Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4082/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “şəxsin ölmüş elan edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, babasının ölmüş elan edilərək ölüm şəhadətnaməsinin verilməsinin Nizami Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi babası X2, 1941-1945-ci illərdə baş vermiş X10 zamanı, 1943-cü ildə itkin düşmüşdür. Bu itkin düşmədən 82 il keçmişdir. X1 ölüm şəhadətnaməsini əldə etmək üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də ona imtina edilmişdir. Hazırda atasından anası üzərinə keçmiş olan evin varisliyini qəbul etmək məqsədilə hüquqi zərurət yaranıb. Belə ki, birinci dərəcəli varis olan babası itkin düşmüş olduğundan, müharibədə ölmüş elan olunması varislik hüququnun həyata keçirilməsi üçün zəruridir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını və babasının ölmüş elan edilməsini xahiş etdi.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı, X2 isə onun babasıdır, babasını heç vaxt görməyib. O, Sabirabad rayonun Həşimxanlı kəndindən X9 çağırılmış və müharibə bitəndən sonra geri dönməmişdir, ailələri Kür çayı daşanda Azad kəndinə köçmüşdür, anası həmişə ağlayırdı və deyirdi atası müharibəyə gedib dönməyib.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı, X2 isə onun babasıdır, babasını heç vaxt görməyib, babası 1941-ci ildə X9 gedib dönməmişdi, anası həmişə bununla bağlı ağlayırdı.
İş materialları:
7. Maraqlı şəxs 12 noyabr 2025-ci il tarixli 3-16-5/8-2384-15/25 tarixli cavab məktubundan görünür ki, “Maraqlı şəxs tərəfindən babanızın ölümünün qeydə alınması ilə bağlı sizin xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən "Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.4. bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirilir ki, bu qaydaların 8.5. bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, babanız X1 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.”
8. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X12 Xidmətinin Sabirabad Rayon Şöbəsinin 28 oktyabr 2025-ci il tarixli 298 №-li arayışından görünür ki, 1963-cü il təvəllüdlü Ərizəçi mərhum babası X2 avqust 1943-cü ildə X6 itkin düşmüşdür.
9. 1941-1945-ci illərdə X6 həlak olan və itkin düşənlərin siyahısının 23-cü səhifəsinin 268 sıra sayında: -Azərbaycan SSR-nin Sabirabad rayonun Həşimxanlı kəndində anadan olmuş Qırmızı ordu əsgəri X2 14 mart 1942-ci ildə Əli-Bayramlı şəhər hərbi komisarlığı tərəfindən müharibəyə çağırılmışdır. 1943-cü ilin avqustunda itkin düşmüşdür.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, X2 14 mart 1942-ci ildə Əli-Bayramlı şəhər hərbi komisarlığı tərəfindən X9 çağırılmışdır. X2 1943-cü ilin avqustunda itkin düşmüşdür. Ərizəçinin müraciəti Maraqlı şəxs tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi, ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən şəxsin ölmüş elan edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
9.5-ci bəndinə əsasən Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
15. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən hesab edir ki, Ərizəçi babası X1 itkin düşməsi faktı məhkəmədə tədqiq edilmiş yuxarıda istinad edilən sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Məhkəmə baxılan məsələdə tədqiq edilmiş həmin sənədləri mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu sənədlər qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. X2 14 mart 1942-ci ildə hərbi xidmətə çağırılmış və X9 getdikdən sonra ondan hər hansı bir məlumat olmamış, onun axtarışları müsbət nəticə verməmişdir. O, 1941-1945-ci illərdə X6 həlak olan və itkin düşənlərin siyahısının 23-cü səhifəsinin 268 sıra sayında rəsmi olaraq 1943-cü ilin avqustunda itkin düşmüş kimi qeydə alınmışdır. 83 il ərzində barəsində bir məlumat əldə edilə bilməməsi X1 ölməsini güman etməyə kifayət qədər əsas verir.
16. Beləliklə, Mülki Məcəllənin tələbinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi X1 itkin düşməsindən artıq 83 il keçdiyindən məhkəmə onu ölmüş elan etməkdə haqlıdır.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
18. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
19. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, 14 mart 1942-ci ildə hərbi xidmətə çağırılmış və X7 getdikdən sonra 1943-cü ilin avqustunda itkin düşmüş X2 ölmüş elan edilməli, ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X1 ölüm günü sayılmalıdır.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. X2 ölmüş elan edilsin, onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova