək ondan borc olaraq aldığı 3000 manat pulu bu günə qədər qaytarmayıb. Onun himayəsində iki uşağı var. Heç harda işləmir. Hələ də borc aldığı pulu qaytara bilməmişdir. Uşağını da yaşı keçdiyi üçün artıq əməliyyat elətdirə bilmər. Bundan başqa cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün gecikdirilən vaxt üçün yəni, 2018-ci ildən illik beş faiz olmaqla 450 manat pulun da tutulmasını xahiş edir. Cavabdehlə aralarındakı şifahi razılaşmaya əsasən pulu ona 2014cü ildə qaytarmalı olsa da, düşdüyü vəziyyəti nəzərə alaraq pulu qaytarmaq üçün ondan vaxt istədiyinə görə ona 2018-ci ilin sonlarına qədər vaxt vermişdir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçıdan hər hansı bir pul vəsaiti götürməmişdir.Onun iddiaçıya borcu yoxdur. Bundan başqa iddiaçının dediyinə görə 2013-cü ildə pul verib, həmin vaxtdan bu günə artıq 8 ildən çox vaxt keçib, pul tələbi ilə bağlı iddia müddəti 3 ildir. Buna görə də, xahiş edir ki, iddia müddəti tətbiq olunsun və iş üzrə icraata xitam verilsin. Məhkəmədə şahid qismində ifadə verən Şahid bildirdi ki,Leyla onun qohumlarımın evində dayə işləyib.Şahnaz və digər qohumlarından eşitmişdir ki, Leyla Şahnazdan 2000 manat borc alıb.Sonra isə onun yanında 1000 manat borca pul alıb. Bildiyinə görə borcu qaytarmayıb. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dindirib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi,iddiaçı hal-hazırda mübahisələndirdiyi əqdi 2013-cü ildə bağladığını bildirmiş, pul tələbinə dair iddia ilə məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 3 illik iddia müddətini, açıq-aşkar ötürmüşdür. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən iddia müddəti açıqaşkar ötürüldüyündən iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3989/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3989/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver