Məhkəmə qərarları › İş №2(007)-4008/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4008/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4008/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 19.05.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzili onun tam mülkiyyətindədir. Daşınmaz Əmlakın AN-İ № ******* saylı, 17 may 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63-cü mənzilinin dəyərini tam ödəməklə almışdır. Göstərilən alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı(lar) aşağıda göstərilən müddətdə, yəni 17.06.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlanmasından müəyyən müddət keçsə də cavabdehlər öhdəliklərinə əməl etməmişdir. Cavabdehlərin və onların ailə üzvlərinin onun tam mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmədiyi üçün onun həmin mənzilə faktiki sahiblik, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Cavabdehlər və onların ailə üzvlərinin onun tam mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları səbəbindən mənzilin kommunal xərclərini onların əvəzinə ödəyir. Bu isə onun ailəsinin büdcəsinə əhəmiyyətli dərəcədə təsir edir. Qeyd olunanlara əsasən cavabdehlər xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və azyaşlı, yəni 20.03.2018-ci il təvəllüdlü X2 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehlər xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və azyaşlı uşaqları 2016-cı il təvəllüdlü X3, 20.03.2018-ci il təvəllüdlü X2 və 2020-ci il X4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 29 oktyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehlər xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və azyaşlı uşaqları 2016-cı il təvəllüdlü X3, 20.03.2018-ci il təvəllüdlü X2 və 2020-ci il X4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 18.06.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, cavabdehlər xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh2, 20.03.2018-ci il təvəllüdlü X6 və xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Nizami rayonu MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar sahəsinin 28.10.2021-ci il tarixli 497 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, 2016-cı il təvəllüdlü X7 , 2018-ci il təvəllüdlü X6 və 2020-ci il X8 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan AN-İ seriyalı 17.05.2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilini İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 18 may 2021-ci il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı 17 iyun 2021-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 19.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 16.05.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X9 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 16.05.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X9 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh2 16.05.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X9 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarında olan 20.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə iclasında müəyyən olundu ki, X10 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 63 saylı mənzilini 17.05.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin keçmiş mülkiyyətçisi və ailə üzvləri mənzildən köçsələr də, formal olaraq mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, belə olan halda cavabdehlərlə birlikdə mənzildə qeydiyyatda olan uşaqların da iddiaçıya məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan uşaqları X6, X7 və X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsi 112 saylı evin 63 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan uşaqları X6, X7 və X8 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsi 112 saylı evin 63 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar