Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4076/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölmüş elan edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölmüş elan edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən forma və məzmuna riayət edilməmişdir. Belə olan halda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə ilk öncə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərək mərhum atası X1 ölməsi faktının müəyyən edilməsini xahiş etmiş, lakin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət etməsi və bununla bağlı aidiyyəti orqanın ölüm faktını qeydə almaqdan imtina etməsinə dair sübutlar təqdim etməmişdir. Bundan əlavə məhkəmə bildirir ki, ərizəçi ölmüş hesab edilməsi istənilən şəxsin şəxsiyyətini (pasport, doğum haqqında və nikah haqqında şəhadətnamələr və s), həmin şəxsin yaşayış yerini, təhsil aldığı yerlər, iş yerinini təsdiq edən sənədləri, həmin şəxsin İİ Dünya Müharibəsindən sonra ölməsini ehtimal edən digər zəruri sübutları ərizəyə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiya qaytarılmalı, eyni zamanda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölmüş elan edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilsin. Qərardad Ərizəçi tərəfindən ödənilmiş 101 manat (FİN:xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025-ci il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4076/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4076/2025
19.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver