Məhkəmə qərarları › İş №2(007)-4016/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4016/2021

27.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4016/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan bağ sahəsində torpaqdan və evdən istifadə hüququna törədilən hər cür maneənin, qəsdin aradan qaldırılması və hərəkətlərə son qoyulması, satışını apardığı daş, qum, çınqıl və sair tikinti materiallarının tamamilə qeyd edilən ərazidən cavabdehin hesabına götürülməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan bağ sahəsində torpaqdan və evdən istifadə hüququna törədilən hər cür maneənin, qəsdin aradan qaldırılması və hərəkətlərə son qoyulması, satışını apardığı daş, qum, çınqıl və sair tikinti materiallarının tamamilə qeyd edilən ərazidən cavabdehin hesabına götürülməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində torpaqdan və evdən iddiaçının istifadə hüququna törədilən hər cür maneənin, qəsdin aradan qaldırılması və hərəkətlərə son qoyulması, satışını apardığı daş, qum, çınqıl və sair tikinti materiallarının tamamilə qeyd edilən ərazidən cavabdehin hesabına götürülməsinin təmin edilməsi ilə bağlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qeyd edilməlidir ki, baxmayaraq ki, cavabdeh X1 Bakı şəhəri, Nizami rayonu ərazisində qeydiyyatda olması məhkəməyə məlumdur, lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisə predmeti daşınmaz əşya Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşir, hazırkı iddia sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) aiddir, o cümlədən mübahisə predmeti olan daşınmaz əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması baxımından iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. O cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, MM-nin 157.4-cü maddəsi mülkiyyət hüququndan məhrum etmə ilə bağlı olmayan iddia olmaqla, mülkiyyətə qəsdi və yaxud başqa maneələrin aradan qaldırılmasını (neqator iddia) nəzərdə tutur. Bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, müəyyən hallarda hətta sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Məsələn, firmanın sahibi tikinti materiallarını qonşu firmanın giriş yollarına tökməklə oraya nəqliyyat vasitəsinin daxil olub-çıxmasını qeyri-mümkün hesab etdikdə bu barədə maneənin aradan qaldırılması barədə tələb neqator iddialara aid edilir. Həmin maddə maneənin aradan qaldırılması üçün cavabdehə məhkəmədən kənar qaydada müraciət olunmasını zəruri hesab edir. Cavabdeh iddiaçının tələbini yerinə yetirmədikdə və qanunsuz hərəkətlərini davam etdirdikdə hüququ pozulmuş şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan bağ sahəsində torpaqdan və evdən istifadə hüququna törədilən hər cür maneənin, qəsdin aradan qaldırılması və hərəkətlərə son qoyulması, satışını apardığı daş, qum, çınqıl və sair tikinti materiallarının tamamilə qeyd edilən ərazidən cavabdehin hesabına götürülməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar