Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4015/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlakın alqı-satqı müqaviləsini 25 aprel 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirməklə, satıcı Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 42,42 kv/m, yaşayış sahəsi 29,22 kv/m olan 2 otaqlı mənzili X1 almışdır. Onun mənzil üzərində mülkiyyət hüququ 17 may 2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25-05101-093074 olmaqla dövlət qeydiyyatına alınmış və bu barədə ona çıxarış verilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən alıcı mənzili satıcıdan 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) qiymətinə almış və müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş qaydada həmin məbləği satıcıya notariusun bankında açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Cavabdeh1 yetkinlik yaşında olan ailə üzvləri: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilin satılmasına notarial qaydada tədiq edilmiş ərizələri ilə razılıq vermişlər. Müqavilənin 11-ci və 13-cü bəndirə görə satıcı mənzili 2 ay müddətində, yəni 25 iyun 2019-cu il tarixdən alıcının faktiki sahibliyinə verməyi, 25 sentyabr 2019-cu il tarixdən isə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilənin 11-ci bəndinin şərtlərini yerinə yetirərək mənzili vaxtında boşaldaraq iddiaçının faktiki sahibliyinə versə də, indiyə qədər müqavilənin 13-cü bəndinin şərtini icra etməmişdir. Mənzilin satıcısı və onun yetkinlik yaşında olan ailə üzvləri mənzilin satışından 2 il 6 ay vaxt keçməsinə baxmayaraq, hələ də mənzildən qeydiyyatdan çıxmamışlar. Onlar 2019-cu ilin iyun ayının axırlarında mənzili boşaldıb təhvil vermişlər və faktiki olaraq orada yaşamırlar. Amma yaşayış yeri üzrə həmin mənzildən qeydiyyatdan çıxmamışlar və indi də müxtəlif bəhanələrlə bu işi uzadırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun mənzildən tam istifadəsinə və sahibliyinə mane olur və mənzilə dair sərəncam vermək imkanını məhdudlaşdırır. Bununla da, cavabdehlər onun qanuni hüquqlarının həyata keçirilməsini məhdudlaşdırırlar və mane olurlar. Ona görə də, o, cavabdehlərin mənzildə istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun mülkiyyətdə olan ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilində qeydiyyatda olsalar da, faktiki olduqları yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə 57 saylı MKİS-ə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 ilə İddiaçı arasında 25 aprel 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-501 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 70.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 25 iyun 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 25 sentyabr 2019-cu il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzili 17 may 2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 24 avqust 2021-ci il tarixli, 366 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilində qeydiyyatdadırlar; - Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilin satılmasına etiraz etməmiş və razılıq vermişlər. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzili Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh1 25 aprel 2019-cu il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 17 may 2019-cu il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 25 aprel 2019-cu il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil üzərində mülkiyyət hüququ 17 may 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış və bu hüquq barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmiş, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Bundan əlavə, mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 112 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4015/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4015/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver