Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-418/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 13 saylı evin, 61-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 13 saylı evin, 61 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 01 may 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına 05 may 2021-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. X3 ona mənzili satandan sonra söz vermişdir ki, tezlikdə ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürmüş ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalmışlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Odur ki, cavabdehlər onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarını itirilməlidirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X3 ilə İddiaçı arasında 01 may 2021-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-263 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 49000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 10.05.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı və qeydiyyatda olanlar 01.06.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzili 05 may 2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; -5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 20 noyabr 2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, xx xxxxxx 1994-cü il təvəllüldü Cavabdeh1 və xx xxxx 1996-cı il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzilində qeydiyyatdadırlar; -Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən əmlakın satılmasına etiraz etməmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzili X2 mülkiyyətində olmuşdur. X3 01 may 2021-ci il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 05 may 2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 01 may 2021-ci il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçinin ailə üzvləri alqı-satqı müqaviləsi əsasında öhdəlik götürmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla yanaşı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə vermişlər. Hansı ki, alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzilindən istifadə hüquqları itirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzilindən istifadə hüquqları itirilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 13 saylı evin 61 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-418/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-418/2022
28.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver