Məhkəmə qərarları › İş №2(007)-405/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-405/2020

29.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-405/2020 29.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Qaradağlı Hicrət Şəfqət qızının vəkili və nümayəndəsi Sarıyev Əjdər Hakim oğlunun, cavabdeh Abdullayev Nuran Nizami oğlunun iştirakları ilə, İddiaçı Qaradağlı Hicrət Şəfqət qızının cavabdeh Abdullayev Nuran Nizami oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qaradağlı Hicrət Şəfqət qızı cavabdeh Abdullayev Nuran Nizami oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayev Nuran Nizami oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 ünvanına 15.000 (on beş min) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX 0007507 saylı ********** qediyyat nömrəli 03.07.2012- ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m. olan üç otaqdan ibarət mənzil onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan mənzildə oğlu Abdullayev Nuran Nizami oğlu, onun övladları Abdullayeva Nihan Nuran qızı və Abdullayev Əli Nuran oğlu pasport qeydiyyatında olmaqla onunla yaşayırlar. Bir neçə müddətdir ki, cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşamaq mümkünsüz hala gəlmişdir. Mülkiyyətində mənzili olduğu halda faktiki olaraq mülkiyyətindən məhrum edilərək qızının evində yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehlər isə Konstitusiya ilə qorunan hüquqlarını pozmaqda davam edirlər. Artıq pozulmuş hüquqlarını başqa vasitələrlə bərpa etmək mümkün olmadığı üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Qaradağlı Hicrət Şəfqət qızının vəkili və nümayəndəsi Sarıyev Əjdər Hakim oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Abdullayev Nuran Nizami oğlu iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, mübahisəli mənzil onun atası Nizami Abdullayevə Dəmir yol idarəsindən verilmişdir. Həmin vaxtan həmin mənzildə yaşayır. Atası 2004-cü il tarixdə vəfat etmişdir. Mənzilin anasının adına keçməsinə etiraz etməmişdir. O hazırda həyat yoldaşı və övladları ilə həmin mənzildə yaşayır. Onların qeydiyyata düşmək və qalmaq üçün başqa evi yoxdur. Təklif olunan 15.000 manat məbləğlə razı deyildir. Evi satıb, satışdan əldə olunan pulu bölməyə razılaşar. Həmçinin o bildirdi ki iddiaçı iləevin satılaraq aralarında bölünməsi ilə bağlı razılaşmalarına dair tərəfindən danışıqlar aparılır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26.12.2003-cü il tarixli 000736 saylı orderin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 Abdullayev Nizamiyə ailə üzvləri- həyat yoldaşı Qaradağlı Hicrət Şəfqət qızı, oğlu Abdullayev Nuran Nizami oğlu, qızı Abdullayeva Turan Nizami qızı olmaqla Bakı şəhəri Binəqədi rayon icra hakimiyyətinin 23.12.2003-cü il tarixli 515 saylı sərəncamına əsasən kirayəyə verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 0007507 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 xüsusi mülkiyyət hüququ üzrə Qaradağlı Hicrət Şəfqət qızının adına 03 iyul 2012-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri 28 saylı MKİS tərəfindən verilmiş 17 oktyabr 2019-cu il tarixli 852 nömrəli arayışdan (Forma 2) görünür ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, 15 nömrəli mənzilin sahibi Qaradağlı Hicrət Şəfqət qızıdır. Ondan başqa, mənzildə oğlu Abdullayev Nuran Nizami oğlu, nəvələri Abdullayeva Nihan Nuran oğlu və Abdullayev Əli Nuran oğlu qeydiyyatdadırlar. - Abdullayev Nuran Nizami oğlu tərəfindən 22 may 2012-ci il tarixdə notarial qaydada yazılmış və reyestrdə 7E-11/7347 nömrə ilə qeyd edilmiş ərizənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayev Nuran Nizami oğlu qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, 15 nömrəli mənzilin Qaradağlı Hicrət Şəfqət qızının adına özəlləşdirilməsinə, həmin mənzilə dair İddiaçı adına çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, 15 nömrəli mənzil iddiaşının həyat yoldaşı və cavabdehin atası Abdullayev Nizamiyə ailə üzvləri ilə birlikdə kirayəyə verlmiş, özəlləşdirmə əsasında 03 iyul 2012-ci il tarixdə Qaradağlı Hicrət Şəfqət qızının adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı cavabdeh Abdullayev Nuran Nizami oğlu da mənzilin özəlləşdirilməsinə, həmin mənzilə dair İddiaçı adına çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Hazırda Qaradağlı Hicrət Şəfqət qızı cavabdeh Abdullayev Nuran Nizami oğluna kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı halda müəyyən edildi ki, iddiaçı Qaradağlı Hicrət Şəfqət qızı ilə cavabdeh Abdullayev Nuran Nizami oğlu mübahisəli mənzilə 2006-cı il tarixdə qeydiyyata alınmış, 2012-ci ildə isə sözügedən mənzil Qaradağlı Hicrət Şəfqət qızının xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Ona görə mübahisə Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülkiyyətçi cavabdehlərə 15.000 manat kompensasiya əvəzində istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmalarını tələb edir. Məhkəmə həmin tələbi əsassız sayaraq aşağıdakıları qeyd edir: “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007ci il tarixli qərarının da həmin mübahisənin həll edilməsi zamanı hüquqi əsaslanma kimi rəhbər tutmuşdur. Qeyd olunan qərarda deyilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.07.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıddır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə aılnmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Hazırkı işdə iddiaçı Qaradağlı Hicrət Şəfqət qızı cavabdeh Abdullayev Nuran Nizami oğluna kompensasiyanın məbləği kimi 15.000 manata təklif etmişdir. Lakin cavabdeh həmin məbləğ ilə razılaşmır. Bundan başqa, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdehlər iddiaçının ailə üzvləri olmuş, 2006-cı ildən həmin mənzildə yaşamağa başlamışdır. Hal-hazıradək həmin mənzildə yaşayırlar və onun və ailə üzvlərinin yaşamağa başqa yeri yoxdur. Ona görə də, 15.000 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehə, ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Belə olan halda məhkəmə hesab edir ki, təklif olunan kompensasiyanın məbləği yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha atıq olmalıdır. Lakin, iddiaçı daha artıq məbləğdə kompensasya təklif etmək niyyətində olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil özəlləşdirmə əsasında 03 iyul 2012-ci il tarixdə Qaradağlı Hicrət Şəfqət qızının adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı cavabdeh Abdullayev Nuran Nizami oğlu da mənzilin özəlləşdirilməsinə, həmin mənzilə dair İddiaçı adına çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaradağlı Hicrət Şəfqət qızı həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Qaradağlı Hicrət Şəfqət qızının cavabdeh Abdullayev Nuran Nizami oğluna qarşı cavabdeh Abdullayev Nuran Nizami oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 ünvanına 15.000 (on beş min) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qaradağlı Hicrət Şəfqət qızının cavabdeh Abdullayev Nuran Nizami oğluna qarşı cavabdeh Abdullayev Nuran Nizami oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 ünvanına 15.000 (on beş min) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Qaradağlı Hicrət Şəfqət qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar